Tarixə çevrilən gün
Digər xəbərlər

Tarixə çevrilən gün

Müstəqillik illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə ədliyyə və məhkəmə-hüquq sisteminin inkişafında, müstəqil dövlətimizin hüquqi əsaslarının yaradılmasında müstəsna əhəmiyyət kəsb edən yeni Milli Konstitusiya qəbul olunmuşdur. Bu sahədə islahatların mütəşəkkil qaydada aparılması məqsədilə hüquqi islahat komissiyası yaradılmış, qısa müddət ərzində çox mühüm qanunlar qəbul edilmiş, məhkəmə və hüquq-mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxılmışdır.

Gənc, müstəqil Azərbaycan Respublikasının istənilən sahədəki tərəqqisində uğurlarının təməlində ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır.  

Ulu öndərin ədliyyə sahəsinə göstərdiyi diqqət və qayğının təzahürü olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün ədliyyə işçilərinin peşə bayramı günü müəyyən edilmişdir. Həmin gün tək ədliyyə sıralarında çalışanların deyil,  hər bir Azərbaycan vətəndaşının bayramıdır desək, heç də yanılmarıq. Çünki ədliyyə orqanlarının  fəaliyyəti sahəsində hər bir kəsin hüquq və azadlığı, əmlakı və mülkiyyəti qorunur. Hüquqi dövlətin yaratdığı  hüquq və azadlıqlarının təminatı baxımından ədliyyə orqanları əvəzedilməz rola malikdir.

Şanlı tarixi inkişaf yolu keçmiş Azərbaycan Ədliyyəsi Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu gündə - 1918-ci ilin 28 mayında təsis edilmişdir.

Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş və bununla da Azərbaycan ədliyyəsi tarixində yeni mərhələ başlanmışdır. Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artmış, səlahiyyət dairəsi genişlənmişdir.

Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyə sistemi daha da inkişaf etmiş, onun normativ bazası daha da təkmilləşdirilmişdir. O cümlədən “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında Qanun”, nazirliyin yeni Əsasnaməsi qəbul edilmiş, ona hüquq-mühafizə orqanı statusu verilmişdir. Ədliyyə orqanları inkişaf etmiş, məhkəmə sistemi müasirləşdirilmiş, elektron məhkəmə informasiya sistemi yaradılmış, cəza siyasəti humanistləşdirilmiş və penitensiar müəssisələrin fəaliyyəti təkmilləşdirilmişdir.

Azərbaycan Respublikası Ədliyyə nazirinin “Məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər barədə” 2012-ci il tarixli əmri ilə Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə, Şəki və Şirvan regional bölmələri, 2019-cu il tarixli əmri ilə Lənkəran regional bölməsi yaradılmışdır. Mərkəzin filiallarının yaradılması hüquq-mühafizə orqanlarının işinə, operativliyin təmin olunmasına, vətəndaşların vaxt və zaman itkisinə müsbət təsirini göstərmişdir.

Bu gün Azərbaycan ədliyyəsi həm hüquqi, həm də maddi-texniki bazanın mükəmməlliyinə görə postsovet məkanının ən inkişaf etmiş ədliyyə sistemlərindən  biridir. Ədliyyə Nazirliyi mötəbər beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edir. Böyük Azadlıqlar Xartiyasının 800 illiyinə həsr olunmuş Qlobal Hüquq Sammitində, Beynəlxalq Prokurorlar Assosiasiyasının illik yığıncaqlarında, Avropa Ümumi Hüquq Təşkilatının toplantısında və digər tədbirlərdə Azərbaycan Ədliyyə Nazirliyi fəal iştirak etmişdir. Biz fəxr edirik ki, Qətərin paytaxtı Doha şəhərində keçirilmiş BMT-nin cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 13-cü Konqresində Azərbaycanın Ədliyyə Nazirliyi də fəal təmsil olunmuş, dünyanın 190-dan çox ölkəsindən 3 min yüksək səviyyəli və rəhbər şəxslərin iştirak etdiyi bu mötəbər tədbirdə ədliyyə naziri Fikrət Məmmədov qurumun vitse-prezidentlərindən biri seçilmişdir.

Bundan əlavə, hər zaman beynəlxalq əməkdaşlığa mühüm önəm verən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 140 ölkəni birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir və  respublikamızın ədliyyə naziri qurumun vitse-prezidenti kimi fəaliyyət göstərir.

Mühüm məqamlardan biri də  cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlar çərçivəsində qabaqcıl xarici təcrübələrin öyrənilməsi, beynəlxalq əlaqələrin inkişafına böyük önəm verilərək xarici ölkələrin ədliyyə qurumları ilə səmərəli əməkdaşlığın həyata keçirilməsidir. 2009-cu ildə dövlət başçısı tərəfindən “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın qəbul olunması ədliyyə və məhkəmə sahəsində islahatların gələcək inkişaf perspektivlərini müəyyən etmişdir. Proqram çərçivəsində Azərbaycan ədliyyəsinin dinamik inkişafının təmin olunmasına, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsinə, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılmasına, kadr potensialının, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş kompleks tədbirlər həyata keçirilir.

Ədliyyə işçiləri növbəti peşə bayramlarını bu sahədə ardıcıl nailiyyətlərin və davamlı inkişafın fonunda qeyd edirlər. Eyni zamanda, ədliyyə sisteminin 103-cü ildönümü, Vətən müharibəsində Azərbaycanın böyük qələbəsinə - tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına təsadüf edir.

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktdır ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə də sərkərdənin çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərbi meydanda Müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də böyük strategiya nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

Bu gün artıq bir əsrdən çox yaşı olan Ədliyyə Nazirliyinin əməkdaşları dövlət başçısının ətrafında sıx birləşərək ölkədə qanunvericiliyin daha da zənginləşdirilməsi, məhkəmə-hüquq sistemində şəffaflığın təmin olunması istiqamətində fəaliyyətlərini daha da gücləndirirlər.

Bütün Ədliyyə əməkdaşlarını 22 Noyabr – Ədliyyə İşçilərinin Peşə Bayramı Günü və Vətən müharibəsində tarixi qələbəmiz münasibətilə təbrik edirəm!

Aysel SAQİYEVA,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin

Şirvan regional bölməsinin eksperti.