DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BAYDEN: İQLİM DƏYİŞİKLİYİ BƏŞƏRİYYƏT ÜÇÜN CİDDİ TƏHLÜKƏDİR

İqlim dəyişikliyi bəşəriyyətin mövcudluğuna ciddi təhlükədir və qlobal temperaturun 1,5 dərəcədən çox artması geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. “Trend” agentliyinin məlumatına görə, bu barədə Baltimor şəhərində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı ABŞ prezidenti Cozef Bayden bəyan edib.

“İqlim dəyişikliyi bəşəriyyət üçün ciddi təhlükədir. Donald Tramp İqlim üzrə Paris Sazişindən çıxdı. Barak Obama administrasiyasında olduğum müddətdə bu razılaşma üzrə müzakirələrə yardım edirdim. Əgər temperatur 1,5 dərəcədən yuxarı qalxarsa biz yox olarıq. Bu zarafat deyil”, - deyə Cozef Bayden vurğulayıb.

ABŞ prezidenti qeyd edib ki, Qlazqoda keçiriləcək iqlim konfransında 2035-ci ilə qədər elektrik enerjisinin istehsalı zamanı sıfır tullantılara nail olmaq üzrə öhdəlikləri açıqlayacaq.

Cozef Bayden həmçinin iqlim gündəliyinin məqsədlərinə nail olmaq və ekoloji problemləri həll etmək üçün vergi güzəştlərinin təklifi imkanlarının da olduğunu vurğulayıb.

 

TÜRKİYƏ VƏ GÜRCÜSTAN HƏRBİ AVİASİYA SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ EDƏCƏK

Türkiyə Aviasiya və Kosmos Sənayesinin baş direktoru Temel Kotil və onun müavini Atilla Doğanın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib. “APA”nın verdiyi xəbərə görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Məlumata əsasən, Türkiyə nümayəndə heyəti Gürcüstan müdafiə nazirinin müavini Zurab Azaraşvili və Tbilisi Təyyarə Zavodunun baş direktoru Mixeil Oğlişvili ilə görüşüb.

Tərəflərin Türkiyə və Gürcüstan aras

ında əməkdaşlıq, eləcə də gələcək birgə təşəbbüslərə dair planlar, hərbi aviasiya sənayesinin inkişaf etdirilməsinə dair müzakirə apardıqları bildirilib.

Qeyd olunur ki, Türkiyə nümayəndə heyəti hərbi təyyarələrin modernizasiya edildiyi Tbilisi Təyyarə Zavodu ilə tanış olublar.

 

STAVROPOLDA İŞİD-IN TERROR CƏHDİNİN QARŞISI ALINIB

Rusiya Federal Təhlükəsizlik Xidməti Stavropol diyarında terror aktının qarşısını alıb. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, İŞİD tərəfdarı olan şəxs kustar üsulla hazırlanmış partlayıcı qurğunu istifadə etməklə Stavropol diyarında nəqliyyat infrastrukturu obyektlərində terror aktları törətmək istəyib.

Adı açıqlanmayan şəxs Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Onun evində aparılan axtarışlar zamanı partlayıcı maddələr aşkarlanıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cinayət işi başlanılıb.

 

UKRAYNADA İKİ GÜNDÜR “COVID-19”A YOLUXMADA REKORD QEYDƏ ALINIR

Ukraynada ötən 24 saat ərzində koronavirusa 23785 nəfər yoluxub və bu xəstəlikdən 614 nəfər vəfat edib. “Report” agentliyinin məlumatına görə, hər iki göstəricidə pandemiya dövründə ən yüksək rəqəmlər qeydə alınıb.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxanların sayı ötən günə nisbətən 6 faiz çoxdur. Həmçinin rekord həddə, yəni 270 minədək vətəndaş peyvənd olunub.

Bütövlükdə pandemiya dövründə Ukraynada 2,7 milyon nəfər yoluxub, bunlardan 63003 nəfər dünyasını dəyişib. İndiyədək 6,8 milyondan çox vətəndaş koronavirusa qarşı iki doza ilə peyvənd olunub.

 

RUSİYA PREZİDENTİ VƏ İSRAİLİN BAŞ NAZİRİNİN GÖRÜŞÜ 5 SAAT DAVAM EDİB

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Naftali Bennet arasında görüş keçirilib. “APA”nın xəbərinə görə, Rusiya və İsrail liderlərinin görüşü oktyabrın 22-də Soçi şəhərində baş tutub. Bildirilir ki, görüş beş saatdan artıq davam edib.

