DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VLADİMİR PUTİN: RUSİYA BAZARI ƏRZAQLA TAM TƏMİN OLUNUB

“Qlobal ərzaq bazarında son iki ildə vəziyyət inkişaf etmiş ölkələrin səhvləri ucbatından nəzərəçarpacaq dərəcədə pisləşib”. “APA”nın verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin müşavirə zamanı bəyan edib.

“İnkişaf etmiş ölkələrin illər əvvəl iqtisadi, enerji və ərzaq siyasətindəki buraxdığı səhvlər bütün dünyada ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub. Vəziyyət son həftələrdə daha da dərinləşir”, - deyə Rusiya prezidenti vurğulayıb.

Vladimir Putin qeyd edib ki, Rusiya hakimiyyəti ərzaq bazarına xarici təsirləri minimuma endirməli və ərzaq istehsalını artırmalıdır. Onun sözlərinə görə, ölkənin əsas ərzaq qrupları üzrə daxili bazarı yerli istehsal hesabına tam təmin olunub.

Məlumat üçün qeyd edək ki, ötən ilin sonlarından başlayaraq Rusiyada ərzaq məhsullarıının qiyməti artıb. Qiymət artımı Ukrayna müharibəsinin başlanmasından sonra və Qərbin sanksiyaları fonunda daha da sürətlənməyə başlayıb.

 

ŞİMALİ KOREYA QONŞU ÖLKƏNİ NÜVƏ SİLAHI İLƏ HƏDƏLƏDİ

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon ölkəsi ilə mümkün hərbi qarşıdurmada Cənubi Koreyaya qarşı nüvə silahından istifadə edə biləcəklərini bildirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Şimali Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsi sədrinin direktor müavini olan Kim Yo Çjon Cənubi Koreyanın müdafiə naziri Su Ukun “qabaqlayıcı hücum” sözlərinə reaksiya verib.

Bununla yanaşı, Şimali Koreya liderinin bacısı müdafiə nazirinin “Şimala qarşı qabaqlayıcı hücum” sözlərini “geri dönüşü olmayan ciddi səhv” adlandırıb.

Cənubi Koreyanın hərbi qarşıdurmaya üstünlük verəcəyi ehtimalına qarşı Kim Yo Çjon deyib: “Bu halda nüvə hücum qüvvələrimiz qaçılmaz olaraq öz vəzifələrini yerinə yetirəcəklər”.

Bunun sadəcə təhdid olmadığını vurğulayan Kim Yo Çjon mümkün müharibənin qarşısının alınmasının prioritetləri arasında olduğunu, lakin savaş durumunda dəhşətli hücumların başlayacağını və Cənubi Koreya ordusunun demək olar ki, tam məhv olmaq taleyi ilə üzləşəcəyini bildirib.

 

ABŞ KONQRESMENLƏRİNDƏN UKRAYNA İLƏ BAĞLI TƏLƏB

ABŞ Konqresinin 30-dan çox üzvü Bayden administrasiyasından Ukraynaya silah tədarükünü artırmağı, o cümlədən bu silahlar sırasına uzun mənzilli yer-hava tipli raketlər, qırıcı təyyarələr və gəmi əleyhinə raketlər əlavə olunmasını tələb edirlər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Konqresmenlərin tələbləri sırasına, həmçinin Ukraynada ehtiyatları tükənməkdə olan “Javelin” raketlərinin, habelə rusların təchizat xəttini qırmaq və mühasirəsinə müqavimət göstərmək üçün pilotsuz uçuş aparatlarının (PUA) verilməsi də daxildir.

Xatırladaq ki, bir neçə gün öncə Pentaqon Ukraynaya 300 milyon ABŞ dolları dəyərində hərbi yardım ediləcəyini bəyan edib. Hərbi yardıma lazerli raket sistemləri, taktiki “Switchblade” PUA-ları, kiçik və iri kalibrli hərbi sursat, gecəgörmə cihazları və s. daxildir.

Qeyd edək ki, aprelin 5-də isə ABŞ-dan Ukraynaya 800 milyon ABŞ dolları dəyərində hərbi yardımın daxil olub.

 

DÜNYA ƏHALİSİNİN ƏKSƏRİYYƏTİ ÇİRKLİ HAVA İLƏ NƏFƏS ALIR

Dünya əhalisinin demək olar ki, hamısının insan sağlamlığına təhlükə yaradan hava ilə nəfəs aldığı açıqlanıb. Bu barədə “TRT” telekanalı Ümumdünya Səhiyyə Təşkilatının hesabatına istinadən məlumat yayıb.

