DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

COZEF BAYDENİN GÖZLƏNİLMƏZ KİYEV SƏFƏRİ

ABŞ prezidenti Cozef Bayden fevralın 20-də gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib. “Report” xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı yayıb.

Bildirilir ki, Ağ Ev liderinin Avropaya səfəri zamanı Ukraynanı ziyarət etməsi əvvəlcədən planlaşdırılmamışdı. Səfərin logistika baxımından çox çətin olacağı proqnozlaşdırılırdı. Çünki C.Bayden ya qatarla 10 saat hərəkət etməli, ya da təhlükəli uçuş həyata keçirməliydi.

Cozef Bayden Volodimir Zelenski ilə görüşü zamanı bildirib ki, ABŞ Ukraynaya 500 milyon dollar məbləğində yeni yardım paketi təqdim edəcək. Bildirilir ki, Ukraynaya yardımla yanaşı fevralın 21-də Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiya paketi də elan olunacaq.

Bununla yanaşı, Cozef Bayden ABŞ və 50 müttəfiq dövlətin Ukraynaya ümumilikdə, 700-dən çox tank, 1000-dən artıq zirehli texnika, 1000 artilleriya sistemi və 2 milyondan çox top mərmisi verəcəyini qeyd edib.

Eyni zamanda, Volodimir Zelenski Baydenlə apardığı müzakirələrin təfərrüatını açıqlayıb: “Bu gün həmkarımla uzaqmənzilli raketlərin tədarükünü müzakirə etdik. Həmçinin Rusiyaya qarşı təzyiqlər barədə də razılığa gəldik. Biz həm ikitərəfli səviyyədə, həm də “G7” çərçivəsində sanksiyaları sərtləşdirmək üçün birlikdə çalışırıq”.

 

MAKRON: BƏZI ÖLKƏLƏRIN RUSİYANI “MƏĞLUB ETMƏK” MÖVQEYİNİ DƏSTƏKLƏMİRIK

Fransa bir sıra Şərqi Avropa dövlətlərindən fərqli olaraq Rusiyanı “məğlub etmək” mövqeyini dəstəkləməyəcək. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Fransa prezidenti Emmanuel Makron ölkə mətbuatına müsahibəsində bildirib.

“Mən bəziləri kimi düşünmürəm ki, Rusiyanı tamamilə məhv etmək, onun ərazisində ona hücum etmək lazımdır. Bu müşahidəçilər hər şeydən əvvəl Rusiyanın darmadağın olmasını istəyirlər. Fransa heç vaxt belə mövqe tutmayıb və tutmayacaq”, - deyə Makron vurğulayıb.

Fransa liderinin sözlərinə görə, hazırkı münaqişə tərəflərindən heç biri tam qalib gələ bilməyəcək, halbuki, onun uzanmasından ilk növbədə avropalılar əziyyət çəkəcəklər.

Eyni zamanda, Makron danışıqlar masasına qayıtmağın zəruriliyini bir daha xatırladıb.

Bu ərəfədə “Le Monde” qəzeti yazıb ki, Makronun Moskva ilə Kiyev arasında danışıqların zəruriliyi barədə bəyanatı Ukrayna prezidenti, eləcə də Aİ ölkələrinin liderləri arasında rəsmi Kiyevin ən qətiyyətli müttəfiqlərini hiddətləndirib.

 

İRANDA ETİRAZÇILARIN AZADLIQ MÜCADİLƏSİ DAVAM EDİR

İranda mövcud rejimə qarşı etiraz aksiyaları səngimək bilmir. “Report” agentliyinin “Radio Fərda”ya istinadən verdiyi xəbərə görə, paytaxt Tehranın müxtəlif rayonlarında insanlar küçələrə çıxaraq rejim əleyhinə şüarlar səsləndiriblər.

Məlumata görə, Kirmanşah, Əhvaz, Şuş və Şuştər şəhərlərində sakinlər həyat şəraitinin pis olmasına və hökumətin onların tələblərinə əhəmiyyət verməməsinə qarşı etiraz aksiyası keçiriblər. Aksiyalar həmçinin Güney Azərbaycanın Təbriz şəhərində də baş tutub.

Son illərdə İran cəmiyyətinin bir çox təbəqələri, xüsusən də təqaüdçülər müxtəlif şəhərlərdə etiraz mitinqləri keçirərək həyat şəraitlərinin yaxşılaşdırılması tələbini irəli sürürlər. Onlar hakimiyyətin verdiyi vədləri yerinə yetirməməsinə etiraz edirlər.

 

YUNAN ALIMLƏRINDƏN GÜCLÜ ZƏLZƏLƏ BARƏDƏ XƏBƏRDARLIQ

Yunanıstanın iki alimi seysmik aktivliyin tarixini qiymətləndirərək, yaxın vaxtlarda ölkəni Rixter şkalası üzrə 8,5 maqnitudada zəlzələnin gözlənildiyini bildiriblər. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Professorlar Konstantinos Sinolakis və Kostas Papazakos Türkiyə və Suriyada baş verən silsilə zəlzələlərin şəraitini araşdırıblar. K.Sinolakis bildirib ki, Yunanıstanı da güclü seysmik aktivlik gözləyə bilər. O, Yunanıstanda güclü zəlzələlərin hər 600 ildə bir dəfə baş verdiyinə diqqət çəkib.

