İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Avropa birinciliyinə yekun vurulub

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyinə yekun vurulub. 32 ölkədən 380 idmançının qatıldığı yarış  9 gün davam edib.  Yığmanın heyətində Şahin Aslanov Avropa çempionu tituluna yiyələnib. 52 kiloqram çəkidə mübarizə aparan boksçumuz finalda Bolqarıstan təmsilçisini məğlub edərək qızıl medala sahib olub. Səftər Məmmədzadə (90 kiloqram) də finalda ukraynalı Yosip-Vladislav Kozakeviçə qalib gələrək çempion tituluna yiyələnib. Komandamızın aktivinə bürünc medalları isə Adil Zalov (63 kiloqram) və İsmayıl Vəliyev (70 kiloqram) yazdırıblar. Azərbaycan milli komandası iki qızıl və iki bürünc medal olmaqla, 4 medal qazanan oğlanlardan ibarət milli komandamız Avropa birinciliyində dördüncü yeri tutub.

 

Taekvondo yığmamız daha bir medal qazanıb

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə böyüklər arasında Olimpiya çəki dərəcələri üzrə Avropa çempionatının ikinci günündə Azərbaycan milli komandası aktivinə daha bir medal əlavə edib. Yığmamızın heyətində Həmidreza Badrialiabadi fəxri kürsüyə yüksəlib. 80 kiloqramdan yuxarı çəkidə dayanqa çıxan taekvondoçumuz gümüş medala yiyələnib. Bununla da millinin heyətindəki mükafatların sayı 2-yə çatıb. Bir gün öncə Cavad Ağayev (68 kq) də ikinci yeri tutub. Estoniyada keçirilən gənclərin Avropa çempionatında da komandamız hələlik 2 medala sahib olub. Səlimə Quliyeva (42 kiloqram) gümüş, Məhəmməd Həsənli (45 kiloqram) bürünc mükafat qazanıb.

 

Cüdo üzrə ilk qadın dünya çempionumuz

Azərbaycanın qadın cüdoçusu Xədicə Qədəşova Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.  52 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu olub. O, final görüşündə Fransa təmsilçisi Alisya Pulanjı məğlub edərək bu titula sahib çıxıb.

 

Qrup hərəkətləri proqramı üzrə komandamız finalda

İspaniyanın Valensiya şəhərində keçirilən bədii gimnastika üzrə 40-cı dünya çempionatında qrup hərəkətləri proqramında çoxnövçülük üzrə təsnifat yarışları başa çatıb. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova və Yelizaveta Luzandan ibarət yığmamız finala yüksəlib. Qrup hərəkətləri komandası üç lent və iki topla hərəkətlərin icrasında həlledici mərhələyə adlayıb. Qeyd edək ki, daha əvvəl Avropa çempionatının bürünc mükafatçısı, Yay Universiadasının dördqat gümüş və bürünc medalçısı Zöhrə Ağamirova çoxnövçülük yarışlarının nəticəsinə əsasən, 12-ci pillədə qərarlaşaraq həm "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya, həm də finala vəsiqə qazanıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".