VƏTƏN MÜHARİBƏSİ QAZİLƏRİ QAYĞI İLƏ ƏHATƏ OLUNUBLAR
Region

VƏTƏN MÜHARİBƏSİ QAZİLƏRİ QAYĞI İLƏ ƏHATƏ OLUNUBLAR

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyini dünyaya göstərdi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın danışıqlar yolu ilə azad edilməməsi, düşmənin hiylələri, havadarlarının ermənipərəst mövqeyi xalqımızın səbrini tükəndirmişdi. Üstəgəl, atəşkəs əldə olunmasına baxmayaraq, düşmənin hərbçiləri durmadan sərhəd bölgələrimizi atəşə tutur, dinc insanları, uşaqları, yaşlıları qətlə yetirirdilər. Dünya birliyi isə bu hadisələrə biganə yanaşırdı. Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, ərazi bütövlüyünün təmin olunması çağırışları cavabsız qalırdı.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlətçiliyimizin qorunması naminə Azərbaycan Ordusunun formalaşmasına, bazasının genişləndirilməsinə göstərdiyi xüsusi diqqət Vətən müharibəsində Azərbaycanın qələbəsini təmin etdi. 44 gün davam edən Vətən müharibəsinə könüllü gedən vətən övladları dünyaya qəhrəmanlıq nümayiş etdirdilər. Bu gün yurdumuzun ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur. Qazilərimizə göstərilən dövlət qayğısı, onların müalicəsinin təmin edilməsinə xüsusi önəm verilir.

Vətən müharibəsində iştirak edərək şücaətlər göstərən, cənab Prezidentin müvafiq sərəncamları ilə medallarla təltif olunan mingəçevirli Muradov Orxan Fazil oğlu da gərgin döyüşlərdə ayağından qəlpə yarası almışdır. Zəfərlə başa çatan müharibədən keçən iki il ərzində o Azərbaycanın bir çox xəstəxanalarında, eyni zamanda Türkiyədə hospitalda keyfiyyətli müalicə almasına baxmayaraq, onun ayağındakı qəlpələr sonradan fəsadlar göstərməyə başlamışdır. Belə ki, son zamanlarda gənc qazi Orxanın səhhətində problem çoxalmışdır ki, bu da onun sol ayağında ambutasiya prosesini qaçılmaz etmişdir.

Vətən müharibəsi qazisi Muradov Orxan Fazil oğlunun evinə gedən, qəhrəman döyüşçünü ziyarət edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev, Şəhər Mərkəzi Xəstəxanasının direktoru Faiq Abdullayev, Vətən müharibəsi qazisi Pərviz Məmmədov başqaları qaziyə sağlamlıq arzulamışlar.

Şəhər rəhbəri Orxanın müalicəsi üçün bundan sonra da lazım olan bütün köməkliklərin göstəriləcəyini bəyan edərək, ailəsinin problemləri ilə yaxından maraqlanmışdır. Qeyd edək ki, Orxan Muradovun müalicəsi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında davam etdiriləcəkdir.

Zabit XƏLİLOV,

"Respublika".