DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ VƏ YUNANISTAN ARASINDA BƏYANNAMƏ İMZALANIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın baş naziri Kiriakos Mitsotakis dekabrın 7-də Afina Bəyannaməsini imzalayıblar. Bu barədə “TRT” telekanalının məlumatında qeyd olunur. Verilən xəbərə görə, sənəddə iki ölkə arasında əməkdaşlıq üçün yenilənmiş iradənin tanındığı vurğulanır.

Eyni zamanda, bəyannamədə iki qonşu ölkənin əlaqələrinin regionun rifahını və dinamizmini əhəmiyyətli dərəcədə artırmaq potensialına malik olduqlarına diqqət çəkilib. Bildirilib ki, dostluq və qarşılıqlı etimad mühitində hər iki tərəfin mənafeyi naminə birgə fəaliyyətin davam etdirilməsi zəruridir.

Məlumata əsasən, tərəflər mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək üçün bir-birinin hüquqi mövqelərinə xələl gətirmədən mövcud və gələcək çətinliklər qarşısında həmrəylik ruhunu təşviq edəcəyini bəyan ediblər.

Bununla yanaşı, Türkiyə və Yunanıstan liderləri qarşılıqlı əməkdaşlığa dair bir sıra məsələlərlə yanaşı, davamlı, konstruktiv və mənalı məsləhətləşmələr aparmağa dair razılaşma əldə ediblər.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Yunanıstana rəsmi səfər edib.

MACARISTANIN BAŞ NAZİRİ ŞARL MİŞELİN PLANINI POZDU

Macarıstanın baş naziri Viktor Orban ilin sonunda Avropa İttifaqı liderlərinin sammitini pozmaqla hədələdiyi üçün Avropa Şurasının prezidenti Şarl Mişel Çinə səfərini qısaltmaq məcburiyyətində qalıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata əsasən, Viktor Orban bir neçə gün öncə Şarl Mişelə ünvanladığı məktubunda Ukraynanın üzvlük məsələsini gündəmdən çıxarmağa çağırıb. Macar lider qeyd edib ki, açıq-aşkar konsensusun olmaması səbəbindən, Aİ-nin toplantısı uğursuzluqla nəticələnəcək.

Macarıstanın baş naziri Avropa Komissiyasının noyabrda təsdiqlənməsindən sonra Ukraynanın üzvlük danışıqlarının başlanmasına qəti şəkildə qarşı çıxıb və bu ölkəyə 50 milyard avroluq yardıma veto qoymaqla hədələyib.

Nəşrin xəbərinə görə, Şarl Mişel Pekindən planlaşdırılandan daha tez qayıdacaq, çünki Çin tərəfindən dinlənilməməsi üçün Aİ liderləri ilə danışmaq üçün Pekində təhlükəsiz telefon xətti yoxdur.

Qeyd edilir ki, Fransa prezidenti Emmanuel Makron da Viktor Orbanı kompromis tapmağa çalışmaq üçün bu həftənin sonunda Parisdə görüşə dəvət edib.

DÜNYANIN İLK DÖRDÜNCÜ NƏSİL AES-İ İSTİFADƏYƏ VERİLİB

Çin dünyada ilk dörduncü nəsil atom elektrik stansiyasını (AES) işə salıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Çin Xalq Respublikasının Dövlət Energetika İdarəsi məlumat yayıb.

Açıqlamaya əsasən, yüksək temperaturlu qazla soyudulan reaktora malik “Shidaowan” qurğusu Şandun əyalətində yerləşir. Bildirilir ki, AES 168 saat fasiləsiz sınaq rejimində işləyib və rəsmi olaraq kommersiya istismarına verilib.

“Bu, Çinin dördüncü nəsil nüvə enerjisi texnologiyalarının tədqiqi, inkişafı və tətbiqi sahəsində dünyanın aparıcı səviyyəsinə çatdığını göstərir”, - deyə idarənin bəyanatıda vurğulanır.

Xəbər verilir ki, qazla soyudulan reaktorun ən mühüm üstünlüyü onun elektrik enerjisi istehsalı sahəsində təhlükəsizliyidir və buna görə də belə atom elektrik stansiyalarının geniş perspektivləri var.

YAPONİYADA GÖYƏRÇİNİ ÖLDÜRƏN TAKSİ SÜRÜCÜSÜ HƏBS EDİLİB

Yaponiyanın paytaxtı Tokioda göyərçini qəsdən vuraraq öldürən taksi sürücüsü həbs edilib. Bu barədə ölkənin “NHK” telekanalının məlumatında qeyd olunur.

