Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Lotos" çiçəyi bələdiyyə binası

Həm insanların rahatlığını təmin edən, həm də estetik baxımdan zövq verən tikililərdən biri də Çinin Çançjou şəhərindəki "Lotos" binasıdır. Qeyri-standart quruluşa malik olan bu bina "Studio 505" memarlıq bürosu tərəfindən layihələndirilib. Bəlkə də çoxları elə düşünür ki, bu ya ticarət mərkəzi, ya dəbdəbəli otel, ya da böyük əyləncə kompleksidir. Ancaq bu belə deyil, "Lotos" çiçəyi formasında tikilən bina əslində bələdiyyə orqanlarının yerləşdiyi nəhəng tikilidir.

Süni gölün ortasında inşa edilən bina lotos çiçəyinin tumurcuqdan başlayaraq açılmış gülə qədər olan inkişafının üç mərhələsini özündə əks etdirir. Axşamlar binanın işıqlandırılması zamanı isə "Lotos" əsl sənət əsərinə çevrilir. İlk baxışdan çox zərif və möhtəşəm görünən bu tikili yalnız dekorativ xarakter daşımır. İnanılmaz olsa da binanın əsas hissəsi suyun altında yerləşir. Süni gölün altında olan daha iki mərtəbə əslində, enerjiyə qənaət etmək üçün nəzərdə tutulub. Məsələ burasındadır ki, gölün suyu kondisioner funksiyasını yerinə yetirir. Tikinti zamanı süni su anbarına 2500-ə yaxın geotermal blok quraşdırılıb. Onların köməyi ilə ən isti havada binada temperatur aşağı, qışda isə əksinə, yuxarı olur.

Şəhərsalma departamentinin, konfrans zallarının və bir neçə tanınmış şirkətlərin büroları yerləşən bina ecazkar arxitekturası ilə insanların zövqünü oxşayır.

 

Böyük Zimbabve kompleksi

Dünyanın ən böyük tarixi kompleksi - Afrikanın Zimbabve bölgəsində yerləşən xarabalıqlar memarlığın möcüzəsi adlandırılır. Adi üçbucaqlı qranit plitələrdən ibarət mürəkkəb ornamentli abidənin tikintisində inşaatçılar heç bir yapışdırıcı maddədən istifadə etməyiblər. Böyük Zimbabvenin nəhəng daş xarabalıqları ilk dəfə XVI əsrdə Portuqaliya tacirləri tərəfindən aşkar edilib.

Üç hissədən ibarət kompleksin hər biri fərqli memarlıq üslubunda inşa edilib. Ümumi sahəsi 730 hektar olan ərazi əvvəllər 15 mindən çox insanın yaşadığı böyük ticarət və dini mərkəz olub. 5 metr qalınlığında olan divarların hündürlüyü 11 metr, konusvari qüllənin hündürlüyü isə 10 metrdir. Görünür, buranı dini mərasimlər zamanı istifadə ediblər. Təxminən 1130-cu ildə qurulmuş abidə kompleks iki-üç əsr mövcud olmuşdur. Qədim dövrlərdə Böyük Zimbabve Monomotapa əyalətinin mərkəzi olub. Burada insanlar dünyanın hər yeri ilə limanlar vasitəsilə ticari əlaqələr qururdular. XV əsrin sonlarında isə iqlim dəyişir və Böyük Zimbabve sakinləri bölgəni tamamilə tərk edirlər.

İnanılmaz gözəlliyə malik kompleks hazırda Sahara və Misirin cənubundakı qədim Afrika memarlığının ən möhtəşəm abidəsi hesab olunur.

 

"Kabazon dinozavrları" binası

Kaliforniya ştatının Kabazon bölgəsində polad və betondan ucaldılmış iki "Dinozavr" binası memarlığın nə qədər sərhədsiz olduğunun əyani sübutudur. Heykəltəraş və rəssam Klod Bell yol kənarında olan parka diqqət çəkmək üçün 1964-cü ildə belə bir ideya üzərində işləmək qərarına gəlir. Tarixdə ilk dinozavr şəklində olan binanın - Dinninin inşası 1964-cü ildə başlasa da, tikinti işləri 11 il çəkib. Daha sonra 1981-ci ildə rəssam mister Reks adlı binanın tikintisinə başlayır. 1975-ci ildə Dinni, 1986-cı ildə mister Reks adlı binanın tikinti işləri başa çatır.

Ən böyük brontozavrın uzunluğu 46 metr, tiranozavrın isə 20 metrdir. Tikinti zamanı ilk öncə polad karkaslar ucaldılmış, daha sonra isə metal tordan dinozavr fiqurları düzəldilmişdi. Heykəllər hazır olduqdan sonra onun üzərinə torkretbeton təbəqəsi çəkilmiş və bina tamamilə nəhəng heyvan formasını almışdır.

Binanın müəllifi Klod Bell 91 yaşında dünyasını dəyişəndən sonra onun ailəsi binanı satışa çıxarıb. Hazırda dinozavrların içərisində parkın administrasiyası yerləşir, bir neçə suvenir polkaları və kafe də fəaliyyət göstərir. Bu möhtəşəm dinozavr cütlüyü Amerikada böyük populyarlıq qazanıb. Hər kəsin diqqətini çəkən nəhəng "dinozavrlar" dəfələrlə filmə də çəkilib.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".