DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

LUKAŞENKO BELARUS VƏ AVROPADAKI TAKTİKİ NÜVƏ SİLAHLARINI MÜQAYİSƏ EDİB

ABŞ-ın Avropa ölkələrində yerləşdirdiyi kimi Belarusda öz ərazisində taktiki nüvə silahı yerləşdirib. “BelTA” agentliyinin verdiyi xəbərə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko parlamentdə çıxışı zamanı bəyan edib.

Belarus prezidentinin sözlərinə görə, Amerikanın taktiki nüvə silahı Niderland, İtaliya, Almaniya, Türkiyə və Belçikadakı aviabazalarda saxlanılır.

Bununla yanaşı, Lukaşenko bildirib ki, ölkəsi qərb sərhədlərində NATO qüvvələri ilə üz-üzədir. “Blokun şərq cinahında üç yüz minlik hərbi qrupun yerləşdirilməsi planı təsdiq edilib”, - deyə Belarus lideri vurğulayıb.

Eyni zamanda, dövlət başçısı əlavə edib ki, Qərb bunu “çəkindirmə kəməri” adlandırır: “Sadəcə, anlamaq olmur, onlar bununla kimin qarşısını almaq istəyirlər?”.

Xatırladaq ki, 2023-cü il martın 25-də Rusiya prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahının yerləşdirilməsi qərarını elan edib. Razılaşmaya əsasən, bu silahın istifadəsi ilə bağlı qərar Rusiya tərəfində qalır.

PENTAQONDAN İRAQA TƏHLÜKƏSİZLİKLƏ BAĞLI ÇAĞIRIŞ

ABŞ-ın İraq və Suriyadakı bazalarına zərbələr fonunda Vaşinqton rəsmi Bağdaddan Amerika hərbçilərinin təhlükəsizliyinin təminatını xahiş edir. “Report” agentliyinin xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder jurnalistlər üçün ənənəvi brifinqdə bildirib.

Xəbər verildiyi kimi, aprelin 22-də İranın hərbi qruplaşmaları ABŞ-ın İraq və Suriyadakı qüvvələrinə qarşı iki uğursuz hücum həyata keçirib. Məlumata görə, bu, fevralın 4-dən koalisiya obyektlərinə ilk hücum faktıdır. Sözügedən hücumlar koalisiya qüvvələrinin və İraqdakı şəxsi heyətin təhlükəsizliyini şübhə altına alır.

“İraq hökumətini bu qrupların hücumları ilə əlaqədar ABŞ ordusunun İraq və Suriyada təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atmağa çağırırıq. Hücumlar davam edərsə, əvvəllər olduğu kimi gücümüzü qorumaqdan çəkinməyəcəyik”, - deyə Patrik Rayder vurğulayıb.

QAZAXISTANDA HƏLƏ DƏ 8,5 MİN İNSAN TƏXLİYƏ MƏNTƏQƏLƏRİNDƏ QALIR

Qazaxıstanda davam edən daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalmaqdadır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Askar Şarip bu barədə brifinq zamanı bildirib.

“Hazırda 31112 nəfər öz evlərinə qayıdıb. Eyni zamanda 8566 nəfər, o cümlədən 3718 uşaq hələ də təxliyə mərkəzlərində qalır. Ümumilikdə isə mart ayından bəri 119 mindən çox insan daşqın zonalarından təxliyə edilib” - deyə Askar Şarip vurğulayıb.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda respublikanın Atırau, Aktobe, Qərbi Qazaxıstan və Şimali Qazaxıstan vilayətlərində daşqınlara qarşı mübarizə tədbirləri davam edir.

Qərbi Qazaxıstan vilayətinin Uralsk şəhərində “Jayık” çayının səviyyəsində tədricən azalma müşahidə olunur. Daşqınlara qarşı mübarizəyə ümumilikdə 32 mindən çox insan, 4 min texnika və 13 təyyarə cəlb olunub.

İLON MASK HİNDİSTANDA ELEKTROMOBIL ZAVODU TİKİLMƏSİNİ TƏXİRƏ SALIB

“Tesla” avtomobil istehsalı şirkətinin baş direktoru İlon Mask kompaniyanın strategiyasındakı dəyişikliklə əlaqədar Hindistanda elektromobil zavodunun tikintisi planlarını müzakirə etmək üçün bu ölkəyə səfərini 2024-cü ilin sonunadək təxirə salıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, elektromobil istehsalçısı yaxın gələcəkdə Hindistan və Meksikadakı zavodlara sərmayə qoymaq əvəzinə, 2024-cü ilin sonunadək yeni və daha sərfəli elektrik avtomobilləri istehsal etmək niyyətindədir.

Bununla yanaşı, şirkət yeni istehsal xətlərini nəzərdən keçirmədən öncə elektromobil istehsalını 50 faiz artıraraq, 3 milyona çatdırmaq istəyir.