Təşkilatın açıqlamasına əsasən, aprelin 7-də Ümumdünya Sağlıq Günü ilə əlaqədar dərc olunan hesabatda 117 ölkə və 6 mindən çox şəhərdə havanın keyfiyyəti ilə bağlı məlumatlar əks olunub.

Dünya əhalisinin 99 faizinin ÜST-ün keyfiyyətli hava standartlarından aşağı və insan sağlamlığını təhdid edən hava şəraitində yaşadığı vurğulanıb.

Araşdrıma aparılan bütün ölkə və şəhərlərin havasında orqanizm üçün zərərli hissəciklər və azot dioksid olduğu aşkarlanıb. Həmçinin qeyd olunan bu elementlərə daha çox orta və aşağı gəlirli ölkələrdə rast gəlindiyi bildirilib.

Bununla yanaşı, havadakı zərərli hissəciklərin miqdarı son 11 ildə təxminən 2 min şəhərdə 6 dəfədən çox artdığı qeyd edilib. Məlumata görə, bu hissəciklər tənəffüs yolu ilə ağciyərlərə və qan dövranına daxil olaraq iflic və tənəffüs yolu xəstəliklərinə səbəb ola bilir.

 

KÜVEYT HÖKUMƏTİ İSTEFA VERİB

Küveytin baş naziri şeyx Sabah Xalid əl-Həməd əs-Sabahın başçılıq etdiyi hökumət istefa verib. “Trend” agentliyinin məlumatına görə, bu barədə Küveytin dövlət informasiya agentliyi xəbər yayıb.

Bildirilir ki, baş nazir hökumətin istefa ərizəsini vəliəhd şahzadə şeyx Məşal Əhməd əs-Sabaha təqdim edib. Açıqlamada həmçinin hökumətin istefasının səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, şeyx Sabah Xalid əl-Həməd əs-Sabahın başçılığı ilə dördüncü hökumət ötən ilin dekabrında formalaşdırılmışdı. Ümumilikdə, şeyx Sabah Xalid əl-Həməd əs-Sabah 2019-cu ildən bəri Küveytin dörd hökumətinə başçılıq edib.

 

ALMANİYA PREZİDENTİNDƏN RUSİYA AÇIQLAMASI

“Rusiya prezidenti Vladimir Putinin hakimiyyəti dövründə normal həyata, Moskva ilə əvvəlki status-kvoya qayıdış olmayacaq”. “Report” agentliyinin məlumatına görə, bunu Almaniya prezidenti Frank-Valter Ştaynmayer aprelin 5-də “ZDF” telekanalına müsahibəsində bəyan edib.

Almaniya prezidenti həmçinin Qərb tərəfdən Avropanın təhlükəsizliyinin ümumi arxitekturasına Rusiyanın daxil edilməsi kimi bir çox uğursuz cəhdlərlə bağlı etiraz edib.

Bununla yanaşı, Frank-Valter Ştaynmayer Rusiyaya münasibətdə səhv siyasət yürütdüyünü etiraf edib. Prezident “Şimal axını-2” təbii qaz kəmərini dəstəkləməsini də bu yanlışlıqlardan biri kimi səciyyələndirib.

Məlumat üçün qeyd edək ki, bir müddət öncə Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik prezident Frank-Valter Ştaynmayeri Rusiya ilə sıx əlaqə saxlamaqda ittiham edərək, bunu “Moskva ilə hörümçək toru təması” adlandırmışdı.

 

ABŞ POLŞAYA QIRICI TƏYYARƏLƏR ESKADRİLYASI GÖNDƏRİB

ABŞ-ın Dəniz Piyadaları Korpusunun “F/A-18C Hornet” qırıcı-bombardmançılarından ibarət eskadrilyası Polşanın Lask şəhərindəki aviabazaya gəlib. “Trend”  agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı Komandanlığı məlumat yayıb.

Dəniz Piyadaları Korpusunun qırıcıları Polşaya ABŞ-ın Cənubi Karolina ştatındakı “Beaufort” Hərbi Hava Qüvvələri bazasından göndərilib.

Bununla yanaşı, bildirilir ki, Lask şəhərindəki aviabazaya yanacaqdolduran “KC-130J Hercules” təyyarələri də gətirilib.

“Qırıcıların Şərqi Avropaya göndərilməsi NATO-nun kollektiv müdafiəsini dəstəkləmək məqsədi daşıyır”, - deyə qurumun məlumatında vurğulanır.

Bu ərəfədə məlum olub ki, ABŞ Dövlət Departamenti Bolqarıstana ümumilikdə 1,67 milyard dollar dəyərində səkkiz “F-16” qırıcı təyyarəsi və avadanlıq satışına icazə verib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.