Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Süni zəka ssenari yazacaq

Son dövrlər süni zəka sahəsindəki yeniliklər günü-gündən artmaqda davam edir. Bu dəfə isə "Alphabet" holdinqin təqdim etdiyi Dramatron adlı yeni süni zəka sistemi mətn formatında olan bir sətirlik ideyanın əsasında film, teatr tamaşaları üçün ssenarilər tərtib edəcək.

Əslində, Dramatron hələ bir müddət bundan əvvəl təqdim edilmiş ChatGPT adlı süni zəka sistemini xatırladır. Sözügedən sistem kimi Dramatron alqoritmləri də inandırıcı mətnlər tərtib edə bilirlər.

TechXplore.com veb saytının yaydığı məlumata görə, yeni təqdim edilən sistemin üstünlüyü isə personajlar, vəziyyətlər və hadisələrin cərəyan etdikləri yerlər haqqında daha ətraflı mətnlər tərtib edə bilməsidir. İlk növbədə, Dramatron tam ssenarinin hazır qaralama versiyasını təqdim edir.

İstifadəçi isə öz növbəsində sistem tərəfindən təqdim edilmiş qaralama versiyanı öz istəyinə uyğun olaraq genişləndirə bilər. Sözügedən süni zəka sistemindən istifadə etmək üçün Dramatronun GitHub səhifəsində qeydiyyatdan keçmək və iki ədəd API açarı əldə etmək lazımdır.

Yeni sistem 15 nəfər peşəkar ssenarist tərəfindən test edilib. Nəticədə həmin ssenaristlər bildiriblər ki, onlar öz yaradıcılıq fəaliyyətləri çərçivəsində hansısa ciddi layihələr üçün Dramatrondan istifadə etməzdilər. Belə ki, onların fikirlərinə əsasən bu süni zəka sistemi tərəfindən tərtib edilən personajlar, dialoqlar və vəziyyətlər olduqca şablon xarakteri daşıyır. Lakin bununla belə dünyanın daha geniş təsvirinin yaradılması, müxtəlif süjet xətlərinin sürətli şəkildə yoxlanılması və yeni personajların əlavə edilməsi yolunda hətta peşəkar ssenaristlər üçün də Dramatron faydalı ola bilər. Bundan əlavə olaraq Dramatron yaxşı yaradıcı ideyaların generasiyası üçün də çox faydalı hesab edilir.

 

Rekord kəşf: 2 milyon illik DNT tapıldı

Elm adamları dünyanın ən qədim DNT-sini taparaq yeni rekorda imza atıblar. Tədqiqatçıların yeni kəşfi Yerin təkamül tarixini dəyişdirə bilər.

Qrenlandiyanın şimalında, Buz dövründən qalma çöküntülərdə iki milyon il əvvələ aid olan DNT aşkar edilib. Araşdırma ən son texnologiyadan istifadə edilərək həyata keçirilib. Bu kəşf, həmçinin daha əvvəl tapılan milyon illik DNT rekordunu da qırıb.

Tədqiqatçılar gil və kvarsın üzərindəki qalıqlarda 41-dən çox nümunə aşkar ediblər. Alimlər dünyanın ən qədim DNT-dən istifadə etməklə Yerin təkamülü ilə bağlı daha çox bilgi əldə edəcəklərinə ümid edirlər.

Tapılan DNT o qədər zəifdir ki, sürətli bir şəkildə parçalana bilər. Mütəxəssislərin fikrincə, tapıntı düzgün bir şəraitdə, son dərəcə ehtiyatla araşdırılarsa, planetin keçmişi haqqında indiyə qədər bilinməyən bir çox məlumatı əldə etmək mümkün olar. Tədqiqatçılar ən qədim DNT-nin heyvan, bitki və təkhüceyrəli orqanizmlər arasında qarşılıqlı əlaqənin necə baş verdiyi də daxil olmaqla keçmişə dair daha ətraflı məlumat verə biləcəyinə ümid edirlər. Bu səbəbdən də, elm adamları, ilk növbədə DNT-nin kifayət qədər uzun yaşaması üçün ən son texnologiyanın üstünlüklərindən necə istifadə edə biləcəklərini düşünürlər.

İnformasiya sözcü.com.tr veb saytında yayımlanıb.

