Sağlam həyat
Maraqlı

Sağlam həyat

Stressdən ağaran saçların yenidən orijinal rənginə dönməsi mümkündür

Əfsanəyə görə Marie Antoinettenin saçları edam edilmədən bir gün qabaq ağarıbmış. Yəqin ki bu, onun boynunun vurulacağına görə stress səbəbindən baş veribmiş. Elm adamları indiyədək bunun elmi cəhətdən tamamilə mümkünsüz olduğunu söyləyirdilər. Lakin indi Kolumbiya Universitetinin alimləri saçların stressdən ağara biləcəyinə dair dəlillər tapıblar. Hətta elm adamları belə saçların yenidən orijinal rənginə dönə biləcəyini iddia edirlər.

Alimlər stressdən ağaran saçların səbəbini melanosit hüceyrələrinin aktivliyi ilə əlaqələndirirlər. Belə ki, güclü stress zamanı melanositlərin kök hüceyrələri kisəcikdən çıxaraq əsas yerini tərk edir və getdikcə sayı tükənir. Ona görə də stress keçirənlərin saçı azalır və ağarır. Güclü qorxu, yaxud əsəb gərginliyi zamanı bütün bədənə stress hormonlarının sıçraması saç rənginə cavabdeh olan kök hüceyrələrinin azalması ilə müşayiət olunur. Stress zamanı insanın baş dərisi, saç dibi zərər görməsə də, həyəcan siqnalı hüceyrələrə yayılır. Mütəxəssislər stressi aradan qaldırmaqla, zaman keçdikcə saçların orijinal rənginə geri dönə biləcəyini müəyyənləşdiriblər. Onlar siçanlar üzərində apardıqları sınaqlar sayəsində bu nəticəyə gəliblər. Belə ki, heyvanlarda stress aradan qaldırıldıqdan sonra bəzi tüklərdə yenidən piqmentasiya gedib. Təbii ki, insanın saç folekulunun biologiyası siçanlardan fərqlənir, lakin bu tapıntılar gələcəkdə istifadə edilə bilər.

Məqalə “BBC Science focus” jurnalında işıq üzü görüb.

 

Orqanizmimiz üçün möcüzə mənbəyi

Zeytun və yağının möcüzəvi məhsul olduğu barədə fikrə yəqin ki, heç kimin şübhəsi yoxdur. Əbəs yerə bu bitkiyə “min bir dərdin dərmanı” demirlər. Bunu, müxtəlif ölkələrdə aparılan çoxsaylı elmi araşdırmalar dəfələrlə sübut etmişdir. Bu yaxınlarda zeytun yağının növbəti bir faydası məlum olub.

 “Aging Cell” jurnalında dərc edilən yeni bir araşdırmada sızma zeytun yağının beyindəki zəhərli zülallara qarşı mübarizəsi əks olunur.

Elm adamlarının siçanlar üzərində araşdırması, zeytun yağının qan damarlarında elastikliyi artıraraq yaşla əlaqəli yaddaş geriləməsindən qorunmanı təmin etdiyini ortaya qoyub. Əvvəlki tədqiqatlar bu məhsulun Alzheimer xəstəliyinin müalicəsində potensialını sübut etmişdir. Lakin yeni tədqiqat, zeytun yağı ilə zənginləşdirilmiş bir pəhrizin, Alzheimer və demans xəstələrinin beynində olan zəhərli zülalların qarşısını ala biləcəyini göstərir.

Altı aylıq sınaq ərzində tədqiqatçılar zeytun yağı ilə bəslənən siçanların beynində zəhərli zülalların 60 faiz azaldığını aşkar ediblər.

 “Bu tədqiqat xətti ümidverici olsa da, müsbət nəticələr hələ ki hərtərəfli sübutunu tapmamışdır. Siçanlar üzərindəki araşdırmamız insan orqanizmi ilə tamamilə eyni olmadığı üçün bizi sadəcə doğru istiqamətə yönəldə bilər”-deyə tədqiqat rəhbəri professor Pratico qeyd edib.

