Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Bir əl sıxmaq görün nələrə qadirdir

Salamlaşdığınız zaman  əl sıxarkən  bədən dilinizin  sizin haqqınızda nə qədər məlumat verdiyini bilirdinizmi? Bəli, bəzən bir kəlmə belə demədən, sadəcə əl sıxmaqla qarşı tərəfə çox şey söyləyə bilərsiniz.

Məsələn, bu ritualı edərkən  hər iki şəxsin də tək əlindən istifadə edərək  bir-birinin əlini möhkəm sıxması və bu ərəfədə  kiminsə əlinin digərininkinin üstündə  olmaması  tərəflərin  özünə inamının əlamətidir. Bu, həmçinin  tərəflərin  biri-birilərini eyni səviyyədə görməsi deməkdir.

İki əllə salamlaşmaq isə adətən qarşı tərəfə dəstək vermək niyyətində olduğuna işarə edir. Bu, sadə dillə desək,  "sən mənim üçün önəmlisən və yanındayam" deməkdir. Əgər biri sizinlə salamlaşarkən əlinizi var gücü ilə sıxarsa, bu, həmin şəxsin sizə qarşı aqressiv olduğunu və bununla da açıq bir şəkildə sizə meydan oxuduğunu hiss etdirmək istədiyini göstərir.

Qarşınızdakının əlini qoparacaqcasına  sıxması kimi, zəif əl sıxmaq da  bir o qədər xoş qarşılanmır.  Psixoloqlar əslində, qarşı tərəfə olan münasibətə  görə əl sıxıldığını söyləyirlər. Hətta iş görüşmələri zamanı bu ritualın göz təması ilə üst-üstə düşməsinin də vacib olduğu  bildirilir.  Belə ki, bədən dili iş görüşmələrində çox böyük əhəmiyyət kəsb edir. Bu ərəfədə nə söylədiyiniz qədər, nə etdiyiniz də önəmlidir.  Unutmayın ki, bu ritualın  müəyyən qaydalarına  riayət etməklə bir çox görüşmələrdən müsbət nəticələr əldə etmə  şansınız da  arta bilər.

  

Tısbağalar niyə çox yaşayır?

Tısbağalar uzunömürlülükləri ilə ən çox diqqətçəkən heyvanlardan biridir. Elə bu səbəbdən də cizgi filmlərində  adətən müdrik personajlar kimi canlandırılır. Bu astagəl heyvanların yaşam sirri daim alimlərin maraq dairəsində olub və indiyə qədər mövzu ilə bağlı bir çox araşdırmalar aparılıb. Bu yaxınlarda aparılan araşdırmada onların yaşlanma prosesində ləngimənin olduğu ortaya çıxıb.

Yaşlanmaq  bizim üçün həyatın qaçılmaz bir gerçəyi olsa da, bəzi tısbağa növləri üçün bu, belə deyil. İki yeni araşdırmadan toplanan dəlillər bir neçə tısbağa növünün biz insanlar kimi  yaşlanmadığını göstərir. Qocalmanın zəiflədici və hüceyrələri məhv edən təsirlərinin bu heyvanlardan yan keçdiyi görünür. Belə ki, “Testudines" tısbağalarının yaşlanmanı ləngitmək, hətta  dayandırmaq bacarığına sahib olduqları məlum olub. “Science” jurnalında dərc olunan yeni araşdırmada, 107 vəhşi populyasiyadan 77 növ tısbağa  üzərində  aparılan uzunmüddətli  tədqiqatlardan əldə edilən  məlumatlardan istifadə edən alimlər, bu heyvanların  müasir insanlardan daha ləng yaşlandığını söyləyirlər.  Qeyd edək ki, bura təkcə tısbağalar deyil, həm də amfibiya, ilan və timsahlar daxildir.

Alimlər bu soyuqqanlı heyvanların  uzunömürlülüyünün səbəbini quşlar və məməlilərlə müqayisədə daha ləng həyat tərzi keçirmələri və onların sümük qədər möhkəm anatomik çanaq

quruluşuna sahib olmaları ilə əlaqələndirirlər. Üstəlik tısbağaların digər heyvanlar tərəfindən ovlanmaması bu ehtimalı daha da qüvvətləndirir.

