Mədəni irsimiz qorunur
Mədəniyyət

Mədəni irsimiz qorunur

Qədim dəyərlərin qorunması üçün təsis edilən 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə qəbul olunub. Əsas məqsəd isə insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Odlar yurdu Azərbaycan dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdəndir. Arxeoloji qazıntıların nəticəsində Azərbaycanda yaşamış insanların keçdikləri keşməkeşli və şərəfli yollar qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapıb. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda qayğı ilə qorunur. "İçərişəhər" memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasına daxil edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, "İçərişəhər" Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, "Qala" Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli, "Nardaran" Tarix-Mədəniyyət Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, "Atəşgah məbədi" Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınıb. Son illər ərazidə 1500-dən çox yeni abidə aşkar edilib.

Respublikamızın bütün bölgələrində yaşı əsrləri və minillikləri əhatə edən abidələr, tarixi əsərlər mövcuddur. Hər biri xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz tellərdir. Sərhədlərimiz daxilində aşkar edilmiş ən qədim tapıntılardan biri də məhz Azıx mağarasında aşkar edilmiş və azıxantrop adlandırılan qədim insanın alt çənə sümüyüdür. Bu tapıntı ölkəmizin dünyada ən qədim ibtidai insan məskənlərindən biri olduğunu sübut edir. Bundan başqa, Qobustandakı qədim yaşayış məskənləri, qayaüstü rəsmlər də buna dəlalət verir. Bu rəsmlərdə insan, heyvan şəkilləri, ov və rəqs səhnələri əsrarəngiz şəkildə təsvir olunub. Buradakı qalıqlar mezolit dövrünün yadigarıdır.

Bölgələrimizdəki tarixi yerlər öz gözəlliklərilə turistləri cəlb edir. Şəhərsalma mədəniyyətinin yüksək inkişafının göstəricisi olan və Qəbələ şəhərini əhatə edən möhkəm qala divarları, saxsı borularla çəkilmiş su kəməri, Dəmirqapı keçidində daşdan tikilmiş müdafiə sistemi, Çıraqqala, Ləkit kəndindəki dairəvi xristian məbədi və digər yerlər hər kəsin diqqət mərkəzindədir. Orta əsrlər dövrünə aid Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindən hesab edilir.

30 il müddətində doğma torpaqlarımızda hegemonluq edilib, ərazilərimiz talanıb. Nəticə etibarilə tarixi diyarlarımız məhv edilib, abidələr, dini evlər dağıdılıb və ya tövlə halına gətirilib. Şuşa şəhərində yerləşən və XVIII əsrdə tikilmiş Şuşa məscidi, Ağdamda olan XIX əsrdə tikilmiş Ağdam məscidi, Xocalıdakı İbrahimli məscidi, Füzulidəki Təzəkənd kəndindəki Xudafərin məscidi erməni separatçıları tərəfindən darmadağın edilib. Lakin təkcə məscidlər yox, həm də tarixi abidələr, məktəblər, muzeylər və Azərbaycanın tarixi-mədəni irsinə məxsus bütün məkanlar dağıdılıb.

Laçın rayonundakı Kərkicahan qalası, Xocalı rayonunun Mərcanlı kəndindəki Cümə Məscidi, Şuşa şəhərindəki İmamzadə türbəsi erməni separatçıları tərəfindən məhv edilib. Həmçinin 2645 tarixi və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq, 747 arxeoloji, 64 bağ-park, monumental və xatirə abidəsi, 23 muzey, 102 757 muzey eksponatı, 4 dövlət rəsm qalereyası, 376 rəsm əsəri, 4,6 milyon ədəd kitab, 13 arxiv, 260 min arxivləşdirilmiş sənəd, 50 mindən çox vətəndaşın şəxsi kolleksiyasına aid, tarixi əhəmiyyətli ov və məişət əşyaları dağıdılıb, məhv edilib və ya mənimsənilib. Hazırda dövlətimiz dağıdılmış dini məbədlərin yenidən tarixi bərpasına nail olur. Azərbaycan üçün ərazisindəki hər bir abidə, bina, daş belə dəyərlidir. Bu təkcə sözdə belə deyil. Artıq 4-cü ildir ki, işğaldan azad edilən bölgələrimizdə quruculuq işləri aparılır. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Ölkəmizin daşı-torpağı onun ən böyük sərvətidir.

Töhfə SƏMƏDOVA,

"Respublika".