140 yaşlı İrəvan Teatrı
Mədəniyyət

140 yaşlı İrəvan Teatrı

İrəvan Dövlət Azərbaycan Dram Teatrının ötən il 140 illik yubileyi qeyd olunub. Prezident İlham Əliyev 14 iyul 2022-ci il tarixində bu əlamətdar yubileylə bağlı sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək Mədəniyyət Nazirliyi silsilə tədbirlər təşkil edib, teatr binası təmir olunmağa başlayıb. 140 yaşlı İrəvan Dövlət Azərbaycan Dram Teatrı Qərbi azərbaycanlıların milli kimliyinin əsas elementlərindəndir.

Xatırlatmaq lazımdır ki, azərbaycanlıların tarixən köklü yaşadığı mühüm elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi tanınan İrəvan mahalında 1882-ci ildən etibarən fəaliyyətə başlayan teatr sonrakı dövr ərzində özünün zəngin repertuarında milli ədəbi-bədii fikrin nailiyyətlərinə daim xüsusi yer verərək tamaşaçıların rəğbətini qazanıb və mədəniyyət salnaməmizə yaddaqalan səhifələr yazıb. Azərbaycanın görkəmli səhnə ustalarından bir çoxunun yaradıcılıq taleyi peşəkar milli teatrımızın ayrılmaz tərkib hissəsinə çevrilən bu qocaman sənət ocağı ilə sıx bağlıdır. Cənab Prezidentin imzaladığı Sərəncamdan irəli gələrək görülən işlər barədə Mədəniyyət Nazirliyinin rəsmisi Oleq Əmirbəyov, teatrın rəhbəri İftixar Piriyev və aktrisa Səmayə İsmayılova ilə söhbət etdik.

Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov bildirdi ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi münasibətilə tədbirlər planı üzrə işlər davam etdirilir: "Bildiyiniz kimi, 2022-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi tamam oldu. Bu teatr azərbaycanlıların tarixən köklü yaşadığı elm-maarif, mədəniyyət mərkəzlərindən hesab edilən İrəvan mahalında 1882-ci ildən etibarən fəaliyyətə başlayıb. Cənab Prezident İlham Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdı. Bu Sərəncamın birinci bəndində Mədəniyyət Nazirliyinə İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək həvalə olunmuşdu. Hazırda bu tədbirlər planı üzərində iş aparılır. Hətta teatr sektorumuz Qərbi Azərbaycan İcması ilə əlaqə yaradıb və icma üzvlərinin fikirlərini, təkliflərini də qeydə alıb. Qeyd olunanları nəzərə alaraq deyə bilərəm ki, Mədəniyyət Nazirliyi bütün tədbirləri reallaşdıracaq. Teatr binasının rəsmi açılışının təşkil edilməsi  istiqamətində də işlər davam etdirilir. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra teatr öz binasında fəaliyyətini davam etdirəcək".

İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri İftixar Piriyev dedi ki, cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təmir olunan teatr binası Binəqədi rayon M.Rəsulzadə qəsəbəsi H.Ağamalıyev küçəsi 5 ünvanında yerləşir:

"Hazırda binanın təmiri natamam vəziyyətdədir. Teatr binasının rəsmi açılışının nə zaman olacağı ilə bağlı dəqiq məlumatımız yoxdur. Binada bəzi çatışmazlıqlar olduğu üçün hazırda açılışa hazır deyil. Möhtərəm Pezidentimiz İrəvan teatrına böyük diqqət və qayğı göstərir. Dövlət başçısı İlham Əliyev 2007-ci ildə də teatrımızın fəaliyyətinə və hazırkı dinamikasına böyük dəyər verərək, 125 illiyinin dövlət səviyyəsində keçirilməsi üçün sərəncam imzaladı və yubiley tədbirləri təntənəli şəkildə həm Azərbaycanda, həm də Türkiyə Cümhuriyyətinin ən böyük şəhərlərində qeyd olundu. Kollektivimizin bir qrup üzvü fəxri adlarla təltif olunub. Hazırda Prezident Sərəncamı ilə 140 illik yubileyimizin təntənəli şəkildə keçirilməsinə hazırlıq işləri gedir. Təmir işləri aparılan binamızın təntənəli açılış mərasimi gözlənilir".

İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Səmayə İsmayılova isə teatr binasının təmir olunması ilə bağlı sevincinin həddi-hüdudunun olmadığını bildirib:

"Mən cənab Prezident İlham Əliyevə İrəvan teatrını diqqətdə saxladığına görə dərin təşəkkürümü bildirirəm. Allah Ümummilli Lider Heydər Əliyevə də qəni-qəni rəhmət eləsin. Onun hakimiyyətə gəlişindən əvvəl İrəvan teatrının bağlanma ehtimalı var idi. Lakin Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bizim teatrımızı qorumaq üçün əlindən gələni etdi. Daha sonra cənab Prezident İlham Əliyev bu ənənəni davam etdirdi. Ölkə başçısının Qərbi Azərbaycana qayıdışın reallaşacağı ilə bağlı fikirləri məndə böyük ümid yaradıb. Hələ ki, binanın təmiri bitməyib, amma ona kənardan baxanda elə bilirəm dünyaları mənə verirlər. Mən 1977-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrının əməkdaşıyam. Bu müddət ərzində hələ bu qədər sevinməmişdim. İrəvan Dövlət Azərbaycan Teatrı ölkəmizin ən qədim milli mədəniyyət ocağıdır. Mənim ən böyük arzumdur ki, bu teatr öz yurdunda - İrəvanda yenidən fəaliyyət göstərsin. Allah da bizlərə nəsib eləsin ki, tamaşalarımızı İrəvanın özündə oynayaq. Qeyd etməliyəm ki, bu teatrın ayaqda qalmasında İftixar Piriyev, Hidayət Orucov, Vidadi Əliyev, Elmira İsmayılovanın da rolu danılmazdır. İftixar Piriyev İrəvan teatrını dünya miqyasında tanıdır. Aktyor və aktrisalarımız müxtəlif ölkələrdə qastrol səfərlərində iştirak edir".

Nuranə DAXİLQIZI,

"Respublika".