DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

UKRAYNADAKI MÜHARİBƏ NÜVƏ GÜCLƏRİ ARASINDA GƏRGİNLİYİ ARTIRIB

Ukraynadakı müharibə nüvə gücləri arasında gərginliyi artırıb və onların nüvə arsenalları soyuq müharibədən sonra ilk dəfə olaraq tezliklə böyüməyə başlayacaq. “Report” agentliyinin xəbərinə görə, bu qənaətə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun analitikləri gəlib.

“Bütün nüvə gücləri öz arsenallarını artırır və ya təkmilləşdirir, onların əksəriyyəti nüvə ritorikasına və nüvə silahlarının hərbi strategiyalarında oynadığı rola daha çox yer verir ki, bu da çox narahatedici tendensiyadır”, - deyə İnstitutun Kütləvi Qırğın Silahları Proqramının direktoru Vilfred Vanq illik hesabatında qeyd edib.

Məlumata görə, Rusiya dünyanın ən böyük nüvə arsenalına sahibdir və ümumilikdə müxtəlif gücə malik 5977 nüvə başlığı ilə ABŞ-dan təxminən 550 ədəd çoxdur. Birlikdə Rusiya və ABŞ-ın payına dünyadakı bütün döyüş başlıqlarının 90 faizdən çoxu düşür.

Bununla belə, institutun qeyd etdiyi kimi, Rusiya və ABŞ-a gələcəkdə 300-ə yaxın yeni buraxıcı raket şaxtasını istifadəyə vermək niyyətində olan Çin çatmağa çalışır.

 

YAPONİYA VƏ ÇİN TƏHLÜKƏSIZLIK SAHƏSINDƏ DIALOQU DAVAM ETDIRƏCƏK

Yaponiya və Çinin müdafiə nazirləri təhlükəsizlik sahəsində ikitərəfli dialoqun davam etdirilməsi barədə razılığa gəliblər. “APA”nın xəbərinə görə, bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən razılaşma Yaponiyanın müdafiə naziri Nobuo Kişi ilə Çinin müdafiə naziri Vey Fenxe arasında Sinqapurda keçirilən görüş zamanı əldə olunub.

Görüş zamanı Yaponiyanın müdafiə naziri Çinin Şərqi Çin və Cənub Çin dənizlərində hərəkətləri ilə bağlı narahatlığını ifadə edərək, bu ölkəni təmkinli olmağa çağırıb.

Bununla yanaşı, Nobuo Kişi Yaponiya sərhədləri yaxınlığında Rusiya və Çinin birgə təlimlərindən narahatlığını da bildirərək, bu təlimləri “Yaponiyaya qarşı yönəlmiş nümayişkaranə hərəkət” adlandırıb.

Yaponiyanın müdafiə naziri, həmçinin bildirib ki, Tayvan boğazında sülhün qorunması regionda sülhün və sabitliyin açarıdır.

 

ALMANİYA KANSLERİ ENERJİ TƏDARÜKÜ MƏSƏLƏSİNDƏKİ SƏHVLƏRİ ETİRAF EDİB

Almaniyanın kansleri Olaf Şolts Rusiyadan enerji tədarükü probleminin həllində səhvləri etiraf edib. Onun fikrincə, indi Almaniya mümkün qədər tez, lakin təhlükəsiz şəkildə Rusiyadan enerji idxalından müstəqil olmalıdır. “Report”un verdiyi xəbərə görə, bu barədə “Die Welt” qəzeti yazıb.

Kanslerin sözlərinə əsasən, Rusiyanın hətta böhran vəziyyətlərində belə etibarlı iqtisadi tərəfdaş olması ilə bağlı köhnə düstur artıq tətbiq olunmur.

Olaf Şolts həmçinin Almaniya regionlarına Rusiyaya qarşı sanksiyaların fəsadlarının aradan qaldırılmasında dəstək vəd edib.

“Neft embarqosu yanacaqdoldurma məntəqələrinin qiymətlərində böyük regional fərqlərə səbəb olmamalıdır. Mənim üçün bu, həmrəylik məsələsidir”, - deyə kansler vurğulayıb.

 

TÜRKİYƏNİN ELEKTRoMOBİLİ DÖVLƏT RƏSMİLƏRİNİN İSTİFADƏSİNƏ VERİLƏCƏK

Türkiyənin ilk elektrikli avtomobili “TOGG” bu ilin sonunda ilk dəfə dövlət rəsmiləri tərəfindən istifadə ediləcək. “Trend” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin Sənaye və Ticarət naziri Mustafa Varank bildirib.

Nazirin sözlərinə əsasən, “TOGG”un Türkiyədə satışına ilk dəfə 2023-cü ildə başlanılacaq.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan “TOGG” 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

Xatırladaq ki, “TOGG”un elektrik krossoveri “SUV C” seqmentinin və elektrik sedanın prototipləri 2019-cu ilin dekabrında təqdim edilib.

