TÜRKPA komissiyasının 8-ci iclasının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Sosial həyat

TÜRKPA komissiyasının 8-ci iclasının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasının iştirakçıları martın 6-da Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini dərin ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə tər güllər qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər müşayiət ediblər.