Sağlam həyat
Maraqlı

Sağlam həyat

Arıqlamaq istəyənlərə müjdə

Çayı çox sevən bir xalq olaraq onun sağlamlığımıza hər hansı bir faydasını eşidəndə təbii ki, biz buna şad oluruq. Yəqin ki, bu yaxınlarda qara çayla bağlı aparılan yeni araşdırmanın nəticələri çoxlarınızın ürəyindən xəbər verəcək. Belə ki, 14 illik araşdırmalardan sonra məlum olub ki, qara çay xüsusilə də son zamanlar ən böyük problemlərimizdən olan çəki ilə mübarizədə möcüzəvi təsir göstərə bilər. Elm adamları bu sevimli içkinin maddələr mübadiləsini sürətləndirdiyini və yağları yandırdığını söyləyirlər.

Məlumdur ki, çaylardan bəziləri qarın yağını əritmək xüsusiyyətinə malikdir. Artıq belə çayların siyahısına qara çay da əlavə olundu. Alimlər bu içkinin digər çaylardan daha çox yüksək kofein tərkibinə malik olması səbəbindən visseral yağları yandırdığını deyirlər. Qeyd edək ki, visseral yağlar mədə və bağırsaq kimi həyati əhəmiyyətli orqanların yaxınlığında yerləşdiyi üçün təhlükəli hesab edilir. Pəhriz və məşq visseral yağların itirilməsində ən vacib amillərdəndir. Ancaq qara çayın da bu gizli yağları hədəfə alaraq onları yandırmağa kömək edən təsirləri ortaya çıxıb. "Mirror" jurnalında dərc edilən araşdırmada qara çayın flavonoidlər sayəsində çəki atmağa yardım etdiyi bildirilib.

14 il ərzində 4280 nəfər üzərində aparılan təcrübələr zamanı qida və ya içkilər vasitəsilə daha çox flavonoid qəbul edən insanların bədən kütləsi indeksinin (BMI) daha aşağı olduğu müəyyən edilib. Belə ki, gündə müntəzəm olaraq üç stəkan qara çay içən insanların bədən çəkisinin və yağlarının azaldığı məlum olub.

 

Vücudumuzun gizli "siqnal"ları

Vücudumuz bəzən ciddi xəstəliklərlə əlaqəli erkən xəbərdarlıq "siqnalları" verir. Çox vaxt ilk baxışda fərqinə varmadığımız və bizlərə adi hal kimi görünən bəzi əlamətlər ciddi xəstəliklərin xəbərçisi ola bilər.

Məsələn, bəzən sinəmizdə ağrı hiss etdikdə bunu çox vaxt ürəyimizlə əlaqələndiririk. Lakin mədə, həzm sistemi və ağciyər infeksiyaları da döş qəfəsinin narahatlığına səbəb ola bilər. Ancaq bu o demək deyil ki, belə hallarda ürəyimizlə bağlı narahat olmamalıyıq. İstirahət zamanı və ya normal bir vəziyyətdə baş verən sinə ağrısı ciddi ürək xəstəliyinə də işarə ola bilər. Əgər ağrı döş qəfəsi ilə bərabər kürək, boyun nahiyəsi və ya qola yayılarsa bu, ürək xəstəlikləri ehtimalını artırır.

Bir ay ərzində 10 kiloqrama yaxın çəkinin itirilməsi və iştahsızlıq isə diabet, xərçəng və qalxanabənzər vəzi xəstəlikləri səbəbindən müayinə edilməlidir.

Uzun müddət davam edən öskürək ağciyərin bədxassəli şişləri və infeksiyalarının göstəricisi ola bilər. Bundan əlavə, davamlı öskürək allergiyaya da işarə edir. Gözlərin saralması isə qaraciyər, öd kisəsi, öd yolları, xoş, yaxud bədxassəli şişlərin və anemiyanın əlaməti ola bilər.

Başgicəllənməsi isə adətən qan təzyiqinin düşməsi, yaxud yüksəlməsi, aşağı qan şəkəri, nevroloji, yoluxucu xəstəliklər, vertigo və göz xəstəlikləri ilə əlaqələndirilir. Hərarətin bir həftədən çox davam etməsi bədxassəli şişlər, xroniki infeksiyalar, revmatoloji xəstəliklərdən xəbər verə bilər.

