Azərbaycan ilə Türkiyə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq genişləndirilir
Digər xəbərlər

Azərbaycan ilə Türkiyə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq genişləndirilir

Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə dövlətlərimizin başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Şuşa görüşünün tarixi əhəmiyyəti qeyd edilib və iki dövlət arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı olan Şuşa Bəyannaməsinin imzalanmasının önəmi vurğulanıb. 

Söhbət zamanı Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının protokolunun gənclər və idman sahəsinə aid bəndlərinin icrasının sürətləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Münasibətlərin daha da dərinləşdirilməsi üçün Azərbaycan ilə Türkiyə arasında birgə gənclər forumları, gənclər düşərgələri və mübadilə proqramlarının keçirilməsi, Gənclər evləri və mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, daimi olaraq qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması, müxtəlif istiqamətlərdə nümayəndə heyətləri formatında səfərlərin təşkili və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, yaxın günlərdə Azərbaycan ilə Türkiyə arasında gənclər və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə İşçi Qrupun yaradılması və ilk iclasının keçirilməsi nəzərdə tutulub.

AZƏRTAC