“Biz bir-birimizi qəlbimizlə hiss edirik və anlayırıq”
Siyasət

“Biz bir-birimizi qəlbimizlə hiss edirik və anlayırıq”

Azərbaycan və Qırğızıstan arasındakı dostluğun tarixi uzundur və ənənəvi münasibətlərə əsaslanır.

İki ölkənin xalqları ortaq mədəniyyətə malikdirlər və onlar arasında mədəni əlaqələr inkişaf edir. Hələ 2000-ci il aprelin 9-da "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubiley mərasimində Qırğız Respublikasının o vaxtkı prezidenti Əsgər Akayev, 2000-ci ilin payızında Qırğızıstanın Oş şəhərinin 3000 illiyi tədbirlərində isə Azərbaycan nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. "Biz bir-birimizi qəlbimizlə hiss edirik və anlayırıq". Ulu öndər Qırğızıstan ilə aramızdakı birliyi, dostluğu və qardaşlığı bu müdrik sözlərlə ifadə edib.

Azərbaycanla Qırğızıstan çox vacib tərəfdaşdır və bu mədəniyyət, təhsil, elm, turizm, idman və digər bir çox sahələrdə özünü göstərir. Bunun bariz nümunəsi olaraq Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və dahi Azərbaycan şairi Nizami Gəncəvinin adına iki ümumtəhsil məktəbi açılıb. Eyni zamanda Azərbaycana böyük məhəbbətin nümunəsi olaraq Qırğızıstan-Azərbaycan parkı da istifadəyə verilib.

Qırğızıstan keçmiş Qarabağ münaqişəsində də Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyib və münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışıb. 1994-cü ilin may ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında  atəşkəs haqqında müqavilə də məhz Qırğızıstanın paytaxtı Bişkek şəhərində imzalanıb. Bundan sonrakı illərdə də Qırğızıstan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasına töhfə verməkdə maraqlı olduğunu göstərir.

İki ölkənin liderləri qarşılıqlı səfərlər təşkil etmiş, bu da əlaqələrin inkişafına böyük töhfə vermişdir. Prezident Sadır Japarovun ölkəmizə səfərləri olub. Həmin dövlət səfərlərindən biri də cari il aprelin 24-də baş tutmuşdur. Səfər çərçivəsində ölkə başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli qarşılıqlı fəaliyyətin qurulması perspektivlərini müzakirə ediblər. Eyni zamanda prezidentlər qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıda ucaldılan abidəsinin açılış mərasimində də iştirak etdilər. Onlar həmçinin Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən şəhərlərindən biri olan Ağdamda da oldular. Qeyd edək ki, Qırğızıstanın vəsaiti hesabına Ağdam rayonunun Xıdırlı kəndində orta məktəb binası tikiləcək. Bu da iki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətlərinin yüksələn xətlə inkişafının sübutudur.

Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini genişləndirir. Sözsüz ki, hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir.

Röya RÜSTƏMLİ,

"Respublika".