TARİXİ ABİDƏLƏRİMİZ: 140 yaşlı dəmiryolu vağzalı
Region

TARİXİ ABİDƏLƏRİMİZ: 140 yaşlı dəmiryolu vağzalı

Hacıqabul şəhərində yerləşən bu bina düz 140 ildir necə var, elə də qalır. Binada bir dəfə də olsun əsaslı təmir işi görülməyib.

XIX əsrə aid olan Hacıqabul dəmiryolu vağzalı tarixi abidə kimi qeydə alınıb. Bakı-Tiflis dəmiryolu xətti və vağzal binası 1883-cü ildə istifadəyə verilmişdir. Çar hökuməti həmin yolu Pekinə qədər uzatmaq istəyirdi. Lakin müəyyən səbəblər üzündən bu ideya həyata keçmədi. Məşhur fransız fantastika yazıçısı Jül Vernin "Klodius Bombarnak" romanında Pirsaat, Hacıqabul, Muğan və digər dəmiryol stansiyalarının adı hallanır. Hansı ki, o zaman dəmiryolu ideyası hələ reallaşmamışdı. Xeyli sonralar, Sovet dövründə Türksib dəmiryolu, Baykal-Amur magistralı işə salındı. 

Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalanıb. Həmin dövrdə Hacıqabul ərazisi Şamaxı xanlığının tərkibində olub. Rus işğalından sonra bu ərazi Şamaxı quberniyasının, zəlzələdən sonra isə Bakı quberniyasının Şamaxı qəzasının tərkibinə daxil edilib. Bakı-Tiflis dəmir yolu çəkiləndən sonra (1881-1883) Hacıqabul dəmiryol qovşağı mühüm əhəmiyyət kəsb edib. Həmin dövrün çox gözəl memarlıq abidəsi olan dəmiryol vağzalı, dəmiryol yaşayış binaları, dəmiryoluna aid inzibati binalar, dəmir yol məktəbi, Nobelin neft vurma məntəqəsi (1904) çörək kombinatı, su qüllələri, balıq vətəgəsi və sair inşa edilib.

Hacıqabul dəmiryolu vağzalı 3 mərtəbəli inzibati binadır. Binada 24 otaq, gözləmə zalı, restoran vardır. Əsrin əvvəllərində restorandan çilçıraqlar asılmış, divara çarın gerbi, ikibaşlı qartalın şəkli vurulmuşdu. O zamanlar vağzalda əsgərlər üçün zal, hətta namaz qılmağa namazgah da vardı. Perron tərəfdə vağzalın dəniz səviyyəsindən nə qədər yuxarı olduğunu göstərən lövhə indi də durur. Keçmiş vaxtlar perrona, vağzala biletsiz girmək qadağan idi.

Maraqlı cəhət burasındadır ki, layihəsi Rusiyada hazırlanan bu binanın oxşarı Bakı və Gəncə şəhərlərində də tikilmişdir. Sonralar hər  iki şəhərin görünüşü ilə simmetriya təşkil etmədiyindən binalar sökülüb yerində şəhərlərin ümumi görünüşü ilə səsləşən müasir vağzallar inşa edilmişdir. Yeri gəlmişkən deyək ki, vağzalın yaxınlığında dəmiryolçular üçün yaşayış binası da yerləşir. Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Elza İbrahimova həmin binada dünyaya gəlmiş və uşaqlıq illərini orada keçirmişdir.

Tofiq HÜSEYN,

"Respublika".