Tanınmış şirkətlərin Azərbaycana marağı artır
Digər xəbərlər

Tanınmış şirkətlərin Azərbaycana marağı artır

Yanvar ayının 16-dan 20-nə kimi İsveçrənin Davos şəhərində 53-cü Dünya İqtisadi Forumu keçirildi. Forumda qlobal məsələlər - iqlim dəyişiklikləri, iqtisadi çağırışlar, ərzaq qıtlığı probleminə qarşı mübarizə kimi mövzular müzakirə edilmişdir. Dövlət başçısı İlham Əliyevin forum çərçivəsində görüşləri, eyni zamanda "Avrasiya Orta dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında qlobal çağırışlara əsaslanan çıxışı maraqla qarşılanmışdır. Budəfəki, Davos görüşləri öz məna və mahiyyətinə görə digərlərindən fərqlənirdi. Dövlət başçımız Forum çərçivəsində bir sıra tanınmış şirkətlərin rəhbərləri ilə görüşlər keçirmiş, qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparmışdır.

Əsası 1971-ci ildə Klaus Şvab tərəfindən qoyulmuş Davos İqtisadi Forumu 1973-cü ilədək əsasən iqtisadi məsələlərin müzakirə olunduğu platforma kimi fəaliyyət göstərmişdir.  1973-cü ildən bəri isə siyasətçilərin də qoşulması ilə Dünya İqtisadi Forumunun mahiyyəti və əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. İldə bir dəfə dövlət və hökumət başçılarının, tanınmış şirkətlərin iştirakı ilə keçirilən Forum qlobal miqyasda siyasi, iqtisadi, ətraf mühit, gender və s. dünyanın gələcək inkişafını müəyyənləşdirən istiqamətlər üzrə sərbəst müzakirələrin aparıldığı ən böyük platformaya çevrilmişdir. Bu il isə Davos Forumunda rekord sayda - 130 ölkədən 2700-ə qədər nümayəndə iştirak etmişdir. 50-dən çox ölkənin dövlət və hökumət başçısı, yüzlərlə nəhəng şirkətlərin rəsmiləri ikitərəfli əlaqələr qurmaq üçün tədbirə qatılmışlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosa hər səfəri vacib görüşlər və müzakirələrlə yadda qalır. Yanvarın 17-də dövlət başçımızın Davosda "Fortesque Future İndustries" şirkətinin sədri Endrü Forest ilə görüşü olub. Görüşdə Azərbaycanın Energetika Nazirliyi ilə "Fortesque Future İndustries" şirkəti arasında ötən ay imzalanan memorandumda ölkəmizdə 12 min meqavat gücündə külək və günəş enerjisinin istehsalına dair layihənin icrasının nəzərdə tutulduğu bildirilib. Eyni zamanda, Buxarestdə "Azərbaycan Respublikası,  Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanmasının da önəmi vurğulanıb. Azərbaycanda istehsal edilən yaşıl enerjinin bu layihə vasitəsilə gələcəkdə Avropa bazarına çatdırılmasının əhəmiyyəti qeyd olunub.

Görüş zamanı, həmçinin Azərbaycanda hidrogen, o cümlədən yaşıl hidrogen istehsalına dair layihənin icrasında da əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər ölkəmizə 22 min meqavatadək külək və günəş enerjisini istehsal etmək imkanı yaradacaq. Sözügedən enerjinin 12 min meqavatlıq hissəsinin istehsalının SOCAR və "Fortesque Future İndustries" şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.  Vurğulanıb ki, Azərbaycan əlverişli investisiya mühitinə  və bərpaolunan zəngin enerji potensialına malik olan ölkədir.

Elə həmin gün ölkə başçımızın digər bir şirkət - "CİSCO" şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşü də baş tutub. Onu da qeyd edək ki, Azərbaycan ilə "CİSCO" şirkəti arasında uzun illərdir  uğurlu əməkdaşlıq edilir. Azərbaycanda bir məktəbdə rəqəmsallaşdırma layihəsini həyata keçirdiklərini deyən Qay Didrix bu layihənin yüzlərlə məktəbi əhatə edəcəyinin planlaşdırıldığını da qeyd edib. Eyni zamanda,  Prezident İlham Əliyev Zəngilan rayonunda "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin uğurla icra olunduğunu qeyd edərək bu işlərin gələcəkdə işğaldan azad edilmiş digər ərazilərdə də həyata keçiriləcəyini bildirib. Azərbaycanda su resurslarından istifadə olunmasında "CİSCO"  şirkətinin texnologiyalarının tətbiqi məsələləri, təhsil və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri də geniş müzakirə edilib. 

Tanınmış beynəlxalq şirkətlərin Azərbaycana cəlb olunmasında əsas məqsədlərdən biri ölkəyə yatırılan sərmayənin həcminin artırılması və xarici investorların Azərbaycana olan etibarının möhkəmləndirilməsi, digər tərəfdən müasir texnologiyaların geniş tətbiqi ilə iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsidir.

Yanvarın 18-də Prezident İlham Əliyev "Carlsberg Group" şirkətinin prezidenti və baş icraçı direktoru Kes t'Hart ilə də görüşüb. Görüşdə "Carlsberg Group" şirkətinin ölkəmizdə fəaliyyətindən söz açılıb, şirkətin Azərbaycanda arpa emalını 100 faiz lokallaşdırdığı, pivə istehsalında istifadə olunan arpanın emalının lokallaşdırılmasının isə yaxın vaxtlarda 100 faizə çatdırılacağı bildirilib.

Keçirilən bütün görüşlərdə beynəlxalq şirkətlərin nümayəndələri, maliyyə qurumlarının rəhbərləri ilə Azərbaycanın əlaqələri geniş şəkildə müzakirə olunub. Bu gün Avropanın enerji təhlükəsizliyini təmin edən əsas dövlətlərdən biri kimi Azərbaycan dünya ölkələrinin diqqət mərkəzindədir. Bir çox beynəlxalq şirkətlər Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Bütün bunlar isə ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirir.

Ramidə YAQUBQIZI,

"Respublika".