Şəhid xatirəsinə ehtiram
Region

Şəhid xatirəsinə ehtiram

İgid oğullarımız İkinci Qarabağ savaşında ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edib xalqımıza əbədi qürur miras qoydular. 44 günün içində bu, şanlı zəfərin qazanılmasında minlərlə Vətən sevdalıların içində dağlar diyarı Lerikin qartal balası, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş kapitanı Əbülfəz Rəhmətovun öz yeri vardır. Millətin qəlbində yaşamaqla indi adı Vətənlə birgə çəkilir. Lerik camaatı da öz qəhrəman oğlunu unutmur. Bu günlər ona olan əbədi sevgilərini onun doğum günündə xatirəsini anmaqla bildirdilər.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəlimmədova, Yeni Azərbaycan Partiyasının Lerik Rayon Təşkilatının əməkdaşı Elman Rəcəbov, Lerik Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin nümayəndəsi, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, şəhidin ailə üzvləri, kənd sakinləri şəhidimizin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzdülər.

Onu da bildirək ki, şəhidimiz Əbülfəz Rəhmətov 1989-cu ildə Lerik rayonunun Anbu kəndində dünyaya göz açıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı və motoatıcı taborun qərargah rəisi kimi iştirak edib. Cəbrayılın, Qubadlının azadlığı uğrunda gedən qızğın döyüşlərdə böyük şücaət göstərib. Ürəyi həmişə Vətən eşqi ilə döyünən Əbülfəz 16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıbdır.

Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb.

Bəli, müqəddəs şəhidlik zirvəsinə ucalan Əbülfəz bütün xalqın oğludur. Qərinələr keçəcək, qanı bahasına yazdığı tarix gələcək nəsillərə örnək olacaqdır.

Z.ORUCOĞLU.