TƏRTƏR: VIRUSLA MÜBARIZƏDƏ ZƏRURI TƏDBIRLƏR GÖRÜLÜR
Region

TƏRTƏR: VIRUSLA MÜBARIZƏDƏ ZƏRURI TƏDBIRLƏR GÖRÜLÜR

“Azərbaycan Respublikasında “COVİD-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da əhalinin peyvənd olunması kampaniyası uğurla davam edir.

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi rayon xəstəxanasının həkim heyyəti gündəlik rayon mərkəzi ilə yanaşı kənd yaşayış məntəqələrində də əhalinin vaksinasiyadan keçməsini həyata keçirir. İndiyədək rayon sakinlərinə 57 min 714 doza vaksin vurulub. Birinci doza üzrə vaksinasiya olunanların sayı 34 min 126, ikinci doza üzrə vaksinasiya olunanların sayı isə 23 min 588 nəfərdir. Bu gün Tərtər rayonunun birinci doza üzrə vaksinləşmə səviyyəsi 53 % təşkil edir. Əhali arasında aparılan maarifləndirmə tədbirləri nəticəsini verir, sakinlər özləri vaksin olunmaq üçün rayon mərkəzi xəstəxanasına və yaşayış massivlərindəki tibb məntəqələrinə müraciət edirlər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vaksinasiya prosesinin gedişi ilə tanış olmaq məqsədi ilə rayon mərkəzi xəstəxanasında olub, lazımi tövsiyələrini verib. Vaksin vurdurmaq üçün xəstəxanaya gələn sakinlərin qayğıları ilə maraqlanıb. Vaksinləşmə prosesinə könüllü olaraq qatılan sakinlər onların sağlamlıqlarının qayğısına qaldıqlarına və yaradılan şəraitə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq bildiriblər.

Rayonda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlər görülür, sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri aparılır. Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri çoxmənzilli yaşayış binalarında, ticarət və xidmət obyektlərində, insanların kütləvi toplaşdığı yerlərdə həyata keçirilib.

V.VƏLİYEV,

“Respublika”.