DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

MAKRON: Aİ YENİ ÖLKƏLƏRİ TƏŞKİLATA SÜRƏTLİ ŞƏKİLDƏ QƏBUL EDƏ BİLMƏZ

Moldovanın və digər ölkələrin Avropa İttifaqına qəbulundan əvvəl Avropanın siyasi təşkilatı bu məsələni yenidən nəzərdən keçirməlidir. “Report” agentliyinin məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron bəyan edib.

“Cavab xeyrdir”, - deyə Makron Moldovanın, Qərbi Balkan ölkələrinin, eləcə də birliyə qoşulmaq istəklərini bəyan edən Ukraynanın hazırkı şəraitdə Aİ-yə sürətləndirilmiş qəbulun mümkünlüyü barədə bildirib.

“Biz qarşıdakı aylarda bugünkü Avropamızın nə olduğunu dərindən və yenidən düşünməliyik. Daha geniş Avropanı necə təşkil etdiyimizi nəzərdən keçirməliyik”, - deyə Fransanın dövlət başçısı əlavə edib.

Eyni zamanda, Emmanuel Makron Aİ-yə üzv olmaq iddiasında olan ölkələr arasında Moldovanı “Dnestryanı problemi, xarici qüvvələrin təsiri, Rusiya qazından asılılığı və qaçqın axını olan kövrək ölkə” adlandırıb.

 

RUSİYA RƏSMİSİ: ABŞ-LA DİALOQA HAZIRIQ

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın təhlükəsizliklə bağlı danışıqları mövzusuna münasibət bildirib. “APA”nın məlumatına görə, “Birinci Kanal”ın efirində çıxış edən Rusiya XİN başçısının müavini qeyd edib ki, rəsmi Moskva Vaşinqtonla Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi üzərində işləməyə hazırdır.

“Əgər amerikalılar dialoqu bərpa etməyə hazırdırlarsa, əlbəttə ki, biz bunu edə bilərik, biz bunu etməkdə, həmçinin müəyyən fasilənin olduğu Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi çərçivəsində işləməkdə qərarlıyıq. Hər şey Vaşinqtondan asılıdır”, - deyə rusiyalı diplomat vurğulayıb.

Rusiyanın ötən ilin dekabrında dərc olunmuş Avratlantikada təhlükəsizliklə bağlı təkliflərinə toxunan Sergey Ryabkov qeyd edib ki, vəziyyət kökündən dəyişdiyi üçün onların tam qüvvədə qalması ehtimalı azdır.

Bununla yanaşı, Sergey Ryabkov Vaşinqtonun Rusiya Federasiyası ilə təhlükəsizliklə bağlı danışıqlarda gündəmi dəyişmək cəhdlərini strateji səhv adlandırıb. Nazir müavini həmçinin əlavə edib ki, Rusiya ilə ABŞ arasında təmaslar kəsilmir və davam edir.

 

GÜRCÜSTAN ORDUSU NATO İLƏ BİRGƏ TƏLİMLƏRƏ BAŞLAYIR

Gürcüstanda  mart ayının 20-dən 25-dək “NATO-Gürcüstan-2022” adlı birgə təlim keçiriləcək. “Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, çoxmillətli təlimlərdə NATO-ya üzv və tərəfdaş 23 ölkə iştirak edəcək.

NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində təşkil olunacaq təlimlər zamanı iştirakçılar kompüter simulyasiyaları vasitəsilə NATO əməliyyatlarının planlaşdırılması üçün lazım olan bacarıqlarını inkişaf etdirəcəklər.

Məlumata əsasən, təlimlər Gürcüstan və NATO-ya üzv və tərəfdaş ölkələrin hərbçiləri arasında qarşılıqlı fəaliyyətin artırılmasına kömək edəcək. Qeyd edək ki, ilk “NATO-Gürcüstan” təlimi 2016-cı ildə keçirilib.

 

ERMİTAJ MUZEYİ AVROPADAKI RƏSM ƏSƏRLƏRİNİ GERİ QAYTARMAQ İSTƏYİR

Rusiyanın Ermitaj Muzeyi sərgi üçün xaricə göndərilmiş əsərləri ölkəyə vaxtından tez qaytarmaq niyyətindədir. “APA”nın məlumatına görə, muzey Rusiyaya qarşı sanksiyalar çərçivəsində tarixi əsərlərin də müsadirə olunacağından ehtiyat edir.

Hazırda İtaliyadakı Milan Qalereyasında Ermitaj Muzeyindən göndərilmiş 22 sənət əsəri nümayiş olunur. Digər dörd Rusiya muzeyinin də tabloları burada iyunadək sərgilənəcək. Əsərlər Avropaya Ukrayna ilə münaqişədən əvvəl yola salınıb.

Ertmitaj Muzeyinin rəhbərliyi artıq Milan Qalereyasına əsərlərin martın sonunadək qaytarılması üçün yazılı müraciət edib. Lakin sərginin davam etməsi və hava əlaqələrinin olmaması səbəbindən bu müraciətin yerinə yetirilməsi real görünmür.

