Gənclər Günü münasibəti ilə görüş
Sosial həyat

Gənclər Günü münasibəti ilə görüş

“2 fevral Gənclər Günü” münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin və Gənclər və İdman Nazirliyinin Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər Gənclər Evində tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə, Heydər Əliyev Mərkəzinin qarşısanda ucaldılmış Heydər Əliyevin abidəsi önünə gül, çiçək dəstələri qoyaraq böyük ehtiramlarını bildirmişlər. “Azərbaycan gəncləri yeni zirvələrə doğru” adlı tədbirdə şəhər icra hakimiyyətinin məsul şəxsləri, YAP şəhər təşkilatının rəhbərliyi və gənc fəalları, Mingəçevir Dövlət Universitetinin, Tibb və Turizm kolleclərinin müəllim və tələbələri, idarə və müəssislərdə çalışan gənclər, mətbuat nümayəndələri iştirak etmişlər. İştirakçılar ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Ötən il Gənclər Paytaxtı seçilən Mingəçevirdə həyata keçirilən tədbirlərlə bağlı videoçarx nümayiş olunmuşdur.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan əhatəli danışaraq bildirmişdir ki, ötən əsrin 90-cı illərində iflic vəziyyətinə düşmüş Azərbaycanda baş verən anarxiyanın qarşısının alınması üçün xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər siyasətinin həyata keçirilməsinin başlanğıcı məhz həmin illərə təsadüf edir. Ulu öndərin sərəncamı ilə Gənclər gününün təsis edilməsi gənclərə göstərilən xüsusi diqqətin bariz nümunəsidir. Bu gün ölkəmizin bir sıra idarə, müəssisə və təşkilatlarında, təhsil sektorunda gənclər yüksək vəzifələr tutaraq layiqincə xidmət göstərirlər. Gənclərimizin vətənpərvərlik tərbiyəsinin nəticəsidir ki, 44 günlük Vətən müharibəsində döyüşlərə qatılan gənclərimiz rəşadətlər göstərmiş, vətən torpaqlarının düşmən tapdağından azad olunmasında, böyük Zəfərin əldə edilməsində qəhrəmanlıq nümunəsi göstərmişlər. Çıxış edən Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Gənclər Evinin müdiri Tural Kərimli, MDU-nun dekanı Nizami Zeynalov, İşıqlı Gələcək gənclər birliyinin sədri Samrin Xanlayev, Asan Xidmət Sosial Xidmət müəssisəsinin direktor müavini Elşən Əliyev, baş məsləhətçi Aysel Aslanova gənclərə göstərilən diqqət və qayğıdan, 2015-2025-ci illərə dair Azərbaycan gənclərinin inkişaf strategiyasından söz açmışlar. Bir qrup gənc şəhər İcra hakimiyyətinin “Fərxi Fərman” ları, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin və Gənclər Evinin “Təşəkkürnamə” si ilə təltif edilmişdir.

Zabit XƏLİLOV,

“Respublika”.