Xüsusi təyinatlıların şəhid  kapitanı                
Sosial həyat

Xüsusi təyinatlıların şəhid  kapitanı                

Şəhidlik məqamına ucalan  ölməz oğullarımız dünya var  olduqca qürur və böyük ehtiramla xatırlanacaq, müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayacaq. Azərbaycanın ərazi bütövlüyünün  təmin olunması, müqəddəs  torpaqlarımızın düşmən   işğalından azad edilməsi, Vətən  müharibəsində qəhrəmancasına   döyüşərək xalqımıza Zəfər sevinci yaşadan mərd igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Şirinovdur. O,  sentyabrın 29-da Füzuli istiqamətində gedən gərgin döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. 

Kamil 1991-ci il aprelin 9-da Salyan rayonunun Çuxarlı kəndində hərbçi ailəsində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsində atası torpaqlarımızın azadlığı uğrunda vuruşmaq üçün Rusiyadan Azərbaycana qayıdıb.  Kamil 2006-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunub və 2009-cu ildə oranı bitirib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2013-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. Qrup komandiri idi, Aprel döyüşlərində də iştirak etmiş cəsur döyüşçü Prezident tərəfindən “Fərqlənmə medalı” ilə mükafatlandırılıb. Türkiyədə və digər ölkələrdə təlimlərdə iştirak edib. Erməni, rus və ingilis dillərini bilirdi. 

Döyüşlərdən bir müddət əvvəl dedi ki, “müharibə ola bilər, şəhid və ya qazi olaram, hazırlıqlı ol, istəmərəm kiminsə yanında ağlayasan” – deyir şəhidin xanımı Zəhra Şirinova. Gözüm doldu, bildirdim ki, bu mümkün deyil, o, hara getsə, qayıdacaq. Müharibənin başlamasından bir gün əvvəl çox sakit idi. Uşaqlarla oynadı, hətta anamı bizə gətirdi ki, tək qalmayım. Mənə həmişəki kimi təlimə gedəcəyini bildirdi. Sentyabrın 26-sı səhər saat 6-da onu yola saldım. Ancaq növbəti gün telefonla danışanda artıq müharibənin başladığını eşitdim. Çox pozitiv idi. Yaxşı olduğunu, ondan narahat qalmamağımı xahiş etdi.

Kamilin Füzuli istiqamətində düşmən səddinin yarılmasında böyük rolu olub. Qaraxanbəyli kəndində döyüşlərin qızğın çağında boynundan snayper gülləsi ilə vurulub. Çox irəli gedirmiş, sanki tələsirmiş. Döyüş yoldaşı onun yaxınlığında yaralanıb. Kamil səngərdə ona iynə vurub və narahat olmamağını, həyatını xilas edəcəyini bildirib. Bundan sonra yaralı yoldaşı huşunu itirib. Özünə gələndə görüb ki, Kamili də vurublar, onun yanına yıxılıb, baş gizir Camal İsmayılovun qucağında can verib.

Kamil Şirinov kapitan rütbəsini Silahlı Qüvvələr günü almışdı. İstər hərbi, istərsə də mülki həyatı ilə bağlı böyük arzuları var idi: "Futbolu çox sevirdi. Özünün də futbol komandası var idi. Həmişə hərbçi yoldaşlarını yığıb oyunlar təşkil edirdi. Böyük oğlumuzun futbolçu olmağını arzulayırdı. Türkiyənin “Qalatasaray” klubuna azarkeşlik edirdi.

Həmişə vətənpərvər musiqilərə, daha çox “Ana, mən şəhid oldum” mahnısına qulaq asırdı. Deyirdi, bu mahnı məni harasa aparır. Azərbaycanın qeyrətli oğlanları kimi Ermənistanın işğalçılığını qəbul etmirdi. Aprel döyüşlərində şəhid olan dostlarına görə gizlində ağladığını görmüşəm. Torpaqların azadlığı uğrunda qanı və canı bahasına döyüşməyi çox arzulayırdı. Bilirdim ki, ya şəhid olacaq, ya da qazi kimi müharibədən qayıdacaq. Geri çəkilən deyildi. Özündən sonra iki oğul övladı yadigar qalıb. Bu gün də elə bilirəm ki, Kamil nə zamansa qayıdacaq. Şəhid olandan bir neçə gün sonra yuxuma gəlib, dedi ki, “Zəhra, mən ölməmişəm, qayıdacağam, gizli tapşırığa getmişəm. Bir neçə vaxtdan sonra evimizə geri dönəcəyəm”. Mən 8-9 ay bu yuxu ilə yaşadım və xəyal qurdum ki, o həqiqətən qayıdacaq. Doğrudur, bu, özünü aldatma idi. Amma bəzən insanın yaşaması üçün belə aldatma da güc verir. Şəhidliyinin ilk günündən o mənə başucalığı gətirib. Canından keçib, torpağı azad edibsə, bu sadəcə qürur, başucalığı verir. Fəxr hissinin yaşatdığı duyğu məni həmişə ayaqda saxlayacaq. Uşaqlarım bir az böyüyəndən sonra onun döyüş yoldaşları ilə birgə gedib şəhid olduğu yerdə qayınanamla namaz qılacağıq.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi  və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kamil Şirinov ölümündən sonra “Qarabağ" ordeni, “Vətən Uğrunda” və “Füzulinin azad edilməsinə görə” medalları  ilə təltif edilib.

Əli SADIQOV,

“Respublika”.