Bircə mən hiss etdiyim ətri duya bilsəydin...
Sosial həyat

Bircə mən hiss etdiyim ətri duya bilsəydin...

Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Torpaq, Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanları bu gün xatırlamaq mənəvi borcumuzdur. Bu müharibə Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi.

Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və torpaqlarımızın düşmən tapdağından azad olunması ilə yekunlaşdı. Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz şanlı tarix yazaraq düşməni darmadağın etdi. 2020-ci il Azərbaycan tarixinə Zəfər ili, torpaqlarımızın işğaldan azad olunduğu il kimi düşdü.

Sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Ordumuzun başladığı 44 günlük Vətən müharibəsi düşmənin sarsıdıcı məğlubiyyəti ilə nəticələndi. Bu haqq savaşında qələbəyə görə şəhidlərimizə və qazilərimizə borcluyuq. Qarabağ uğrunda müharibə başlayanda torpağa Ana deyib ölüm-dirim savaşına atılanların qəlbində bircə hiss var idi: Vətəni düşməndən qoruyaraq ona layiqli oğul olmaq!

Haqq-ədalət savaşımızda bizə qələbə bəxş edən şəhidlərimiz, qazilərimiz, hərbçilərimizin qəhrəmanlığı, şücaəti gənc nəsil üçün əbədi miras qalan mənəvi dəyərimizdir. Məhz Vətən qarşısında öz borcunu şərəflə yerinə yetirən minlərlə hərbçimiz Prezident cənab İlham Əliyevin sərəncamları ilə yüksək dövlət orden və medalları ilə təltif edilmişdir.

Bu gün biz fəxrlə deyə bilərik ki, Vətən üçün şəhidliyi könüllü qəbul edən, bununla fəxr edən gənclərimiz var. Vətən müharibəsi şəhidi Abdullayev Həsən Qərib oğlu 21 iyun 1994-cü ildə Daşkəsən şəhərində doğulub. O, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edib. Həsən Abdullayev Vətən müharibəsində şəxsi igidlik və şücaət göstərib, 9 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 12 noyabr 2020-ci ildə Gəncə Şəhidlər xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən Həsən Abdullayev göstərdiyi igidliyə, fədakarlığa və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda", "Döyüşlərdə fərqlənməyə görə", "Kəlbəcərin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Həsənin anası oğlunun ölümündən 3 gün əvvəl onu düşünərək, vəfat edir. Ana baladan, bala anadan xəbərsiz dünyadan köçürlər.

Son nəfəsində dostuna "bircə mənim hiss etdiyim ətri duya bilsəydin" deyir 26 yaşlı igid. Şiddətli döyüşlər gedən zaman Həsən Abdullayev döyüş yoldaşlarının nəşinin yanında 3 gün sağ qalır. Daha sonra xüsusi təyinatlı dəstənin üzvləri onun sağ olduğunu görür və Həsən onlara qoşulub yenidən döyüşlərə davam edir.

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunub və hər zaman minnətdarlıqla anılacaqdır.

Bu gün hər birimiz üçün şəhid məzarları and yerinə çevrilib. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur.

M.MİRZƏ,

"Respublika".