ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

3700 illik Babil tableti həndəsənin tarixini dəyişdirə bilər

Avstraliyalı riyaziyyatçı Dr. Daniel Mansfield bir əsrdən bəri İstanbul muzeylərinin birində saxlanılan 3700 illik gil lövhədə təsvir olunan ən qədim həndəsənin mənşəyini araşdırıb.

100 ildən bəri nümayiş etdirilən, Si.427 kimi tanınan Babil tableti bəzi torpaqların sərhədlərini təyin edən bir plan kimi istifadə edilmiş və XIX əsrin sonlarında indiki İraq ərazisində tapılmışdır. University of New South Wales Universitetinin tədqiqatçısı Daniel Mansfieldin araşdırmasına qədər İstanbul Arxeologiya Muzeyində saxlanılırmış.

2017-ci ilə Mansfield dünyanın ən qədim triqonometrik cədvəlini ehtiva edən, Plimton 322 adlı başqa bir Babil tabletini də təsvir etmişdir. Bu kəşf riyaziyyatçını yeni bir araşdırmaya sövq etdi. Riyaziyyatçı gil lövhədəki (Si.427) məlumatların satılmaqda olan ərazilərlə bağlı olduğunu izah edib. Onun təsvirinə görə, babillər bu tabletdən torpaq ərazilərini ölçmək üçün istifadə ediblərmiş. Lövhənin üzərindəki mixi yazılar isə bataqlıq əraziləri və yaxınlıqdakı qülləni əhatə edən mənzərələri göstərir.

“Pifaqor üçlüyü a2+b2=c2 tənliyini təmin edən a, b, c tam ədədlərinə verilən ad olaraq təyin olunur. Bunlar düzbucaqlı üçbucağın tərəflərini meydana gətirdikləri üçün Pifaqor teoreminin adını daşıyır. Plimpton 322 və Si.427 hər ikisi Pifaqor üçlüyündən istifadə edir, lakin bu tabletlər yunan riyaziyyatçısından ən azı min il böyükdür. Si.427 tabletində Pifaqor üçlüyü istifadə olunur. Bu üçlüklər 3, 4, 5; 8, 15, 17 və 5, 12, 13-dən ibarətdir. Demək ki, babillər yerin ölçülməsi ilə bağlı problemləri həll etmək üçün öz alternativ prototriqonometriyalarını yaradıblarmış” - deyə Mansfield izah edib.

Məqalə “PHYS.ORG” saytında yayımlanıb.

 

Qara dəlik müşahidələrində yeni bir kəşf

Elm adamları qara dəlik müşahidələrində yeni bir kəşf ediblər. Astronomların kəşfi Eynşteynin çoxəsrlik nəzəriyyəsini bir daha təsdiqləyib.

Beynəlxalq alimlər qrupu 800 milyon işıq ili məsafəsindəki superkütləvi kosmik nəhəngin arxasındakı işığı birbaşa tuta biliblər. Alimlərin fikrincə, bu, kainatın necə yarandığını anlamaq üçün tapmacanı açmağa köməkçi  ola bilər.

Yeni kəşf, dünyanın ən nüfuzlu fiziki Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin doğru olduğunu bir daha sübut edib. Belə ki, Eynşteyn qara dəliyin cazibə qüvvəsinin ətrafındakı işığı bükmək qabiliyyətini 1916-cı ildə ümumi nisbilik nəzəriyyəsi əsasında irəli sürmüşdü.

Komanda qara dəlikdən çıxan rentgen şüaları ilə yanaşı, daha zəif işığın da şahidi olublar. Bunlar kosmik nəhəngin arxasındakı qazdan sıçrayan parlaq əkslər olub.

“Qara dəliklərə heç bir işıq daxil olmur, buna görə də kosmik cismin arxasında heç nə görə bilmirik. Bunun da əsl səbəbi cismin öz ətrafında kosmosu, işığı və maqnit sahələrini bükməsidir. Məşəllərin rəngi və orijinal alovlanmadan sonra gecikmə müddəti bizə qara dəliyin arxasında qaz əks olunduğunu söyləyir” - deyə Stanford Universitetinin astrofiziki Dan Wilkins izah edib.

Tədqiqatçılar müşahidələri Avropa Kosmik Agentliyinin XMM-Neton və NASA-nın NuSTAR kosmik teleskoplarının köməyi ilə aparıblar.