Bir müddət öncə İlon Mask aprelin 21-22-də Hindistana planlaşdırılan səfərini təxirə saldığını bildirmişdi. O, Dehlidə baş nazir Narendra Modi ilə Hindistanda “Starlink” rabitə sisteminin işə salınmasının sürətləndirilməsini, ölkəyə 2 milyard dollarlıq sərmayə qoyuluşunu və elektromobillərin birgə istehsalı üçün zavod tikilməsini müzakirə etməli idi.

Qeyd edək ki, 2023-cü ildə İlon Maskın Hindistan hökumətinə göndərdiyi investisiya təklifi ildə 500 min elektromobil istehsal edəcək müəssisənin tikintisini və məhsulların üçüncü ölkələrə ixracını nəzərdə tuturdu.

UKRAYNAYA 1,5 MİLYARD AVROLUQ YARDIMIN NÖVBƏTİ TRANŞI KÖÇÜRÜLÜB

Avropa Komissiyası 2027-ci ilə qədər nəzərdə tutulan ümumi həcmi 50 milyard avro olan proqram çərçivəsində Ukraynaya 1,5 milyard avro məbləğində büdcə yardımının növbəti tranşını köçürüb. “TASS” agentliyinin xəbərinə görə, bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.

“Avropa Komissiyası fond çərçivəsində Ukraynaya 1,5 milyard avro məbləğində fövqəladə maliyyələşdirmənin ikinci tranşını köçürüb”, - deyə açıqlamada qeyd edilib.

Vurğulanıb ki, 2024-cü ilin ilk üç ayı üçün 4,5 milyard avroluq ilk tranş mart ayında ödənilib.

Eyni zamanda, bildirilir ki, yeni tranşın köçürülməsindən sonra Aİ-dən Kiyevə yardımın ümumi məbləği onun hesablamalarına görə 98,5 milyard dollara yüksəlib. Bu məbləğə ukraynalı qaçqınların qəbulu və yerləşdirilməsi üçün Aİ büdcəsindən ittifaq ölkələrinə köçürülən 18 milyard avrodan çox vəsait də daxildir.

“TALİBAN” LİDERİ SİLAHLI QRUPLAŞMALARA QARŞI XÜSUSİ BÖLMƏ YARADIR

Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatının lideri Heybətullah Axundzadə İŞİD  terror təşkilatı və digər silahlı qruplaşmalarla mübarizə üçün xüsusi bölmənin yaradılması barədə göstəriş verib. Bu barədə “Sputnik” informasiya agentliyinin verdiyi xəbərdə qeyd olunur.

Bununla yanaşı, “Afghanistan International” portalının açıqlamasına görə, Heybətullah Axundzadə hərbi komissiyaya göndərdiyi məktubda hazırda işsiz qalan döyüşçülərin həmin bölməyə səfərbər edilməsini tapşırıb.

Qeyd edilir ki, xüsusi bölmə müasir avadanlıqlarla təchiz olunacaq və kəşfiyyat məlumatları əsasında əməliyyatlar həyata keçirəcək.

Əfqanıstan Daxili İşlər Nazirliyi yerli hakimiyyət orqanlarından işsiz “Taliban” üzvlərinin siyahısını hazırlamağı tələb edib. Onlar hərəkatın keçmiş döyüşçülərinin müxtəlif qruplaşmalara qoşulmasından narahatdırlar.

PERULU QADIN 5 İLDİR GÖZLƏDİYİ “LƏYAQƏTLİ ÖLÜM” ARZUSUNA ÇATDI

Peruda ilk dəfə olaraq degenerativ xəstəliyi olan şəxs evtanaziya olunub. “TRT” telekanalının xəbərinə görə, 12 yaşından bəri əzələ ağrısı - polimiyozitdən əziyyət çəkən və müalicəsi mümkün olmayan xəstəliyə görə, 47 yaşlı Ana Estradanın evtanaziya tələbini Peru Ali Məhkəməsi təsdiq edib.

Qadının vəkili bildirib ki, Ana Estrada tibbi evtanaziya prosedurunu qəbul edib və öz iradəsi ilə həyatla vidalaşıb. Bununla da Peruda degenerativ xəstəlikdən əziyyət çəkən şəxs ölkə tarixində ilk dəfə evtanaziya edilib.

Məlumata əsasən, Ana Estrada özünün dediyi kimi, 5 ildir “ləyaqətli ölüm hüququ” uğrunda mübarizə aparırdı.

Ana Estrada 2024-cü il 22 yanvar açıqlamasında demişdi: “Ağrılarımın ilk günlərindən istəyim bu idi. Həyatımın sonunu əziyyət çəkmədən və narahat olmadan bitirmək üçün bu qərarın çıxmasına ehtiyacım var idi”.

Qeyd edək ki, son günlərini süni nəfəs aparatı ilə yaşayan Ana Estradanın evtanaziya qərarı 27 iyul 2022-ci ildə Peru Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.