Mükəmməl mürəkkəb memarlıq
Sosial həyat

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Böyükşəhər və ya müqəddəs Sebastian Kafedralı

Braziliyanın Rio de Janeyro şəhərində inşa olunan "Böyükşəhər və ya Müqəddəs Sebastian Kafedralı" öz memarlıq üslubuna görə dünyanın ən qeyri-adi dini komplekslərindən biri hesab edilir. 1964-1979-cu illərdə tikilən binanın memarı Edqar Fonsekadır. O, Meksikanın Yukatan yarımadasındakı Mayya piramidalarından ilhamlanaraq belə bir layihə hazırlamaq qərarına gəlmişdir. Kafedral Mayya piramidası şəklində inşa olunsa da, memar Tanrıya yaxınlığı simvolizə etmək üçün binaya yepiskopların təntənəli baş geyimlərini xatırladan forma vermişdir. Unikal memarlıq abidəsi olan "Böyükşəhər və ya müqəddəs Sebastian Kafedralı" Rio de Janeyronun arxiyepiskopu San Sebastianın adını daşıyır.

Şəhərin mərkəzində konusvari formada inşa olunan Kafedralın daxili diametri 96, xarici diametri isə 106 metrdir. 20 mindən çox ziyarətçi tutumuna malik binanın hündürlüyü 75, düzbucaqlı vitrajların uzunluğu isə 64 metrə çatır. Binanın ümumi sahəsi isə təxminən 8 min kvadratmetrdir. Kafedralın ən vacib atributlarından biri mücərrəd təsvirləri ilə seçilən düzbucaqlı pəncərələrdir. Möhtəşəm akustikaya malik kafedralın pəncərələri mistik atmosfer yaradır ki, bu da dini musiqilər səsləndirildiyi zaman ziyarətçiləri sanki başqa bir dünyaya aparır.

Kafedralın zirzəmisində isə Müqəddəs İncəsənət Muzeyi yerləşir. Burada heykəllər, freskalar, sənət əsərləri, kilsə ləvazimatları, kral ailəsinin vəftiz mərasimində istifadə etdiyi əşyaların kolleksiyası nümayiş olunur. Bundan əlavə, II Don Pedronun taxtı və ona məxsus qızıldan hazırlanmış qızılgül də burada saxlanılır.

 

Markis-de-Riskal binası

İspaniyanın füsunkar Alava vilayətinin Elsieqo ərazisində inşa olunan unikal kompleks "Markis-de-Riskal" binası adlanır. Dünyada analoqu olmayan bu otel binasının layihəsinin müəllifi memar Frenk Henridir. Memar İspaniyanın məşhur üzüm bağlarının olduğu bu əraziyə daha çox insanın diqqətini cəlb etmək üçün Rioja bölgəsində istehsal olunan müxtəlif şərabların rənginə bənzər boyanmış nəhəng titan konstruksiya hazırlayıb. Dekonstruktivizm üslubunda inşa olunan binanın tikinti işlərinə 2000-ci ildə başlansa da, otel 2006-cı ildə istifadəyə verilib.

Məşhur "Markis-de-Riskal" şərabı ilə eyni adı daşıyan tikilinin forması o qədər asimmetrikdir ki, ilk baxışda onun nəyə bənzədiyini anlamaq qeyri-mümkündür. Burada hətta pəncərələr də ziqzaq şəklində hazırlanıb. "Markis-de-Riskal"otelinin damına quraşdırılan rəngarəng metal lentlər də simvolik məna daşıyır. Fasadında böyük üzüm bağları olan otelin otaqlarının hər biri özünəməxsus üslubda dizayn edilib. Oteldə 7 iclas və banket zalı, biznes mərkəzi, 7 terras, suvenir və şərab mağazaları, avtomobil dayanacağı, çamaşırxana, qurutma otağı fəaliyyət göstərir. Bundan əlavə, sahəsi 1030 kvadratmetr olan 850 nəfərlik konfrans zalı da mövcuddur.

 

"Büllur ayaqqabı" kilsəsi

2016-cı ildə Tayvanın şərq sahilindəki Budai şəhərində hər kəsin marağına səbəb olan unikal bir kilsə inşa olunub. 23 milyon dollara başa gələn binanın tikinti işləri cəmi 2 ay çəkib və elə həmin ilin 8 fevralında istifadəyə verilib. Yerli hakimiyyət orqanları tərəfindən tikilən "Büllur ayaqqabı" kilsəsinin ümumi quruluşu "Zoluşka" cizgi filmindəki ayaqqabını xatırlatsa da, çox kədərli bir tarixçəsi var. Belə ki, 1960-cı illərdə 24 yaşlı Vanq adlı nişanlı bir qız toyu ərəfəsində o zamanlar ölkəni bürüyən xəstəliyə tutulduğu üçün ayaqları qanqrena olur. Bir neçə əməliyyatdan sonra həkimlər onun ayaqlarını amputasiya etmək məcburiyyətində qalırlar. Bundan xəbər tutan Vanqın nişanlısı onu tərk edir və toyu təxirə salır. Gənc qız nişanlısının bu hərəkətinə çox üzülür, toyla bağlı bütün xəyalları puç olur. Bir daha hündürdaban ayaqqabı və gəlinlik geyinə bilməyəcəyi üçün sarsıntı yaşayan qız həyatının qalan hissəsini kilsədə keçirməyə qərar verir. Hekayədən təsirlənən şəhər rəhbərliyi kilsəni məhz dikdaban ayaqqabı formasında tikdirir.

320 paneldən ibarət mavi şüşəli kilsənin hündürlüyü təxminən 16, uzunluğu isə 25 metrdir. Meydanın ortasında ucalan nəhəng ayaqqabı xüsusi işıqlandırma sistemi sayəsində axşam saatlarında daha da möhtəşəm görünür.

Kilsə müasir üslubda inşa olunsa da, Tayvan mədəniyyətinin ənənələrini özündə əks etdirir. Toy mərasimləri üçün nəzərdə tutulan bu ecazkar bina dünyanın ən böyük ayaqqabı abidəsi kimi Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".