 

Nostaljinin də xeyri var imiş...

Keçmişin həsrətini çəkərək  o günləri  xatırlamaqla əslində beyninizə müsbət siqnallar göndərmiş olduğunuzu bilirdinizmi? Araşdırmalar nostalji hissinin sağlamlığımız üçün çox faydalı olduğunu göstərir.

Depressiya, fiziki yorğunluq, ağrı və ya xroniki xəstəliklər... Hər bir insanın başına gələ biləcək bu xəstəliklərin çarəsi keçmiş zamanlara səyahət etməkdə ola bilər.

“Journal of Neuroscience” jurnalında dərc olunan araşdırmaya görə nostalji hissi ağrı və kədəri yüngülləşdirə bilən  çox güclü təsirə malikdir. Yəni, fiziki ağrılar və ya əhvali-ruhiyyənin pozulduğu bir zamanda keçmiş günləri xatırladan fotoşəkilə baxmaqla  ağrılar yüngülləşə bilər.

"Fiziki ağrıların bir qismi əslində, psixolojidir. Çünki ağrıları beynimizlə hiss edirik. Vücudumuzda hər nə qədər  ağrı  reseptorları olsa da, onu qəbul edən beynimizdir. Beynimiz o qədər  qeyri-adi bir orqandır  ki,  heç bir bioloji səbəb  olmadan da, ağrı hiss edə bilərik. Məsələn, bəzi  insanların stresden  mədə, qarın, hətta ürəkləri belə ağrıyır. Kədərləndiyimiz zaman yaşadığımız fiziki ağrıları daha güclü hiss edirik. Araşdırmalarımız nostalji hissinin, yəni keçmişdə yaşanan xoş günlər, uşaqlıq xatirələri, universitet, məktəb illərini xatırlamağın  psixologiyaya müsbət təsir edərək ağrı və iztirab hissini azaltdığını göstərir”,-deyə araşdırma müəlliflərindən biri izah edib.

 

Dünyanın ən böyük bitkisi tapıldı

Avstraliyalı alimlər  bu yaxınlarda dünyanın ən böyük bitkisini tapıblar. Avstraliyanın qərb sahillərində, Shark körfəzində aşkar edilən su bitkisinin 180 kilometr uzunluğunda olduğu açıqlanıb.

Cənubi Avstraliyanın Flinders Universiteti və Qərbi Avstraliya Universitetinin tədqiqatçıları təxminən 200 kvadratkilometr əraziyə yayılmış dənizotunun "Posidonia australis" növündən olduğunu söyləyirlər. Elm adamları  bu nəhəng orqanizmin ən azı 4500 yaşında olduğunu təxmin edirlər. Həmçinin bitkinin tək toxumdan geniş bir əraziyə yayıldığı müəyyən edilib.

"Bitkinin bu qədər uzun müddət necə sağ qalması və böyüməsi bizim üçün çox maraqlıdı. Bu haqda hələ ki, dəqiq bir fikir deyə bilmirik,  çünki çaşqınlıq yaradan bir neçə məqam var. Odur ki, araşdırmalarımız davam edir”,- deyə Flinders Universitetinin ekoloqu və tədqiqatın müəllifi Martin Breed qeyd edib.

Bölgədə ətraf mühit dəyişikliyinin müşahidə edildiyini ifadə edən Breedin sözlərinə görə, otun yayıldığı ərazidəki suda 17 ilə 30 dərəcə selsi arasında geniş  temperatur aralığı var. Alim belə bir şəraitdə normal dəniz suyunun duzluluğunun ikiqat artdığını və bu şərtlərin çox vaxt bitkilər üçün kifayət qədər stress yaratdığını söyləyib.

Tədqiqatçılar  bilavasitə,  bitkinin öz analoqlarından iki dəfə çox xromosoma malik olduğunu və müdaxilə edilmədiyi təqdirdə, böyüməyə davam edəcəyini bildiriblər. 

Qeyd edək ki, komanda bitkinin dəyişkən şəraitdə necə sağ qaldığını daha yaxşı başa düşmək üçün araşdırmalarını davam etdirir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".