RUMINİYA
Digər xəbərlər

RUMINİYA

Bir neçə müddətdir ki, qəzetimizdə xarici dövlət başçılarının ölkəmizə və Prezident İlham Əliyevin digər ölkələrə həyata keçirdiyi qarşılıqlı səfərləri zamanı həmin dövlətlərin tarixi, mədəniyyəti, iqtisadi inkişafı haqqında yazılar dərc edirik.

Bu layihə çərçivəsində 2022-ci il dekabrın 18-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rumıniyaya işgüzar səfəri ərəfəsində bu ölkənin coğrafiyası, tarixi, mədəniyyəti və diplomatik münasibətlərimiz haqqında qəzetimizdə geniş yazı dərc etmişdik.

Ənənəmizə sadiq qalaraq Rumıniya Prezidenti Klaus Yohannisin ölkəmizə səfəri ərəfəsində Rumıniya-Azərbaycan əlaqələri haqqında xronoloji məlumatları özündə ehtiva edən yazını oxuculara təqdim edirik.

İqtisadi-siyasi və beynəlxalq nüfuza malik Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur. Hər zaman qarşılıqlı maraq kəsb edən məsələlərdə eyni mövqedən çıxış edən Rumıniya və Azərbaycan xalqları arasında dostluq ümummilli lider Heydər Əliyevin siyasi kursunu yüksək səviyyədə davam etdirən cənab İlham Əliyevin apardığı siyasət nəticəsində geniş vüsət almışdır. Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannisin yüksək səviyyəli qarşılıqlı səfərləri ikitərəfli siyasi dialoqun artan dinamika ilə inkişafına müsbət təsir göstərmişdir. Son illər ərzində Azərbaycan və Rumıniya arasında əməkdaşlığın təkmilləşdirilməsi sahəsində imzalanan 60-dan çox sənəd strateji tərəfdaşlığın inkişafına təkan vermişdir. Həmçinin, iki ölkə arasında fəaliyyət göstərən Müştərək Komissiya əməkdaşlığın gücləndirilməsinə zəmin yaratmışdır.

2004-cü ilin oktyabrında İlham Əliyevin Rumıniyaya gerçəkləşən ilk rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin yeni müstəvidə inkişafı baxımından mühüm əhəmiyyət daşımışdır. İkitərəfli münasibətlərin perspektiv prioritetlərinin müəyyənləşdirilməsi sahəsində imzalanan "Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında Birgə Bəyannamə" müstəsna əhəmiyyətə malik olmuşdur.

2007-ci il 24 sentyabrda gerçəkləşən işgüzar səfər zamanı iki ölkə arasında ikitərəfli əlaqələr, beynəlxalq layihələr çərçivəsində işbirliyi, keçmiş Qarabağ münaqişəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Müxtəlif layihələrdə, o cümlədən TRASEKA proqramı çərçivəsində əməkdaşlıq edən Rumıniya və Azərbaycan dövlət başçıları 2006-cı il iyulun 4-də Buxarestdə baş tutan Qara Dəniz Dialoq və Əməkdaşlıq Forumunda ikitərəfli əməkdaşlığın ən müxtəlif aspektlərinə dair müzakirələr aparmışdır.

2007-ci ilin sentyabr ayı isə Buxarestdə Heydər Əliyev Fondunun nümayəndəliyinin açılışı ilə əlamətdar olmuşdur. Açılış mərasimində dövlət başçısı İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak etmişdir.

Keçmiş Qarabağ münaqişəsinə münasibətdə Rumıniyanın beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqe nümayiş etdirməsi, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini birmənalı şəkildə dəstəkləməsi ölkələrimiz arasında strateji müstəvidə inkişafı təmin edən amillərdən biridir.

1991-ci il dekabrın 11-də ölkəmizin müstəqilliyini tanıyan Rumıniya ilə Azərbaycan arasında münasibətlərin 30 illiyi qeyd olunduğu dövrdə iki ölkə üçün böyük əhəmiyyət daşıyan saziş imzalanmışdır. Belə ki, 2022-ci il dekabrın 17-də ölkə başçısı İlham Əliyev Buxarestə işgüzar səfər etmişdir. Səfər zamanı "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanma mərasimi keçirilmişdir. İmzalanma mərasimi ilə bağlı keçirilən plenar iclasda çıxış edən Rumıniya prezidenti imzalanan sənədin qeyd olunan ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlığın təməli olduğunu bildirmişdir. Klaus Yohannis: "Növbəti mərhələdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xətti çəkməyi hədəfə alarıq. Dəniz nəqliyyat əlaqələrinin bizim Konstantadakı limanımızdan Gürcüstan istiqamətində genişlənməsi nəzərdə tutulur. Bu səylər Azərbaycanla və sonra Mərkəzi Asiya ilə bağlılığı artıracaq. Potensialımızdan yararlanmaq və dayanıqlılığı artırmaq üçün qarşıda bizi çoxlu işlər gözləyir", - söyləmişdir. Bu mühüm tədbirə dəvət aldığı üçün Rumıniya prezidentinə öz təşəkkürünü bildirən Prezident İlham Əliyev yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin Avropanın enerji təhlükəsizliyinə ümumi töhfə və yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addım olduğunu bildirmişdir.

İclasda iştirak edən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də bu Sazişin Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracağını və regionlarımıza təmiz enerjiyə keçidə nail olmağa kömək edəcəyini bildirmişdir. Daha sonra Macarıstanın baş naziri Viktor Orban çıxışı zamanı demişdir: "Avropa Komissiyasının müdrikliyinə görə biz Azərbaycana çox diqqət yetirdik, onunla əməkdaşlığımızı inkişaf etdirdik. Azərbaycanın və Prezident Əliyevin Avropa İttifaqı ilə əməkdaşlığa həmişə açıq olması təqdirəlayiqdir. Mən özüm də bir il ərzində Avropa İttifaqının həmişə Azərbaycana etibarlı tərəfdaş kimi etibar edə biləcəyinin şahidi olmuşam".

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə öz növbəsində diqqətə çatdırmışdır ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişi imzalamaqla ölkələrimiz yaşıl enerji sahəsində sıx əməkdaşlıq etməyə hazır olduqlarını təsdiqləmişlər. Hazırkı geosiyasi çağırışlar fonunda enerji təhlükəsizliyi sahəsindəki aktual məsələlərin həllinin şaxələndirilməsi də vacibdir.

17 dekabrda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu da müzakirə olunmuşdur, Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu ilə nəqliyyat-kommunikasiya imkanlarının, yükdaşımaların həcminin artırılmasının mümkünlüyü barədə də fikir mübadiləsi aparılmış və Xəzər dənizi ilə Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əməkdaşlığa töhfə verəcəyi də qeyd edilmişdir.

Həyata keçirilən qarşılıqlı səfərlər və imzalanan sənədlər bir daha təsdiq edir ki, bundan sonra ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq zəminində inkişaf etdirilməsi və enerji sahəsində əməkdaşlığa dair perspektivlərin əldə olunması iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə zəmin yaradacaq.

Arzu ASİFQIZI,

"Respublika".