 

ABŞ-da "qatil" robotlardan istifadəyə icazə verilib

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində "qatil" robotlardan istifadə üçün qərar qəbul edilib. Ancaq səlahiyyətli orqanlar sözügedən robotlardan yalnız ekstremal vəziyyətlərdə istifadə edilməsinə icazə verib.

TechXplore.com veb saytının yaydığı məlumata görə, öldürücü gücə malik olan robotlardan yalnız təhlükəli vəziyyətlərdə  polis əməkdaşları tərəfindən istifadə olunacaq.

Şəhər rəsmiləri qərarların polislər tərəfindən veriləcəyini söyləsələr də, lakin insan həyatının bir düymə ilə sonlandırılmasına icazə verilməsi bəzi qurumları hərəkətə keçirib. Belə ki, onlar bu qərarın insanlıqdan kənar, qəbuledilməz olduğunu söyləyirlər. Qərarı verən səlahiyyətli orqanlar isə öldürməyə qadir olan robotların yalnız ekstremal vəziyyətlərdə və xüsusi təlim keçmiş polislər tərəfindən istifadə ediləcəyini bildirərək özlərinə bəraət qazandırırlar. Digər tərəfdən isə San-Fransisko polisi hələ ki, öldürücü qabiliyyətə malik robotların olmadığını söyləyir.

"Robotlar zorakılıq, silahlı basqınlar və ya təhlükəli obyektləri ehtiva edən möhkəmləndirilmiş strukturları aşmaq üçün potensial partlayıcı yüklərlə təchiz oluna bilər", - deyə polis sözçüsü bildirib.

Məlumat üçün qeyd edək ki, sözügedən robotların istifadəsinə əvvəllər Texas ştatında icazə verilmişdi. Belə ki, 2016-cı ildə Dallasda 2 polisi öldürən və bir neçə nəfəri yaralayan snayperi öldürmək üçün C-4 adlı partlayıcı qurğularla təchiz olunmuş robotdan istifadə edilmişdi.

 

Dünyanın ən böyük radioteleskopunun inşasına başlanıb

Avstraliyada dünyanın ən böyük radioteleskopunun tikintisinə başlanılıb. Yeni teleskop qaranlıq enerjiyə və kainatın erkən dövrlərdə formalaşmasına işıq salacaq.

Kainatın dərinliklərinə getmək və bir çox suallara cavab tapmaq istəyən elm adamları yeni bir mərhələyə keçirlər. Belə ki, Avstraliyada dünyanın ən böyük radioteleskopunun inşası üzrə işlərə başlanılıb. Bu yolla kainatın hələ də sirli qalan məqamlarının çözülməsi hədəflənir. Kainatın xəritəsini çəkmək üçün hazırlanmış Square Kilometer Array (SKA) adlı teleskopun inşa işləri iki regionda - Avstraliya və Cənubi Afrikada aparılacaq. Bu regionlarda ayrı-ayrı radioteleskop hissələri istifadəyə veriləcək. Sözügedən teleskop, hətta Hubble teleskopundan da daha detallı kosmik fotoları təqdim edəcək. Belə ki, teleskop 70 MHz tezlikdə olan geniş diapazondakı radio siqnalları aşkar edə biləcək. Teleskopun ümumi nəzarət sahəsi isə 1 kvadratkilometr təşkil edəcək.

İnşasına başlanılan radioteleskop "SKA Low" adlanır. Layihəyə 16 ölkədən müxtəlif sahələr üzrə dəstək var. Məlumata görə, lazım olan anten ağacları İtaliya, proqram təminatı işlərinin bir hissəsi Hindistan, siqnalizasiya qismi isə Çin tərəfindən həll ediləcək. Ümumi dəyəri 3 milyard dollar məbləğində olan bu layihənin ən böyük üstünlüyü isə 74 kilometrlik ərazidə tikiləcək radioteleskopun 130 mindən çox antenadan ibarət olmasıdır.

Məlumat üçün qeyd edək ki, sözügedən nəhəng teleskop ideyası 90-cı illərin əvvəllərində irəli sürülsə də, 2003-cü ilə qədər heç bir addım atılmamışdı. Lakin 2003-cü ildə kainatın yaranışı ilə bağlı ən erkən mərhələləri və Böyük Partlayışdan (Big Bang) sonrasını araşdırmaq üçün SDG layihəsinə start verildi.

Verilən məlumata görə, 30 illik layihənin 2028-ci ilə qədər tamamlanması gözlənilir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".