İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Güləşçilərimizdən reytinq turnirinin birinci günündə 8 medal

İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri start götürüb.

Yarışın ilk günündə 55, 60, 63, 67, 87, 97 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Güləşçilərimiz yarışın ilk günündə 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

 

Türkiyədə "King of kings" yarışı keçirilib

Azərbaycan Kikboksinq Federasiyasının "Xocalı" İdman Klubunun kikboksçuları Türkiyənin Qars şəhərində keçirilən "King of kings" yarışında uğurla çıxış ediblər.

Təmsilçilərimiz turnirdə 21 qızıl, 5 gümüş medal qazanıblar.

 

Stend atıcımız bürünc medal qazanıb

Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) Türkiyənin Konya şəhərində keçirilən Qran-Pri yarışında Azərbaycanın stend atıcısı Nurlana Cəfərova stend atıcılığının dairəvi növü üzrə qadınlar arasında yarışda bürünc medal qazanıb.

Bundan əvvəl isə idmançılarımız Əli Hüseynli və Alina Rəfixanova qarışıq komanda yarışında üçüncü yeri tutmuşlar.

İyunun 13-də Konyada keçirilən Qran-Pri turnirində ölkəmiz 14 idmançı ilə təmsil olunur.

 

Qadın həndbolçulardan ibarət Azərbaycan yığma komandası qalib olub

Qadın həndbolçulardan ibarət Azərbaycanın yığma komandası V İslam Həmrəyliyi Oyunlarına hazırlığını davam etdirir.

Hazırlığa Bakıda təşkil olunan təlim-məşq toplanışı ilə başlayan yığmamız Gürcüstan millisi ilə iki yoxlama görüşündə qüvvəsini sınayıb.

İyunun 18-də keçirilən birinci qarşılaşma 28:17, iki gün sonra təşkil olunan növbəti yoldaşlıq görüşü isə 26:16 hesabı ilə millimizin qələbəsi ilə başa çatıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".