Sağlam əqidəli Azərbaycan gəncliyi ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır
Sosial həyat

Sağlam əqidəli Azərbaycan gəncliyi ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır

"Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".

Heydər ƏLİYEV,
Ümummilli lider.

Respublikamıza rəhbərliyinin hər iki dövründə gənclər siyasəti ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqaməti olmuş, gənc nəslin bilik və bacarıqlarını quruculuq, elmi-mədəni yaradıcılıq sahələrində, idarəetmə işlərində tətbiq etmələrinə, özlərini cəmiyyətdə təsdiqləmələrinə hərtərəfli imkanlar yaradılmışdır. Onların mükəmməl təhsil almaları, dünyada gedən proseslərin iştirakçısı olmaları, öz xalqına, dövlətinə xidmət etmələrini təmin etmək, ən ümdəsi isə Azərbaycanı gənclər ölkəsinə çevirmək məqsədilə ulu öndərin müvafiq sərəncamı ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı və qısa bir vaxtda dövlət gənclər siyasətinin istiqamətləri müəyyənləşdirildi, ayrı-ayrı dövlət orqanlarının gənclərlə birgə fəaliyyəti təşkil olundu.

2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikası gənclərinin ilk Forumunun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığının daha da möhkəmləndirilməsi istiqamətində dövlət səviyyəsində bütün zəruri addımlar atıldı. 1997-ci ildə Heydər Əliyev 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsi barədə sərəncam imzaladı. Ümummilli liderin Azərbaycan gənclərinin həyatında mühüm əhəmiyyət kəsb edən bu addımından sonra 1988-ci ildə keçirilən gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edildi.

Zamanın tələbinə uyğun bacarıqlı, geniş dünyagörüşlü, ümumbəşəri əxlaqi dəyərlərə sahib, milli-mənəvi dəyərlərimizə hörmət və məhəbbət hisslərini özündə ehtiva edən, müstəqil dövlətimiz naminə hər zaman, hər yerdə yorulmadan, əzmlə, fədakarlıqla çalışan gənc nəslin yetişməsi üçün ulu öndər məqsədyönlü fəaliyyət həyata keçirmiş, gənclərin Vətənimizi azad, suveren bir dövlət kimi dünya miqyasında qürurla təmsil etmələrinə hər cür şərait yaratmışdır. 1996-cı ildən etibarən ulu öndərin tövsiyəsi ilə Gənclər Forumlarının keçirilməsi Azərbaycan gəncliyinin təhsilini, məşğulluğunu və fəaliyyətini təmin etmək üçün bütün imkanların səfərbərliyə alınmasını təmin etmişdir: "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!", - deyən Heydər Əliyev ölkənin ictimai-siyasi həyatında gənclərin rolunun artırılması üçün butün imkanlardan istifadə etmişdir.

Prezident İlham Əliyevin müstəqil dövlətimizin daha etibarlı və gözəl gələcəyinin formalaşması üçün mühüm əhəmiyyətli fərman və sərəncamlar imzalaması ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin uğurlu davamıdır. Respublikamızda gənclər siyasətinin mövcud ənənələr əsasında daha da təkmilləşdirilməsi məqsədilə bu istiqamətdə Dövlət proqramlarının qəbul edilməsi, 2007-ci ilin "Gənclər İli" elan olunması, Gənclər Fondunun yaradılması, "Gənclər üçün Prezident Mükafatı"nın təsisi, "Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiqlənməsi bunun təqdirəlayiq nümunəsidir. Bu gün cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilən gənclər ölkə həyatının bütün sahələrində fəaliyyət göstərir, dövlətin dəstəyi ilə mühüm yerli və beynəlxalq tədbirlərdə uğurla çıxış edir, ölkəmizi beynəlxalq aləmdə layiqincə təbliğ edirlər. Bu tədbirlər Azərbaycan gənclərinin dünyagörüşünün, fəallığının artmasında, onların beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayır.

Bakıda və respublikamızın bir çox rayonlarında Gənclər Evi şəbəkəsinin genişləndirilməsinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi üçün şəraitin yaradılması, rayonlarda gənclər və idman idarələrinin fəaliyyətinə yardım göstərilməsidir. Bu gün Naxçıvan Muxtar Respublikasında, Ağcabədi, Ağstafa, Daşkəsən, Göygöl, Masallı, Qobustan, Quba, Saatlı, Tərtər, Zərdab rayonlarında Gənclər Mərkəzi, Gəncə, Astara, Balakən, Qusar, Şirvan, Tovuz və başqa rayonlarda Gənclər Evi fəaliyyət göstərir. Gənclərin karyera quruculuğu, yerli və beynəlxalq proqramlarda iştirakı, təcrübə proqramları, təlim və görüşlər, inkişaf məktəbləri, təkmilləşdirmə proqramları, asudə vaxtlarının səmərəli təşkili sahəsində fəaliyyətini həyata keçirən Bakı Gənclər Mərkəzi 2018-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılaraq ölkə gənclərinin istifadəsinə verilmişdir.

Gəncliyin inkişafını dövlətin sosial siyasətinin vacib istiqamətlərindən biri hesab edən dövlət başçımız ölkə gənclərinin inkişaf etmiş, yüksək intellektli, geniş dünyagörüşlü bir təbəqəyə çevrilməsi üçün ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir. Gənclərin təhsil səviyyəsinin ilbəil artırılması, inkişafının və asudə vaxtlarının səmərəli təşkili, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi sahəsində əhəmiyyətli addımlar atılır, gənclərin cəmiyyətimizin inkişafında aparıcı rol oynamaları, onların ictimai fəallığının artırılması üçün əsaslı şərait formalaşdırılır. Bu baxımdan, ölkə başçımızın müvafiq Sərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" (2015-2025-ci illər) Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, bu potensialdan dövlətimizin mənafeləri naminə istifadə etmək, gənc nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaq istiqamətində böyük əhəmiyyət daşıyır.

Gənclər siyasətinin əsasını azərbaycançılıq ideologiyasının təşkil etdiyini, Azərbaycan gənclərinin vətənpərvərliyinin milli mentalitet əsasında formalaşdığını bildirən ölkə başçısı Şuşada hərbçilərlə görüşü zamanı tarixi zəfərimizdən danışarkən ordumuzun tərkibinin əsasının gənclərdən ibarət olduğunu, Vətən müharibəsinin iştirakçılarının əksəriyyətini gənclərin təşkil etdiyini vurğulayaraq demişdir: "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi". Dövlət başçımızın Azərbaycan gəncinə etimadı, inamı onun bütün fəaliyyətində bariz şəkildə özünü göstərir. Bu gün ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında mühüm rol oynayan sağlamdüşüncəli gənclərin cəmiyyətdə layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparır.

Mehparə ƏLİYEVA,

"Respublika".