 

TÜRKİYƏ SURİYADA ƏMƏLİYYATA BU TARİXDƏN BAŞLAYA BİLƏR

Türkiyə ordusu İraqın şimalındakı əməliyyatı yekunlaşdırdıqdan sonra Suriyada yeni hərbi əməliyyata başlaya bilər. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Aksu xəbər verib.

Bildirilir ki, əməliyyata başlamaq əmri 9-12 iyul tarixlərinə təsadüf edən Qurban bayramından dərhal sonra verilə bilər.

Məlumata görə, Türkiyə ordusu aprelin 18-dən Şimali İraqda “Pençe-Kilit” əməliyyatı həyata keçirir. Bu günə qədər Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Türkiyədə qadağan olunmuş PKK-nın 220-dən çox silahlısı, onların əsas bazaları, silah-sursat və ərzaq anbarları məhv edilib.

Qeyd edilir ki, Türkiyə Silahlı Qüvvələri Şimali İraqdakı əməliyyatı uğurla başa çatdırmaq istəyir, ona görə də Suriyada yeni əməliyyata İraqda hərbi əməliyyatların dayandırıldığı andan başlamalıdır. Digər tərəfdən, qəzet yazır ki, Türkiyə ordusunun Suriyanın şimalındakı hücumunun əsas istiqamətləri kimi müəyyən edilən Tell-Rifat və Mənbic üçün ordu qruplaşmasının formalaşdırılması hələ tam başa çatmayıb.

 

UKRAYNANIN Aİ-YƏ NAMİZƏDLİYİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR KEÇIRILIR

İyunun 13-də Ukraynaya Avropa İttifaqına (Aİ) namizəd statusunun verilməsi ilə bağlı müzakirələr başlayıb. “APA” verdiyi xəbərə görə, Brüsseldə keçirilən müzakirələr debat şəklində aparılacaq.

Eyni zamanda, debatlar zamanı Aİ-yə daxil olmağı ümid edən Moldova və Gürcüstanın da məsələsi müzakirə oluncaq.

Cümə gününə qədər davam edəcək müzakirələrdən sonra iyunun 17-də Avropa Komissiyası öz tövsiyələri ilə bağlı qərar verəcək.

Namizədlərin statusu ilə bağlı yekun qərar isə Aİ dövlət başçılarının iyunun 23-24-də keçiriləcək sammitində verilməlidir.

Ekspertlər qeyd edirlər ki, Avropa komissarları rəsmi Kiyevə yaşıl işıq yandıra bilər.

 

FRANSA SİLAH TƏMİNATINI ARTIRMAQ NİYYƏTİNDƏDİR

Fransa prezidenti Emmanuel Makron 2019-2025-ci illər üzrə hərbi planlaşdırma haqqında qanuna yenidən baxılacağını bəyan edib. “Report” agentliyinin “Le Figaro” qəzetinə istinadən verdiyi xəbərə görə, prezident bunu Ukraynada cərəyan edən hadisələr fonunda təhdidlərə uyğunlaşmaq zərurəti ilə əlaqələndirib.

Emmanuel Makronun sözlərinə görə, məqsəd ölkənin silah təminatını artırmaqdır. O qeyd edib ki, Fransa hərbi iqtisadiyyat mərhələsinə qədəm qoyub və uzun müddət bu mərhələni tərk etməyəcək.

Xatırladaq ki, daha əvvəl Makron milli sənaye şirkətlərinin ölkənin maraqlarına uyğun olaraq silah-sursat istehsalını artırmalı olduğunu bildirmişdi.

 

“META” KORPORASIYASI UŞAQLARA ZƏRƏR VERMƏKLƏ BAĞLI MƏHKƏMƏYƏ VERILIB

“Facebook” və “Instagram” uşaqlara zərər vurduğu üçün “Meta” korporasiyası ABŞ-da səkkiz iddia ilə məhkəməyə verilib. “APA”nın xəbərinə görə, bu barədə “The Register” saytında məlumat verilib.

Zərərçəkmişlər iddia ərizələrində qeyd olunan sosial şəbəkələrin alqoritmlərinin uşaq və yeniyetmələrdə təhlükəli aludəçilik yaradacaq şəkildə qurulduğunu iddia edirlər.

Bununla yanaşı, iddiaçıların fikrincə, “Facebook” və “Instagram” azyaşlıları yemək pozğunluğu, intihar, depressiya və yuxu pozğunluğu riskini artıran məzmuna baxmağa təşviq edir.

Bütün bu səkkiz işə “Beasley Allen” hüquq firmasını təmsil edən vəkil Endi Burçfild baxır. O, sayta müsahibəsində bildirib ki, gənclər arasında sosial mediadan istifadə ABŞ-da üzləşdiyimiz psixi sağlamlıq böhranında əsas amil kimi qəbul edilməlidir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.