SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Sən demə, antibiotiklər...

ABŞ-ın Georgetown Universitetinin və Viskonsin Universitetinin alimləri ilkin tibbi yardım və ya təcili yardım şöbələrinə müraciət edən insanlar arasında araşdırma apararaq antibiotiklərin aşağı tənəffüs yollarının əksər infeksiyalarına qarşı təsirli olmadığını sübut ediblər.

"Journal of General Internal Medicine" jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, hətta infeksiya bakteriyalar tərəfindən törədilsə belə, antibiotik öskürəyin şiddətinə və ya müddətinə təsir göstərmir. Araşdırma zamanı məlum olub ki, bakterial infeksiya diaqnozu qoyulan insanlarda sağalma müddəti antibiotik qəbul edənlər və etməyənlər arasında eynidir.

Tədqiqatçılardan Den Merinstayn bildirib ki, bəzi prosedurlar vasitəsilə yuxarı tənəffüs yollarının infeksiyalarını (soyuqdəymə, faringit, sinüzit və ya qulaq infeksiyaları) müəyyən etdikdən sonra antibiotiklər təyin edilməlidir. O, əsas simptomları yüngülləşdirən dərmanların və vaxtın əksər insanlarda infeksiyaları aradan qaldırdığını, antibiotikə ehtiyac olmadığını vurğulayıb.

Qeyd edək ki, antibiotiklərin həddindən artıq istifadəsi başgicəllənmə, ürəkbulanma, ishal və dəridə səpgilərə, həmçinin Stivens-Conson sindromuna səbəb ola bilər.

Min bir dərdin dərmanı - berqamot

Daha çox çay kimi tanınsa da, əslində sitrus bitkisi olan berqamot əsasən Aralıq dənizi bölgəsində yetişdirilir. Min bir dərdin dərmanı hesab edilən bu bitkinin portağalın mutasiyası və ya seleksiya nəticəsində əldə edildiyi güman edilir.

Müasir tibbdə berqamotdan virus və soyuqdəymə əleyhinə, immun sistemini möhkəmləndirmək üçün istifadə olunur. Onun tərkibində antioksidant rolunu oynayan, bədəndəki zərərli sərbəst radikalları neytrallaşdırmağa, oksidləşdirici stresi azaltmağa kömək edən flavonoidlər və polifenollar mövcuddur. Berqamot mədə-bağırsaq spazmını azaldır, həzmi yaxşılaşdırır, sinir sisteminə sakitləşdirici təsir göstərir. Bitkinin qabığını əllə sıxdıqda ondan açıq zümrüdü-yaşıl rəngdə yağ xaric olunur. Bu yağ antiseptik və iltihab əleyhinə xüsusiyyətlərinə görə dəriyə qulluq məhsullarında istifadə olunur. Berqamot yağı dəri infeksiyalarının, sızanaqların, yağlı dəri və saçların müalicəsində, həmçinin həşərat sancmalarında istifadə edilir. Onun əsasında hazırlanan ətirlər əhvali-ruhiyyəni yaxşılaşdırır, beynin emosiyalara cavabdeh olan sahəsini oyadır. Tərkibindəki polifenolik fraksiya (BPF) kimi birləşmələr sayəsində isə ürək-damar sisteminə müsbət təsir edir. Bəzi tədqiqatlar göstərir ki, berqamot xolesterol səviyyəsini aşağı salmaq və qan təzyiqini azaltmaqla ürək sağlamlığını yaxşılaşdırır.

Özünüzü yorğun hiss edirsinizsə...

İş həyatı, stres, uzun müddət davam edən problemlər və s. xroniki yorğunluğa səbəb olur. Bu səbəbdən də günə enerjili başlamaq çox da asan olmur. Bəzi insanlar çox zaman yuxudan səbəbsiz yerə yorğun oyanır. Elm adamları bu vəziyyətdən çıxmağın yolunu açıqlayıblar.

Mütəxəssislər südə kətan toxumu əlavə edib yeməklə yorğunluğu aradan qaldırmağın mümkün olduğunu söyləyirlər. Məhsulun ən optimal qəbul vaxtı səhər yeməyindən əvvəldir. Araşdırmalar göstərir ki, Omeqa-3 yağ turşusu ilə zəngin olan kətan toxumu ürək sağlamlığını dəstəkləyir və infeksiya riskini azaldır. Üstəlik, beyin funksiyalarını yaxşılaşdırmağa kömək edən bu qida, həmçinin yüksək lif tərkibi sayəsində həzm sistemini də dəstəkləyir. Kalsium və zülalla da zəngin olan kətan toxumu əzələ və sümük inkişafına müsbət təsir göstərir. Aparılan araşdırmalara görə, kətan toxumu piylənmənin qarşısını alır, çəkinin azalmasına kömək edir. Bütün bu faydaları sayəsində orqanizmə güc və enerji bəxş edən kətan toxumu antioksidant tərkibinə görə yaşlanmanı da gecikdirir.

Şəkər xəstələrinə müjdə

Yaponiyanın Milli Beynəlxalq Tibb Mərkəzinin mütəxəssisləri şəkər xəstələrinin insulin problemini ömürlük həll edəcək unikal əməliyyat keçirməyi planlaşdırırlar. Belə ki, onlar hormon istehsal edən mədəaltı vəz hüceyrələrini donuzlardan insanlara köçürməyə hazırlaşırlar.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, əməliyyat çərçivəsində qanda şəkərin səviyyəsinin tənzimlənməsinə cavabdeh olan və "Langerhans adacıqları" kimi tanınan hüceyrələr 1-ci tip şəkərli diabet xəstəsinə köçürüləcək. Alimlər ümid edirlər ki, bu, xəstənin insulin inyeksiyasına ehtiyacını əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək. Tədqiqatçılar transplantasiya ediləcək sözügedən hüceyrələrin orqanizm tərəfindən rədd edilməsinin qarşısını almaq üçün onları 0,5-1 mm diametrli xüsusi kapsullara yerləşdirəcəklər. Bununla da şəkər səviyyəsi yüksəldikdə kapsulun kiçik deşiklərindən insulin qana daxil olacaq.

Xatırladaq ki, bu yaxınlarda yaponiyalı elm adamları geni dəyişdirilmiş donuz yetişdiriblər.

Bu isə onu göstərir ki, gələcəkdə ondan orqan nəqlində istifadə edilə bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".