Görüşün protokol hissəsində çıxış edən Vladimir Putin Naftali Bennetin səfərinin Rusiya-İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf etdiyini bildirib.

“Rusiya ilə İsrail arasında unikal münasibətlər qurulub. Ümid edirəm ki, sizin rəhbərlik etdiyiniz yeni hökumət əvvəlki hökumətin Rusiya ilə yürütdüyü siyasəti davam etdirəcək”, - deyə Vladimir Putin vurğulayıb.

N.Bennet isə öz növbəsində Rusiya ilə İsrailin xüsusi münasibətlərinin olduğunu qeyd edib.

 

NATO-NUN QLOBAL MÜDAFİƏ PLANI TƏSDİQLƏNİB

NATO-ya daxil olan ölkələrin müdafiə nazirləri alyans dövlətlərinin 1 milyarda yaxın əhalisini istənilən təhdiddən qorumağı nəzərdə tutan qlobal müdafiə planını təsdiqləyib. “Report”un verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyans ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“Nazirlər böhran və qarşıdurmalar halında alyansı qorumaq üçün hərtərəfli planı təsdiq etdilər. Həmçinin müdafiə nazirləri alyans dövlətlərinin yeni silah və texnika əldə etmək barədə razılığa gəliblər”, -  deyə Stoltenberq qeyd edib.

Stoltenberq vurğulayıb ki, Şimali Atlantika alyansı Çin ordusunun intensiv şəkildə modernləşdirilməsinə cavab verəcək: “Çindəki yüksəliş nəticəsində qlobal güc balansı dəyişir. Bu ölkə hərbi potensialını intensiv şəkildə modernləşdirir, yeni kibernetik üstünlüklər əldə edir. Eləcə də inkişaf etmiş nüvə sistemləri və uzaq mənzilli raketlər hazırlayır. Müttəfiqlərimizlə birlikdə daha çox iş görməyə razılaşmağımız, xüsusən də Çinin hərəkətlərinə cavabdır”.

 

Aİ-DƏ ENERJİ QİYMƏTLƏRİNİN ARTMASI ƏHALİNİ ÇIXILMAZ VƏZİYYƏTƏ SALIB

Avropa İttifaqında qazın qiymətləri 2021-ci ilin aprel ayından etibarən artmağa başlayıb və o zamandan bəri 8 dəfə artım müşahidə olunur. “Trend” agentliyinin verdiyi xəbərə görə, hazırda Avropada qazın qiymətləri 1000 kubmetr üçün 1200 dollar civarında dəyişir.

Təbii qazın Avropanın elektrik istehsalının 22 faizini təşkil etdiyini nəzərə alsaq, mavi yanacağın bahalaşması elektrik enerjisinin qiymətlərini də tarixdə ən yüksək səviyyəyə qaldırıb.

Qazın bahalaşmasına müxtəlif səbəblər göstərilir: tələbatın artması, pandemiya, yaşıl enerjiyə keçidin özünü tam doğrultmaması, mövsümi faktorlar və s.

Reallıq isə budur ki, qazın və elektrikin qiymətindəki sürətli artım Avropada əhalinin vəziyyətinə ciddi şəkildə təsir edib. Avropada sadə vətəndaşlar kəskin qiymət artımlarının qarşısını almaq üçün müxtəlif üsullara əl atsa da, real mənzərə odur ki, proses nəzarətdən çıxıb.

 

“AY.4.2” ŞTAMMI YÜKSƏK YAYILMA SƏVİYYƏSİNƏ MALİK OLA BİLƏR

"Delta" ştamının altnövü olan və son həftələrdə Böyük Britaniyada fəal yayılmağa başlayan “AY.4.2” ştammı ilkin hesablamalara görə, daha ağır xəstəliyə səbəb olmur. “Report”un xəbərinə görə, bu barədə Böyük Britaniyanın Səhiyyə Sahəsində Təhlükəsizlik Agentliyinin məlumatında bildirilir.

Agentliyin açıqlamasına görə, iyul ayında aşkar edilmiş “AY.4.2” ştammına “öyrənilən variant” statusu verilib, bu isə bu ştamma yoluxma hallarının artmasından xəbər verir. Əgər yaxın həftələrdə yoluxma hallarının artması davam edərsə, bu ştamma “narahatlıq doğuran variant” statusu verilə bilər.

Məlumata görə, “AY.4.2” ştammı daha yoluxucudur, yəni xəstə birdən-birə 9 nəfəri yoluxdura bilir. Həmçinin xəstədə koronavirusa xas əlamətlər daha tez üzə çıxır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.