Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Barokko" İncəsənət Muzeyi

"Pritzker" mükafatı laureatı, məşhur yapon memarı Toyo İto tərəfindən layihələndirilən "Barokko" İncəsənət Muzeyi Meksikanın Pueblo şəhərində inşa olunub. Təbiətin gözəlliyindən ilham alan T.İto bu layihəsində saflığı və mükəmməlliyi simvolizə edib. Şəhərin ən böyük muzeylərindən olan "Barokko" İncəsənət Muzeyi açıldığı ilk gündən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Kompleksin ümumi sahəsi 18 min kvadratmetr, hündürlüyü isə təxminən 20 metrdir. Barokko üslubunu əks etdirən müasir sərgi məkanı üç prinsip əsasında hazırlanıb və tikintisində ağ betondan istifadə edilib. İkimərtəbəli kompleksin sərt quruluşunu əyri elementlərlə əvəz edən memar binanın interyerində barokko üslubunun bütün incəliklərini vurğulamağa çalışıb. Süni gölün ərazisində inşa olunan bu unikal tikilinin fasadında quraşdırılan beton heykəl və plitələr "Barokko" İncəsənət Muzeyinə xüsusi gözəllik verir.

"Parque Espana" kitabxanası

M əşhur "Parque Espana" kitabxanası Kolumbiyanın Santo Dominqo bölgəsindəki Medellin şəhərində inşa olunub. Təpənin üstündə ucalan və şəhərin hər yerindən görünən unikal kitabxana binasının layihəsini kolumbiyalı memar Giancarlo Mazzanti həyata keçirib. Bu möhtəşəm kitabxananın tikintisini gerçəkləşdirmək üçün şəhər rəhbərliyi 150-dən çox yaşayış binasını sökmək məcburiyyətində qalıb. Bütün dünyada "Üç qara kub" kimi tanınan kitabxananın rəsmi açılışı 2017-ci ildə baş tutub.

Ümumi sahəsi 4 min kvadratmetr olan kompleksin fasadı tünd rəngli daş plitələrlə üzlənib. Daha çox sadə tikinti materiallarına üstünlük verən G.Mazzanti binanın xarici divarlarını daş plitələrdən, interyerini isə yüngül palıd və şam ağaclarından hazırlayıb. Kompleksin daha ecazkar görünməsini təmin etmək məqsədilə memar həm də müxtəlif rəng çalarları olan şüşədən istifadə edib.

Hər üç binada mədəniyyət və informasiya mərkəzi ilə yanaşı, geniş oxu zalları olan kitabxana fəaliyyət göstərir. Binanın müşahidə göyərtəsində isə kitabsevərlər üçün Medellin şəhərinin panoramik mənzərəsini seyr etmək imkanı yaradılıb.

"Ağac" restoranı

Yaponiyanın Okinava şəhərində yerləşən qeyri-adi "Ağac" restoranı sözün əsl mənasında, nəhəng banyan ağacının üstündə inşa olunub. Kiçik bir torpaq ərazisindən rassional istifadə etməyi bacaran yaponlar bir zamanlar şəhərin simvolu olan geniş gövdəli ağacın qurumasına baxmayaraq onu kəsməyib və ortaya belə bir maraqlı layihə çıxarıblar. Layihə başa çatdıqdan sonra bu ideya böyük uğur qazanıb və həm yerli əhalinin, həm də turistlərin diqqətini cəlb edib. Əlverişli ərazidə, "Naha" hava limanına beş dəqiqəlik məsafədə yerləşən bu məkan şəhərə gələn əcnəbilərin ən çox ziyarət etdiyi restoran olduğu üçün bütün dünyada məşhurlaşıb.

Yerdən təxminən altı metr hündürlükdə olan qədim ağacın budaqlarında yerləşən restorana qalxmaq üçün ağacın arxa hissəsində spiral pilləkən mövcuddur. Ağacın gövdəsində isə əlil insanların yuxarıya rahat şəkildə qalxmasını təmin edən gizli lift var. Hava limanına panoramik mənzərəsi olan kiçik restoranın damında müxtəlif növ dekorativ bitkilər göz oxşayır.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".