Komandanın nəticələri “Nature” jurnalında dərc olunub.

 

Qan təzyiqinin nəzarətindəki əskik bağlantı 60 il sonra tapıldı

Virginia Universitetinin tədqiqatçıları 60 ildən çox elm adamlarının gözündən yayınan təbii qan təzyiqi barometrlərinin bədəndəki yerini dəqiqləşdiriblər.

Damarlardakı kiçik dəyişiklikləri aşkar edən hüceyrə sensorları hormon səviyyələrini tənzimləyərək qan təzyiqini nəzarət altında saxlayır. Elm adamları bu barometrlərin (və ya “baroreseptorların”), böyrəklərin renin hüceyrələrində yerləşməsindən şübhələnirdilər. Ancaq indiyə qədər heç kim baroreseptorların yerini tapa bilməmişdir.

Sequeira-Lopez və komandası onilliklər boyu davam edən bu sirrin həlli üçün yeni yanaşmalar tətbiq edib. Belə ki, elm adamları laboratoriya qablarında renin hüceyrələrinə (Ren1) təzyiq tətbiq etməklə onun fəaliyyətində azalmanı görüblər. Mütəxəssislər aşağı və yüksək təzyiqə məruz qalan böyrəklərin aktivliyindəki fərqləri də müqayisə ediblər. Məlum olub ki, renin hüceyrəsinin xaricində çox təzyiq yarandıqca, onun istehsalı məhdudlaşır. Çox aşağı təzyiq daha çox renin istehsalına səbəb olur.

“Bu möhtəşəm funksiya bədənin düzgün qan təzyiqini qorumaq üçün vacib şərtdir. Nəhayət ki, 60 ildən sonra bunu başa düşdük. Baroreseptorun hər ikisi eyni hüceyrədə baş verən alqılama və cavab qabiliyyətinə malikdir. Bu isə renin hüceyrələrinin həm qəbul etməsi, həm də cavab verməsi deməkdir. Bu mexaniki çeviricinin siqnal və idarəetmə mexanizmlərini ortaya çıxarmaq və bu məlumatların gələcəkdə hipertoniyanın müalicəsində necə istifadə olunacağını araşdırmaq üçün çox həyəcanlıyıq” - deyə Sequeira-Lopez qeyd edib.

Tapıntılar “Circulation Research” jurnalında yayımlanıb.

 

“Ağıllı əlcək” toxunma stimullarını xəritələyir

Massaçusets Texnologiya İnstitutunun alimləri təzyiq və digər toxunma stimullarını hiss edə bilən “ağıllı əlcək” hazırlayıblar. Əlcəyin iç astarına təzyiqdəki incə dəyişiklikləri hiss edə, ölçə və xəritələyə bilən sensorlar sistemi yerləşdirilmişdir.

Tədqiqatçılar “Nature Communications” jurnalında dərc edilən məqalədə, əlcəyin insult və ya digər motor disfunksiyası olan insanlara toxunma funksiyalarını, koordinasiyasını yenidən öyrətməyə kömək edə biləcəyini söyləyiblər.

Əlcəyin təzyiq sensorları rütubəti ölçən cihaza bənzəyir. HVAC sistemlərində, soyuducularda və hava stansiyalarında istifadə olunan bu sensorlar, iki elektrod arasında elektrik yüklərini daşıyan rezin “dielektrik” materialı və ya metal lövhəli kiçik kondensotorlar kimi dizayn edilmişdir. Rütubətli şəraitdə dielektrik təbəqə, ətrafdakı nəmdən yüklü ionları udmaq üçün bir süngər rolunu oynayır.

Komanda motor disfunksiyası olan xəstələrin əl qabiliyyətini yaxşılaşdırmaq üçün (yazmaq və digər incə əşyalar ilə işləmək kimi) əlcəyin yeni versiyasını hazırlamağı planlaşdırır.

“Bəzi incə motor bacarıqlar, yalnız cismləri necə idarə etməyi deyil, həm də nə qədər güc tətbiq etməyi də tələb edir. Həssas quruluşumuzun sadəliyi və etibarlılığı, toxunma disfunksiyası olan xəstələrdə nəbz aşkarlanması, hiss qabiliyyətinin bərpası kimi bir çox sağlamlığın təmini üçün böyük vədlər verir” - deyə MİT-in maşınqayırma üzrə professoru Nicholas Fang bildirib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.