Türk xalqlarının mədəniyyət abidəsi
Mədəniyyət

Türk xalqlarının mədəniyyət abidəsi

2000-ci il aprelin 9-da ulu öndər Heydər Əliyev "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış edib

"Azərbaycan xalqının, bütün türk xalqlarının tarixi abidəsi, elm abidəsi, fəlsəfə abidəsi olan "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyini qeyd etmək, deyə bilərəm ki, Azərbaycanın çoxəsrlik tarixində indiyə qədər bizim qeyd etdiyimiz bayramların, yubileylərin hamısından üstündür. Biz bundan nəyə nail olduq? Son üç il müddətində Azərbaycanda indiyə qədər heç vaxt olmadığı kimi, "Kitabi-Dədə Qorqud"un tədqiqinə, təhlilinə, onun mənasının məzmununun dərindən öyrənilməsinə, böyük əsərlərin yaranmasına ən əsası isə "Kitabi-Dədə Qorqud"un bizim xalqımıza - Azərbaycan xalqına yenidən qayıtmasına nail olduq...".

Bu fikirləri ümummilli lider Heydər Əliyev "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi münasibətilə təşkil olunmuş tədbirdə bildirib. Görkəmli dövlət xadimi Heydər Əliyev elm mədəniyyətin inkişafı istiqamətində sistemli, ardıcıl, gələcəyə hesablanmış işlər görüb. Xalqımızın özünü dərk etməsində, milli köklərə daha möhkəm bağlanmasında folklorun əvəzsiz rolunu nəzərə alan ulu öndər "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyinin keçirilməsi haqqında tarixi fərman imzalamış məhz bu fərmandan sonra bu sənət abidəsinin yaranma dövrü haqda yenidən elmi araşdırma aparılması istiqamətində işlərə başlanılmışdır.

Çıxışlarında bu dastanın VII əsrdə yaranmasını xüsusi olaraq diqqətə çatdıran, bu eposun Azərbaycan xalqı ilə yanaşı, digər türk xalqlarının da ədəbi abidəsi olduğunu qeyd edən Heydər Əliyev epos milli dövlətçilik məsələsi üzərində daha ətraflı dayanmağı vacib saymışdır. Siyasi müstəqillik, Oğuz elinin başqa dövlətlərdən asılı olmaması ideyasının "Kitabi-Dədə Qorqud"da qabarıq ifadə edilməsinə əsaslanan Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunub saxlanması daha da möhkəmləndirilməsi işində bu eposun mühüm əhəmiyyət daşımasını xüsusi olaraq vurğulamışdır. "Kitabi-Dədə Qorqud" haqqında çıxışlarında ulu öndər "əxlaq kodeksimiz", "milli estetikamızın mötəbər qaynağı", "tariximizin, etnik yaddaşımızın, arxaik təfəkkürümüzün güzgüsü", "nitqimizin, dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi" adlandırdığı bu dastanın açılmayan səhifələrinin, öyrənilməyən məsələlərin olduğuna diqqəti yönəltmiş, bu dastanla bağlı gələcək araşdırmalara yol açmışdır.

Heydər Əliyevin "ana kitabımız" adlandırdığı "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsi müstəqil Azərbaycanın ilk nəhəng elmi-mədəni tədbirlərindən biri kimi folklorşünaslığımızın inkişafında mühüm əhəmiyyət daşımışdır. Belə ki, 1999-2000-ci illərdə qorqudşünaslıq sahəsində yeni-yeni tədqiqatlar aparılmış, AMEA "Folklor sarayı" Elmi-Mədəni Mərkəzində (indiki Folklor İnstitutunda), Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli alimlərin rəhbərlik etdiyi "Qorqudşünaslıq" şöbələri ya elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başlamış, yubiley tədbirləri çərçivəsində "bütün türk xalqlarının tarixi mədəniyyəti üçün mötəbər bir qaynaq rolu oynayacaq ikicildlik möhtəşəm "Kitabi-Dədə Qorqud" ensiklopediyası çap olunmuş, eposla bağlı neçə-neçə monoqrafiya işıq üzü görmüşdür.

"Kitabi-Dədə Qorqud"da dövlətçilik düşüncəsinin qabarıq əks olunmasına əsaslanan Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunub saxlanması daha da möhkəmləndirilməsi işində bu eposun mühüm əhəmiyyət daşımasını xüsusi vurğulayırdı: "Müstəqilliyə nail olmaq həyatın bir çox sahələrində köklü dəyişikliklər etmək çox çətin məsul bir prosesdir. Müstəqilliyi elan etmək, onun möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək qədər vacibdirsə, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan xüsusən gənc nəsil müstəqilliyin qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin. Bunun üçün isə o, azərbaycançılığın, mənsub olduğu xalqın mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin olduğunu dərindən bilməlidir. Bu, çox mühüm məsələdir. Məhz bu baxımdan, "Kitabi-Dədə Qorqud" ensiklopediyası, ilk növbədə gənc nəslə ünvanlanan bir kitabdır".

Bəlkə elə bu məziyyətlərinə görə, Sovet dövründə "Kitabi-Dədə Qorqud" siyasi rejim tərəfindən yasaq edilmişdi. Türk xalqlarının özünüdərk prosesinə mane olmaq xətti tutan sovet siyasi rejimi bu xalqların mədəni birliyinə mühüm zəmin ola biləcək "Kitabi-Dədə Qorqud" kimi ədəbi abidələrə "mürtəce əsər" damğası vurur, "pantürkizm" adı altında həmin abidələrin tədqiq təbliğinə qadağa qoyulurdu. O dövrdə elə bir iclas, qurultay, konfrans olmurdu ki, orada "Dədə Qorqud" tənqid olunmasın.

Məhz həmin dövrdə ulu öndər Heydər Əliyev "Kitabi-Dədə Qorqud"un tədqiq təbliğinə bəzən açıq, bəzən gizli şəkildə qayğı göstərir, onun hərtərəfli öyrənilməsinə şərait yaradırdı: "Kitabi-Dədə Qorqud"un tədqiqi, təbliği ilə məşğul olmuş... alimlərimizə, yazıçılarımıza, bütün vətəndaşlarımıza təşəkkür edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, onlar... öz elmi işlərini bundan sonra da davam etdirəcəklər", - deyən ulu öndərin istək arzularına uyğun olaraq, "Kitabi-Dədə Qorqud"un yeni-yeni sirlərinin açılması istiqamətində araşdırmalar davam etdi, dövlət səviyyəsində atılan addımlar, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə "Kitabi-Dədə Qorqud"un elm aləminə məlum olmasının, ilk tərcümə nəşr edilməsinin 200 illiyi ilə bağlı olaraq imzaladığı Sərəncam bu eposa yenidən qayıtmaq onu dünyaya tanıtmaqda müstəsna rol oynadı.

Prezident İlham Əliyev demişdir: "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, Azərbaycan xalqının tarixi keçmişi, Oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri, Azərbaycan toponimləri əks olunmuşdur. Dastan dilimizin qədim incəliklərini, tarixi hadisələri şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir".

                                        Zümrüd QURBANQIZI,

                                                   "Respublika".