 

Göbək kordunun kök hüceyrələri COVID-19-a qarşı xilaskar ola bilər

İndoneziyalı alimlər COVİD-19-dan ölüm riskini minimuma endirə biləcək yeni bir metod tapıblar. Onlar körpənin göbək kordunun kök hüceyrələri ilə ən ağır koronavirus xəstələrini sağalda biləcəklərini iddia edirlər.

Alimlər koronavirusa yoluxan xəstələrdə tənəffüs çətinliyinin əsas hərəkətverici qüvvəsinin iltihablı zülallarla (sitokin) əlaqəli olduğunu söyləyirlər.

 “Göbək kordu immunitet və iltihab reaksiyasını modulyasiya edən kök hüceyrələrinin bazasıdır desək, daha doğru olar. Nəticələrimiz kök hüceyrələrinin güclü iltihab əleyhinə immunomodulyator təsirini təsdiqləyir və xəstəliyin ən kəskin dövründə “sitokin fırtınası”nı açıq şəkildə inhibə edir. Tapıntılarımız COVID-19 ilə yanaşı immun reaksiyaları ilə xarakterizə olunan digər xəstəliklər, məsələn Tip1 Diabet üçün də mühüm əhəmiyyət kəsb edir”-İndoneziya Mərkəzi Xəstəxanasının professoru Cipto Mangunkusumo bildirib.

Mütəxəssislər sınaq zamanı reanimasiyada olan 40 nəfər ən ağır korona xəstələrinə kök hüceyrələrini implantasiya ediblər və onların 91 faizi müalicə alaraq iki həftə ərzində evə buraxılıb. Onların arasında yaşı 85-dən yuxarı xəstələr də olub. Elm adamları tədqiqatın ilkin nəticələrinin ürəkaçan olmasına baxmayaraq, metodun effektivliyini müəyyənləşdirmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu söyləyirlər.

Məqalə “STEM CELLS Translational Medicine” jurnalında dərc olunub.

 

Zəfəranın ruhi sağlamlığa təsiri

Depressiya dünyada əlilliyin əsas səbəblərindən biridir və ümumi psixoloji xəstəlik hesab edilir. Bu xəstəliyin inkişafında bioloji, psixoloji səbəblər böyük rol oynayır. Mütəxəssislər beyində serotonin hormon çatışmazlığı və xroniki sinir iltihabının ruhi sağlamlığa təsir edərək depressiyaya səbəb olduğunu söyləyirlər. Bu xəstəliyin müalicəsi çoxfaktorlu olaraq qalır. Yeni bir araşdırma zəfəranın ruhi sağlamlığa müsbət təsirini ortaya çıxarıb.

Tədqiqatlar zəfəranın tərkibində olan aktiv birləşmələrin (safronal və krokinlər) dopamin, serotoninin modulyasiyasında və müsbət əhvali-ruhiyyənin yüksəlməsində əhəmiyyətli rol oynadığını göstərir.

Zəfəranın ruhi sağlamlığa müsbət təsirinin arxasında duran digər mexanizm isə, onun iltihab reaksiyasındakı roludur. Belə ki, bu bitkinin nüvə faktoru kappa B aktivasiyası, şiş nekrozu da daxil olmaqla iltihab vasitəçilərini inhibə etdiyi aşkar edilmişdir.

Klinik sınaqlar zəfəran istehlak edən xəstələrdə depressiya simptomlarının əhəmiyyətli dərəcədə azaldığını və yuxu keyfiyyətinin artdığını göstərib.

Elm adamları gələcəkdə zəfəran kimi kulinariya ədviyyatlarının orqanizmə təsirlərinin araşdırılmasında səylərini daha da artıracaqlarına ümid edirlər.

Tədqiqat işi “Designs for health” veb saytında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.