“Novruz
Sosial həyat

“Novruz" qadın qrupundan humanist addım

Balakən

Balakən rayonunun Qaysa kəndində "Novruz" qadın qrupu bölgədə xeyirxah və humanist addımları ilə yetərincə tanınır və fəaliyyəti ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Belə ki, Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının birgə icra etdiyi Kənd İnvestisiya Layihəsi çərçivəsində yaranan qrup ətrafında evdar qadınları cəmləşdirməklə kənd təsərrüfatı və sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq özəl sektorun inkişafına dəyərli töhfələrini verir. Bununla yanaşı, ictimai fəallığı ilə seçilən qadınların təşəbbüsü əsasında bölgədə qızların vaxtından əvvəl ailə qurmasının qarşısı alınıb və qadınların ictimai fəallığının yüksəldilməsi üçün mütəmadi addımlar atılır.

Qadınlar qrupunun rəhbəri, ictimai fəal Meysarat Qaysayeva əməkdaşımızla söhbətində bildirdi ki, fəaliyyətimizlə yanaşı, şəhid və qazi analarına, qızlarına, bacılarına, həyat yoldaşlarına və həssas təbəqədən olan digər xanımlara mənəvi dayaq olmağı qarşımıza məqsəd qoymuşuq. Bu məqsədlə onlarla daim əlaqə saxlayır, əməkdaşlığımızı genişləndiririk.

Vətən müharibəsinin şəhidi Əsdiyev Heybullah Məzahir oğlunun anası Nəzakət xanımın ağır sarsıntıdan sonra xeyli psixoloji problemləri yaranmışdı. Qrupumuzun üzvləri ilə birlikdə Nəzakət xanımla əlaqə saxladıq və onunla mütəmadi görüşlər keçirtdik, vaxtaşırı qonağı olduq. Sonra evdar qadınların iştirakı ilə kəndimizdə açdığımız şirniyyat sexində onu işə cəlb etdik. Mənəvi dayağımız və dövlətimizin köməkliyi sayəsində Nəzakət xanım ağır sarsıntıdan uzaqlaşaraq normal həyata qayıtdı.

Nəzakət xanım bildirdi ki, Heybullah uşaq vaxtı dəcəl olduğu qədər də ağıllı idi. Heç bir sözümüzü yerə salmazdı. Hələ uşaq ikən atası evdə olmayanda bütün işləri o özü görərdi, çox ciddi və çalışqan idi. Son dərəcə nümunəvi əsgər olub, verilən xasiyyətnamədə onun xidmətləri həmişə yüksək qiymətləndirilirdi.

Nəzakət Əsdiyeva daha sonra bildirdi ki, oğlunu orduya sentyabrın 21-də çağırmışdılar. Dərhal getdi, döyüşə ilk atılanlardan oldu, əsgər yoldaşları onun xətrini çox istəyirdilər, ona görə də indi bizimlə tez-tez əlaqə saxlayırlar. Heybullah əvvəl həqiqi xidmət vaxtı sülhməramlılarda xidmət etmişdi. Toyuna hazırlaşırdıq....

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Heybullah Əsdiyev ölümündən sonra bir sıra medallarla təltif edilib.

M.NƏRİMANOĞLU,

"Respublika".