102-ci bazaya hücumu kim reallaşdırıb?
Siyasət

102-ci bazaya hücumu kim reallaşdırıb?

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasına hücum olub. Bu barədə rusiyalı hərbi müxbir Semyon Peqov sosial şəbəkə hesabında paylaşım edib. O, hadisə ilə bağlı təfərrüatlı məlumat verməyib. Amma ümumilikdə belə bir hadisə gözlənilən idi. Çünki Ermənistan baş naziri Nikol Paşinyanın siyasətində Rusiyanın hərbi bazalarını Ermənistandan çıxarmaq, həmçinin ölkəsini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşdırmaq meylləri özünü göstərir. Uzun müddətdir KTMT- yə qarşı çıxışlar edən baş nazir, təşkilatın bu ay baş tutacaq “Qaya-2023” təlimlərində iştirakdan imtina edib. Görünən odur ki, indi də hərbi bazalarla bağlı tədbir görməyə başlayıb. Bu planın davamı olaraq növbəti mərhələdə Ermənistanda Rusiya əleyhinə mitinqlərin keçirilməsi, hətta hərbi bazaların çıxarılması istiqamətində petisiyanın da hazırlanması istisna edilmir. Rusiya sülhməramlılarının Qarabağdakı heyətinə qarşı da ermənilərin yeni, çoxşaxəli diversiya və təxribat fəaliyyətləri olacağı düşünülür. Bu gedişatın sonu isə sözsüz ki, Ermənistanla Rusiya arasında münasibətlərin daha da kəskinləşməsi, siyasi böhranın baş qaldırmasıdır. 

Təbii ki, Nikol Paşinyanın yürütdüyü bu siyasət nəzərə alınanda, 102-ci hərbi bazaya edilən hücuma görə ilk növbədə Ermənistanın məsuliyyət daşıdığı düşünülür.

Amma "Respublika"ya açıqlama verən siyasi şərhçi Əli Zülfüqaroğlu deyir ki, burada bir neçə fərqli ssenari də mümkün ola bilər: “Ermənistan vasitəsilə Cənubi Qafqazda güclənmək istəyən bir neçə aktor var. Bu baxımdan, Gümrüdəki insidentə iki istiqamətdən yanaşmaq olar. Birinci istiqamət ondan ibarətdir ki, hadisəni Qərb törədib. Qərbin Rusiyaya verdiyi mesaj ondan ibarətdir ki, Rusiya qlobal cəbhələşmələrdə heç bir yerdə rahat fəaliyyət göstərə bilməyəcək. Digər bir məsələ isə, hücumu Rusiya özü təşkil edib. Rusiya bu bəhanədən istifadə edərək Ermənistana yeni hərbi birləşmələrin daxil edilməsi ilə bağlı qərar verə bilər. Aydın görünür ki, bir tərəfdən Fransanın diktəsilə hərəkət edən Ermənistan Rusiya ilə bağlı siyasətində də ehtiyatlı davranır, yəni bir növ Fransa-Moskva arasında manevr etməklə məşğuldur. Amma Paşinyan Administrasiyasının bu qətiyyətsiz siyasəti ilk növbədə Ermənistanın özünə çox ciddi zərbə vura, rəsmi İrəvan qlobal güclərin qarşıdurma mərkəzinə, bir-birilərini sınaqdan keçirdikləri poliqona çevirə bilər”. 

Jalə QASIMZADƏ, 

“Respublika”.