Böyük Qayıdışa doğru sürətli quruculuq
Sosial həyat

Böyük Qayıdışa doğru sürətli quruculuq

İşğal zamanı ermənilərin dağıtdığı, taladığı, viran qoyduğu Qarabağ və Şərqi Zəngəzur azad ediləndən sonra burada genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, iri infrastruktur layihələr icra olunur, insanların rahat yaşamaları üçün hər cür şərait yaradılır. Bu günə qədər isə Azərbaycanın iqtisadiyyatı, hərbi sənayesi, ordu quruculuğu durmadan inkişaf etdirilmiş, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə dörd Dövlət Proqramı həyata keçirilmişdir. Həmin mühüm dövlət sənədlərində həyatın bütün sahələrinin dirçəldilməsi, məşğulluğun təmin edilməsi nəzərə alınmışdır. Bir vaxtlar cəbhə xəttinə yaxın ərazilərdə xəstəxanaların inşa edilməsinə bəziləri irad bildirir, dodaq büzür, bu ərazilərdə səhiyyə ocaqlarının tikilməsini israfçılıq hesab edirdilər. Lakin həyat göstərdi ki, həmin tibb müəssisələri Vətən müharibəsində yaralanan yüzlərlə əsgər və zabitimizi ölümün pəncəsindən xilas etdi.

Uzun illər ərzində respublikamızda aparılmış səmərəli sosial-iqtisadi siyasət və iqtisadi islahatların dönmədən və ardıcıllıqla həyata keçirilməsi xalqımızı ən çətin sınaqdan üzüağ çıxartdı. Belə ki, məhz 2003-cü ildən sonra, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda yeni iqtisadi strategiya həyata keçirilməyə başlanılıb və dövlət başçısının ilk fərmanları da məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi və regionların sosial-iqtisadi inkişafı haqqında olub. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli fərmanı iqtisadi islahatların başlanılmasına çox böyük stimul verdi. 

Şanlı qələbə, inkişaf, tərəqqi, sosial rifah, köklü islahatlar, gələcək hədəflərə inamlı addımlar Azərbaycanın qüdrətinin, gücünün, uğurlu siyasətinin ən yaxşı göstəriciləridir. Təbii ki, qalib ölkənin ictimai-siyasi həyatı yeni, həm də çox vacib bir mərhələyə qədəm qoyub. 30 ildir doğma yurdlarına həsrət qalan vətəndaşlarımız Böyük Qayıdışı səbirsizliklə gözləyirdilər. Artıq Böyük Qayıdışa dair I Dövlət Proqramı Prezident tərəfindən təsdiq edilib. Təxminən 10 min kvadratkilometrdən artıq ərazini əhatə edən Böyük Qayıdış proqramı erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, yurd yerlərinə əhalinin geri qayıdışının təmin edilməsi, insanların rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin dayanıqlı inkişafına nail olunmasını əhatə edir.

Dövlət Proqramının əsas məqsədlərindən birincisi işğaldan azad edilmiş ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, ən önəmlisi isə ərazilərin yenidən qurulması, bərpası, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı torpaqların, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsi və sonrakı mərhələlərdə dayanıqlı inkişafa nail olunmasıdır. Bunun üçün də ərazilər minalardan təmizləndikdən sonra ardınca bərpa-quruculuq işləri sürətlə və keyfiyyətlə aparılır. Bütün bu işlər Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir. Beynəlxalq standartlara cavab verən avtomobil yolları, dəmir yolları salınır, iki hava limanı istifadəyə verilib, tarixi-dini abidələr bərpa edilir, bir sözlə, doğma torpaqlara qayıdış üçün hər cür şərait yaradılır. Qeyd edək ki, Böyük Qayıdışa dair birinci Dövlət Proqramının yerinə yetirilməsi üçün bütün qurumların səfərbər edilməsi dövlətimizin gücünü və qəti mövqeyini göstərir.

Dövlət Proqramının əsas istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili və həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası və dayanıqlı məskunlaşmanın təmin edilməsidir. 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələrini ölkənin digər şəhər və rayonlarını birləşdirən nəqliyyat infrastrukturu yaradılır. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində də sistemli tədbirlər həyata keçirilir.

2026-cı ilədək həyata keçirilməsi planlaşdırılan "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulub ki, bu müddət ərzində azad edilən ərazilərdə 34500 mənzil və fərdi yaşayış evi inşa ediləcək. Tədbirlər planına əsasən, bu evlər Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında inşa ediləcək. Bundan başqa, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumtəhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlər planına uyğun olaraq azad edilən ərazilərdə torpaq islahatları aparılacaq. Belə ki, İqtisadiyyat Nazirliyinə 2022-2025-ci illərdə torpaq istifadəçiliyi ilə bağlı məlumatların toplanması və vəziyyətin monitorinqini həyata keçirmək tapşırılıb. Aqrar islahatlar nəticəsində kiçik və orta sahibkarlığın inkişafı təmin ediləcək, yeni torpaq sahələri kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaq. Əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının bərpası, müasir suvarma infrastrukturunun yaradılması, məhsuldar ərzaq istehsalı, dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi nəticəsində Qarabağda və Şərqi Zəngəzurda kənd təsərrüfatı məhsullarının istehsalı artırılacaq.

 Böyük Qayıdışla bağlı Dövlət Proqramının əsas məqsədi işğaldan azad edilən ərazilərdə əhalinin dayanıqlı məskunlaşması, təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirməkdən ibarətdir. Həmçinin rayonlarda və kəndlərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq, sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığını təmin etmək Dövlət Proqramının əsas istiqamətlərindən birini təşkil edir. Turizmin perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq, ətraf mühitin etibarlı mühafizəsini və ekoloji təhlükəsizliyi təmin etmək, təbii resurslardan səmərəli və effektiv istifadə diqqət mərkəzində saxlanılıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bu barədə danışarkən bildirib ki, keçmiş təmas xətti 200 kilometr uzunluğunda və 5 kilometr enində ərazini əhatə edib. Bu ərazinin piyada və tank əleyhinə minalarla, partlamamış sursatlarla, habelə, çoxlu metal və sursat qırıntıları ilə həddindən artıq çirklənmiş vəziyyətdə olması minatəmizləyənlərin işlərini çətinləşdirib. Buna baxmayaraq, erməni faşizmi tərəfindən dağıdılan, yerlə-yeksan edilən bütün şəhər və kəndlərdə tikinti, bərpa-quruculuq layihələri Azərbaycan Prezidenti cənab İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan 2030: milli prioritetlər", "Strateji Fəaliyyət Planı" və "2022-2026-cı illər üçün Dövlət Proqramı" kimi strateji sənədlər icra olunur. Həmin sənədlər yenidənqurma və inkişaf prosesinin 4 əsas mərhələsini müəyyənləşdirir. Onlardan birincisi, ümumi və baş planların layihələndirilməsi, ikincisi, minatəmizləmə və baza infrastrukturunun yaradılması, üçüncüsü, sosial, ictimai və iqtisadi infrastrukturun tammiqyaslı şəkildə yenidən qurulması və inkişafı, dördüncüsü isə keçmiş məcburi köçkünlərin Böyük Qayıdışıdır.

Prezident İlham Əliyevin dediyi kimi, biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır. Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.

Salman ALIOĞLU,

"Respublika".