İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

"Shusha Chess-2022": birinci tura yekun vurulub

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə "Shusha Chess-2022" beynəlxalq şahmat turnirinin rapid yarışlarında birinci tura yekun vurulub.

Qadınların yarışında ilk turda Gövhər Beydullayeva Xanım Balacayeva, Marsel Efroimski (İsrail) Yolanta Zavadska (Polşa), Ülviyyə Fətəliyeva isə Gülnar Məmmədova ilə heç-heçə edib. Gürcüstanlı Nana Dzaqnidze Günay Məmmədzadəyə, Türkiyə idmançısı Kübra Öztürk isə Meri Arabidzeyə (Gürcüstan) qalib gəlib.

Kişilərin mübarizəsində isə Şəhriyar Məmmədyarov Qədir Hüseynovu, Vasif Durarbəyli Çin təmsilçisi Hao Vanqı, hindistanlı Santoş Qucrati Vidit isə Mustafa Yılmazı (Türkiyə) məğlub edib. Teymur Rəcəbov Parham Maqsudlu (İran), Rüstəm Qasımcanov (Özbəkistan) isə Rauf Məmmədovla heç-heçə edib.

 

FHN-in karate komandası çempionatda uğurla çıxış edib

Çexiya Respublikasının Pardubitse şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə keçirilən 12-ci dünya çempionatında Azərbaycan milli komandasının və Fövqəladə Hallar Nazirliyinin (FHN) idman-sağlamlıq klubunun üzvləri nailiyyətlər əldə ediblər.

45 ölkədən 800 idmançının mübarizə apardığı turnirdə 18-21 yaş kateqoriyası üzrə gənclər arasında Astan Qasımov (+84 kq), böyüklər arasında 21 yaşdan yuxarı kateqoriyada isə Ülvi Məmmədov (+84 kq) şəxsi kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Komandanın digər üzvü - 21 yaşdan yuxarı böyüklər arasında şəxsi kumite yarışlarında Elnur Əliyev (+75 kq) yarışın bürünc medalına layiq görülüb. Bundan əlavə, komanda kumite yarışlarında karateçilərimiz Ülvi Məmmədov, Elnur Əliyev yarışın gümüş, Xəyal Məmmədov isə bürünc medalının sahibi olublar.

 

Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçısı olub

Stolüstü tennisçimiz Adil Əhmədzadə Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən və 18 ölkənin idmançılarının qatıldığı "Wtt Youth Contender Tbilisi" turnirində mükafata layiq görülüb.

15 yaşadək tennisçilərin turnirində yarışan idmançı yarımfinaladək inamla irəliləsə də, finala çıxış uğrunda görüşdə uduzaraq 3-cü yeri tutub. Eyni yaş qrupunda qüvvəsini sınayan Rüstəm Hacılı ilə Hüseyn Eylazov səkkizdəbir finalda mübarizəni dayandırıblar.

On bir yaşadək tennisçilərin turnirində Onur Quluzadə də yarışı 3-cü pillədə bitirib. Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn tennisçi yarımfinalda uduzaraq 3-cü yerlə kifayətlənib.

 

Almatıda gimnastlarımız 5 medal qazanıb

Almatı şəhərində tamblinq üzrə açıq Qazaxıstan çempionatı keçirilib. İdmançılarımız uğurla çıxış edərək fərdi yarışlarda yığmamızın aktivinə 2 qızıl, 2 gümüş, komanda hesabında isə 1 qızıl medal yazdırıblar.

Təmsilçilərimizdən Mixail Malkin və Bilal Qurbanov bütün rəqiblərini üstələyərək fəxri kürsünün birinci pilləsində yer alıblar. Hüseyn Əsədullayev və Aleksey Karataşov isə gümüş medala layiq görülüblər. Komanda yarışlarında da idmançılarımız bütün rəqiblərini üstələyərək fəxri kürsünün birinci pilləsinə yüksəliblər.

Nərgiz İSMAYILOVA,

"Respublika".