Xəbər verilir ki, işıqforda gözləyən taksi sürücüsü işıqforun yaşıl işığında avtomobilini göyərçinlərin olduğu yerə sürüb. Saatda təxminən 60 kilometr sürətlə hərəkət edən avtomobil göyərçinlərdən birini vuraraq öldürüb, sürücü isə hadisə yerini tərk edib.

Yaxınlıqdakı piyadaların çağırışından sonra hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hüquq-mühafizə orqanının əməkdaşları hadisənin başvermə səbəblərini araşdırıb. Məlum olub ki, işıqforda gözləyən taksi sürücüsü sonradan qəfil sürəti artıraraq avtomobili göyərçinlərin üstünə sürüb.

İstintaq müəyyən edib ki, peşəkar sürücü avtomobilin sürət həddini qəsdən artıraraq maşını göyərçinlərə tərəf sürüb və bu hərəkət “son dərəcə qərəzli” olub.

Polis idarəsində dindirilərkən törətdiyi cinayəti etiraf edən sürücü qeyd edib ki, yol piyadalarındır və quşlar buna mane olmamalıdır. Sürücü göyərçini qəsdən öldürmək və vəhşi təbiət qanununu pozmaq ittihamı ilə həbs edilib.

İRAN ABŞ-DAN MİLYARDLARLA DOLLAR KOMPENSASİYA TƏLƏB EDİR

İran ABŞ-dan iranlı general Qasım Süleymaninin ölümünə görə təxminən 50 milyard dollar pul tələb edib. “Trend” agentliyinin məlumatına görə, bununla əlaqədar İranın Tehran Hüquq Məhkəməsi qərar verib.

Eyni zamanda, qərara əsasən, ABŞ hökuməti və bu ölkənin daha 41 hüquqi və fiziki şəxsi iranlı general Qasım Süleymaninin ölümündə məsuliyyət daşıyırlar.

Xəbər verilir ki, İranın Qasım Süleymaninin ölümünə görə kompensasiya tələb etdiyi şəxslər arasında ABŞ-ın sabiq prezidenti Donald Tramp, keçmiş dövlət katibi Mayk Pompeo və digər rəsmi şəxslər var.

Bununla yanaşı, məhkəmənin qərarında bildirilib ki, iranlı general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsinə görə 3318 iranlı yerli instansiyalara şikayət ediblər.

Qeyd edək ki, 3 yanvar 2020-ci ildə ABŞ-ın hücumu nəticəsində İraqda İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds qüvvələri komandanı general Qasım Süleymani və bir neçə nəfər öldürülüb.

BMT BAŞ KATİBİ İLK DƏFƏ TŞ SƏDRİNƏ MƏKTUB GÖNDƏRİB

BMT-nin baş katibi Antonio Quterreş ilk dəfə təşkilatın Təhlükəsizlik Şurasının sədrinə məktub ünvanlayıb. “Report” agentliyi xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında bəyan edib.

Mətbuat katibinin sözlərinə görə, Qəzza zolağında və İsraildə qısa müddətdə insan tələfatının miqyasını nəzərə alaraq baş katib BMT Nizamnaməsinin 99-cu maddəsinə istinad edərək TŞ-nın sədrinə məktub göndərib.

Bildirilir ki, bu, Antonio Quterreşin beynəlxalq təşkilatın sədri kimi 2017-ci ildən bu yana Təhlükəsizlik Şurasına göndərdiyi ilk məktubdur.

Məktubda baş katib TŞ-nın üzvlərindən bölgədə humanitar fəlakətin qarşısının alınmasını və humanitar atəşkəsin elan olunmasını xahiş edib.

HAVAYA ATILAN KARBON QAZININ MİQDARI REKORD HƏDDƏ ÇATACAQ

Kömür və qaz kimi ənənəvi yanacaqlardan istifadə zamanı atmosferə atılan zərərli karbon qazı bu il rekord həddə çatacaq. Bu barədə məlumat “Global Carbon Project” təşkilatının məruzəsində əks olunub.

Məlumata görə, 2023-cü ildə havaya atılan karbon qazının miqdarı təxminən 37 milyard ton təşkil edəcək. Öncəki illə müqayisədə bu göstərici 1,1 faiz artıb.

Açıqlamaya görə, Hindistanda 8,2 faiz, Çində isə 4 faiz artım müşahidə edilib. Eyni zamanda, karbon qazı emissiyası Avropada 7,4 faiz, ABŞ-da 3 faiz azalıb.

Qeyd edək ki, hazırda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı (COP28) keçirilir.

Dekabrın 12-dək davam edəcək tədbirdə müxtəlif ölkələrdən 70 mindən çox nümayəndə, o cümlədən iri biznes və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, tədqiqatçılar, ekspertlər və jurnalistlər iştirak edirlər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.