Əbədiyyətə çevrilən Vətən sevgisi
Sosial həyat

Əbədiyyətə çevrilən Vətən sevgisi

Bu gün hər bir gəncimiz üçün şəhid məzarları and yerinə çevrilib. Bu gün biz fəxrlə deyə bilərik ki, Vətən üçün şəhidliyi könüllü qəbul edən, bununla fəxr edən gənclərimiz var.

Elnur Nərbala oğlu Məhərrəmov da bu il sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısını alan zaman şəhidlik zirvəsinə ucalanlardan biridir. Elnur 2001-ci il may ayının 18-də Göyçay rayonu, Şəkər kəndində dünyaya göz açıb. Orta məktəbi bitirəndən sonra 2018-ci ildə Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinə daxil olub. Elnur iki il təhsil aldığı müddətdə həm işləyib, həm də oxuyub. Bakıda "Özsüt" restoranında çalışırdı. 2021-ci ildə könüllü olaraq hərbi xidmətə yollanmağa qərar verib. Elnur düşünüb ki, qayıtdıqdan sonra təhsilinə davam edəcək. Təəssüf ki, onun bu arzusu reallaşmadı.

Elnur Ermənistan ordusunun təxribatının qarşısını alarkən sentyabrın 14-də Kəlbəcər istiqamətində Vətəni qorumaq üçün qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalır. O, doğulduğu torpaqda da dəfn edilib.

Atası Nərbala Məhərrəmov bildirir ki, oğlunu fəhlə işləyərək böyüdüb. Beş övlad atasıyam, min bir çətinliklə, əzab-əziyyətlə ərsəyə gətirmişəm. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq istədi. Elnur qısa bir müddətdə hazırlaşdı və qəbul olundu. Sevincimizin həddi-hüdudu yox idi. Təhsil pullu olduğundan Universiteti yarımçıq saxladı. Maddi imkanımız olmadığından bu addımı atdı. Oğlumla fəxr edirəm. Başımı uca etdi. Elnur Vətən uğrunda şəhid oldu. Haqqımı halal edirəm.

Şəhidin anası söyləyir ki, sonuncu dəfə zəng edəndə eşitmədiyim üçün telefonu açmayıb. Buna görə çox peşmanam. Təsəllim Elnurun torpaq, Vətən uğrunda şəhid olmasıdır. Çox vətənpərvər idi. Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, həm də doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır. Vətənpərvərliyin ən ali məqamı isə şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər, qeyrət simvoludur. Çoxlu arzuları var idi. Təəssüf ki...Qisməti şəhidlik imiş...Vətən sağ olsun!.

Elnurun təhsilini yarımçıq qoyub hərbi xidmətə getməzdən əvvəl böyüdərək ailəsinə verdiyi Qumru quşu onun şəhidlik zirvəsinə ucaldığı gündən şəklinin yanından ayrılmır. Qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur. Azərbaycan xalqı şəhidlərini daim dərin hörmət və ehtiramla yad edir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, dövlətimizin suverenliyi və xoşbəxt gələcəyi uğrunda canlarını fəda etmiş Elnur kimi qəhrəman oğullarımız müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsi hesab edilir.

Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə - Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq.

M.MİRZƏ,

"Respublika".