Bundan əlavə, Ermitaj Muzeyi Britaniyanın iki muzeyinə də sərgilənmək üçün rəsm əsərləri yollayıb. Lakin Londondakı “National Gallery” Ukrayna münaqişəsinə görə əsərləri baxışa çıxarmayıb.

 

RUSİYA VƏ BELARUS HƏRBİ TEXNİKANIN TƏDARÜKÜ BARƏDƏ RAZILIĞA GƏLİBLƏR

Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin Moskvada keçirilən danışıqlarda Ukrayna böhranı, hərbi sənaye kompleksinin inkişafı və Qərbin sanksiyalarına qarşı fəaliyyət məsələlərini müzakirə ediblər. “Trend”in məlumatına görə, bunu “BelTA” agentliyinə Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont bildirib.

“Prioritet məsələ kimi dövlət başçıları Ukraynaya diqqət yetirməklə dünyada, regiondakı vəziyyəti ətraflı müzakirə ediblər. Bu kontekstdə əsas mövzulardan biri Belarusdakı danışıqların gedişatı, Rusiya və Ukrayna tərəflərinin mövqeləri olub”, - deyə mətbuat katibi bildirib.

Natalya Eysmontun sözlərinə görə, söhbət zamanı tərəflər hərbi-sənaye kompleksinin inkişafına və ittifaq dövlətinin müdafiəsinə xüsusi diqqət yetiriblər.

“Tərəflər, xüsusilə, yaxın gələcəkdə Rusiya tərəfindən Belarus Respublikasına hərbi texnikanın ən müasir modellərinin çatdırılması barədə razılığa gəliblər. Öz növbəsində Belarus müasir kənd təsərrüfatı, sərnişin texnikası və digər maşınqayırma məhsullarının tədarükünü artıracaq”, - deyə Belarus prezidentinin mətbuat katibi vurğulayıb.

 

COZEP BORRELL TÜRKİYƏNİN Aİ-YƏ ÜZVLÜK PERSPEKTİVİNƏ TOXUNUB

“Sirr deyil ki, son iki ildə Türkiyə ilə münasibətlərimizdə çətinliklər vardı”. “APA”nın xəbərinə görə, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Antalya Diplomatiya Forumu çərçivəsində çıxışı zamanı bəyan edib.

Ali nümayəndə bildirib ki, çətinliklərə baxmayaraq, indi bu münasibətlər daha  da yaxşılaşıb. O deyib: “Türkiyə ilə Aİ-yə üzv ölkələrin bəziləri arasında gərginlik mövcud idi, lakin indi münasibətlər daha yaxşıdır və inanıram ki, müsbətə doğru inkişaf davam edəcək”.

Aİ diplomatı Türkiyənin ittifaqa üzvlüyü ilə bağlı məqama da toxunub. Onun sözlərinə görə, Aİ bir klubdu və üzvlük məsələsində bütün üzvlərin razılığı olmalıdır, lakin klub üzvlərinin bəzilərinin Türkiyə ilə problemi var və öncə bu maneələr aradan qalxmalıdır.

Bununla yanaşı, Cozep Borrell Türkiyənin geostrateji rolu barədə də danışıb. “Türkiyənin regionda geosiyasi rolu böyükdür, o, vacib oyunçudur və bu rol təkcə regionla məhdudlaşmır. Türkiyə artıq Afrikada - Liviyada, Somalidə oyunçudur və Türkiyənin rolu artmaqda davam edir”, - deyə diplomat vurğulayıb.

 

AVROPA ÖLKƏLƏRİ HƏRBİ XƏRCLƏRİNİ ƏHƏMIYYƏTLİ DƏRƏCƏDƏ ARTIRIR

Versal sammitində Avropa İttifaqına üzv olan ölkələrin liderləri ilk dəfə olaraq hərbi xərcləri əhəmiyyətli dərəcədə genişləndirmək, birgə inkişaf etdirmək, yeni silahlar yaratmaq və almaq qərarına gəliblər. “Report”un verdiyi xəbərə görə, bu barədə sammitin yayılan yekun bəyanatında deyilir.

Qeyd edilir ki, əvvəllər bu məsələlərlə yalnız NATO məşğul olurdu və Avropa İttifaqı daim öz iqtisadi xarakterini vurğulayırdı.

“Biz qətiyyətlə hərbi imkanlarımıza və innovativ texnologiyalarımıza böyük nəticələr əldə etmək üçün daha çox sərmayə qoymalıyıq. Müdafiə xərclərimizi əhəmiyyətli dərəcədə artırmaq qərarına gəldik və onun əhəmiyyətli bir hissəsi əsas çatışmazlıqlarımızı  kompensasiya etmək üçündür”, - deyə açıqlamada vurğulanıb.

Aİ ölkələri həmçinin mülki, hərbi və kosmik texnologiyaların birgə istifadəsi və öz müdafiə sənayesini, o cümlədən kiçik və orta müəssisələri inkişaf etdirmək imkanlarını axtarmaq niyyətindədir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.