Elin unudulmayan igid oğlu
Sosial həyat

Elin unudulmayan igid oğlu

İkinci  Qarabağ müharibəsində haqq mübarizəmizdə doğma Azərbaycanın hər qarış  torpağı  naminə vuruşub  canını fəda edən igidlərdən biri də  Ayxan Fariz oğlu Qurbanzadədir.  

Qəhrəmanlıq göstərərək adını yeni tariximizə yazan Ayxan Qurbanzadə 25 iyul 1998-ci ildə Lənkəran rayonu, Şağlakücə kəndində dünyaya göz açıb.

Ayxan Füzulinin azad  edilməsi uğrunda xüsusi şücaət göstərməklə erməni dığalarına  qan  uddurub. Düşmənin  kabusuna çevirilərək onun çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını məhv edib. Hünəri dillərdə dastan olan Ayxan  Füzuli-Hadrut istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı   yağı  tərəfindən  atılan   artilleriya  atəşi nəticəsində şəhid olaraq əbədiyyətə qovuşub.

Ölməz qəhrəmanımız indi üç ildir ki, 22 yaşında  qalmaqla milyonların ürəyində yaşayır. Dövlət isə onu Vətən müharibəsində  göstərdiyi cəsarətinə və şücaətinə görə  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Şuşanın, Füzulinin azadlığı uğrunda medallarına layiq görüb.  Doğma  kəndində xatirəsinə bulaq kompleksi inşa olunub.  İndi camaatın ən çox ziyarət etdiyi müqəddəs yerdir.

Bu günlərdə    Vətən müharibəsi şəhidi  Ayxan  Qurbanzadənin doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Mərasimdə  şəhidin qısa, lakin şərəfli həyat yolundan, Vətən müharibəsində göstərdiyi rəşadətdən söhbət  açıblar. Şəhidin ailəsi dövlət başçısına, xalqına minnətdarlıq edib, bildiriblər ki, Ayxan Vətən uğrunda şəhid olub. O, təkcə bizim ailənin yox, bütün  şanlı Azərbaycanın fəxridir.

Zəfər ORUCOĞLU.