Halsızlıq isə bir çox xəstəliklərin ümumi əlaməti hesab edilir. Bu əlamət daha çox müxtəlif infeksiyalar, vitamin çatışmazlığı, qan azlığı, xərçəng, ürək, böyrək, qaraciyər və tiroid (zob) xəstəliklərinin simptomu hesab edilir. Ayaqlarda şişkinliyin yaranması isə adətən ürək, böyrək çatışmazlığı və qalxanabənzər vəzinin həm az, həm də çox işlədiyi zaman özünü büruzə verir. Odur ki, sağlamlığınıza etinasız yanaşmayın, belə hallarla qarşılaşdıqda mütləq həkimə müraciət edin.

İnformasiya "Sözcü" qəzetində yayımlanıb.

 

Badımcanın daha bir faydası

Badımcan yay mövsümünün ən çox istifadə edilən tərəvəzlərindən biri olsa da, bəzi insanlar ondan hazırlanan yeməkləri xoşlamırlar. Ancaq amerikalı alimlər bu yaxınlarda badımcanın elə bir faydasını üzə çıxarıblar ki, onu mütləq qida menyusuna daxil etmək lazımdır.

Alimlər badımcanın tərkibində olan bəzi maddələrin orqanizmin xərçəng xəstəliklərinə olan davamlılığını xeyli artırdığını söyləyirlər.

Araşdırmalar zamanı məlum olub ki, tərəvəzin tərkibində olan xlorogen turşusu sərbəst radikalların hüceyrələrə olan mənfi təsirini azaldır və bununla da hüceyrələri mutasiyalardan qoruyaraq xərçəngin böyüməsinin qarşısını alır.

Bundan əlavə, kalsium, kalium və dəmir kimi mineralların "anbarı" hesab edilən badımcanın həm də çox güclü antioksidant mənbəyi olduğu üçün ürək-damar xəstəliklərinin yaranmasının qarşısını aldığı bildirilib. Alimlər badımcanın beyində qan dövranını yaxşılaşdırmaqla yanaşı, eyni zamanda qanda hemoqlabinin miqdarını artırdığını və eritrositlərin yenilənmə prosesini sürətləndirdiyini də qeyd ediblər. Bu xüsusiyyətlərinə görə mütəxəssislər hamilə qadınlara bol miqdarda badımcan yeməyi tövsiyə edirlər. Həmçinin, iri və içərisində toxumları çox olan badımcanın qandakı alkoqolun miqdarını da azaltdığı vurğulanıb.

Bilavasitə badımcanın qanda şəkərin səviyyəsini aşağı saldığına görə, diabet xəstələrinin də onu rahatlıqla istifadə etmələri məsləhət görülür.

İnformasiya "Apetite" jurnalında işıq üzü görüb.

 

Gözaltı kölgələrin səbəbi nədir?

Gözlərin ətrafında, göz qapaqlarında, ən çox da gözün altındakı qaralma, tündləşmə halları ilə tez-tez rastlaşırıq. Bu problem demək olar ki, kişilərdən çox qadınları narahat edir. Lakin bunun hansı səbəblərdən qaynaqlandığını isə çoxları bilmir. Adətən bu simptom yuxusuzluğun nişanəsi sayılır. Bəs bu əlamət daha hansı problemlərdən qaynaqlana bilər?

Gözaltı qaralmaların səbəbi kimi daha çox genetik faktorlar, allergiya və burun axıntıları göstərilir. Dəri xəstəliklərindən olan otopik ekzema da gözaltı qaralmaların səbəbləri sırasındadır. Digər önəmli səbəb isə yaşlanmadır. Yaşlanma ilə gözaltı dəri incəlir, dərini canlı göstərən kollagen maddənin səviyyəsi azalır və beləliklə gözaltı damarlar özünü daha çox büruzə verir.

Sümüklərin çıxıntılı, göz qapaqlarının şişkin, ya da gözaltı çuxurların daha qabarıq olması da qaralmaların özünü büruzə verməsinə gətirib çıxarır. Gözaltı qaralmalara qida və kosmetik allergiyalar da səbəb ola bilər.

Burun tıxanıqlığı zamanı göz qapağı ilə burun arasında olan qan damarlarının şişməsi, burunda olan çəpər əyriliyi, yaxud artıq ət problemi də gözaltı qaralmalara yol açır.

Yetərsiz qidalanma, duzdan çox istifadə - xüsusilə B, C, K, E vitaminlərinin çatışmazlığı gözaltı kölgələrin yaranmasına gətirib çıxarır. Bundan əlavə, gün ərzində kifayət qədər su içməmək, yuxusuzluq, siqaret və spirtli içkilərdən çox istifadə də bu problemin yaranmasına zəmin yaradır.

İnformasiya "Akşam" qəzetində dərc olunub.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".