Eyni zamanda, alimin sözlərini onun həmkarı, Aristotel Universitetinin seysmologiya professoru Kostas Papazakos da təsdiqləyib. O, Yunanıstanda baş verən zəlzələlərin dövriliyini vurğulasa da, bildirib ki, növbəti fəlakətin dəqiq vaxtını proqnozlaşdırmaq mümkün deyil.

Bununla yanaşı, hər iki alim razılaşıb ki, onların proqnozları gələcəkdən xəbər vermə kimi qəbul edilməməlidir. Daha doğrusu, bu, əhalini mümkün problemlərə hazırlamağa vaxt tapması üçün hakimiyyətin diqqət etməli olduğu xəbərdarlıqdır.

 

ÇİN XİN: DÜNYA ÖLKƏLƏRİ İLƏ ƏLAQƏLƏRİ BƏRPA ETMƏYƏ HAZIRIQ

Çin pandemiya dövrünü uğurla dəf edib və Avropa, eləcə də bütün dünya ilə əlaqələri hərtərəfli şəkildə bərpa etməyə hazırdır. “Sputnik” informasiya aəentliyinin verdiyi xəbərə görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellə görüşü zamanı Çinin xarici işlər naziri Van İ bəyan edib.

Van İnin qeyd etdiyi kimi, tərəflər Çin və Aİ liderləri arasında yeni görüşlərə fəal hazırlaşa, müxtəlif sahələrdə yüksək səviyyəli dialoq mexanizmlərindən tam istifadə edə, pandemiyadan əvvəlki səviyyədə əməkdaşlığı mümkün qədər tez bərpa edə bilərlər.

Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüş zamanı tərəflər Ukraynadakı vəziyyəti də müzakirə ediblər. “Ukraynadakı böhrandan danışan Van İ vurğulayıb ki, Çin tərəfi sülh və danışıqların təşviqinə qətiyyətlə sadiqdir, Avropa tərəfi ilə əməkdaşlığı gücləndirməyə və davamlı olaraq siyasi həll yolu axtarmağa hazırdır”, - deyə açıqlamada qeyd olunub.

Eyni zamanda, Van İ onu da bildirib ki, dünyada baş verən xaos və dəyişikliklər qarşısında Çin və Aİ “dünyada sabitliyi təmin etməkdən ötrü əməkdaşlığı gücləndirməlidirlər”.

 

NİDERLAND RUSİYA DİPLOMATLARININ BIR HISSƏSINI ÖLKƏDƏN ÇIXARIB

Niderlandın Xarici İşlər Nazirliyi Rusiya diplomatlarının bir hissəsinin ölkədən çıxarıldığını, eləcə də Rusiya səfirliyinin Amsterdamdakı ticarət bölməsinin bağlandığını açıqlayıb. “TRT” telekanalının verdiyi xəbərə görə, Niderland XİN-i rəsmi Moskvanı ölkəsinə casuslar göndərməkdə ittiham edib.

Məlumata görə, Rusiya da buna cavab olaraq, niderlandlı diplomatların Moskvada işləməsi üçün viza verməkdən imtina edib.

“Niderland məsələnin həlli üçün yollar tapmağa çalışsa da, Rusiya diplomatik ad altında ölkəmizə kəşfiyyatçı zabitlər yerləşdirməyə cəhd göstərir. Biz buna dözə bilmərik və buna imkan verməyəcəyik”, - deyə XİN başçısı Vopke Hukstra vurğulayıb.

Qərara alınıb ki, Rusiyanın Haaqadakı səfirliyində və Niderlandın Moskvadakı səfirliyində eyni sayda diplomat olmalıdır. Beləliklə, Rusiya səfirliyinin Amsterdamdakı ticarət bölməsi fevralın 21-dən, Niderlandın Sankt-Peterburqdakı baş konsulluğu isə fevralın 20-dən fəaliyyətlərini dayandırıb.

 

ALMANİYA UKRAYNADAKI MÜHARİBƏYƏ GÖRƏ AĞIR BƏDƏL ÖDƏYIR

Almaniya Rusiya-Ukrayna müharibəsi və bununla əlaqədar Avropada elektrik enerjisi xərclərinin artması nəticəsində ötən il 100 milyard avro itirib. “Report”un “Rheinische Post” nəşrinə istinadən verdiyi xəbərə görə, bunu Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun prezidenti Marsel Frasşer bildirib.

İqtisadçının sözlərinə görə, elektrik enerjisi xərclərinin artması Almaniyaya ötən il iqtisadiyyatın məhsuldarlığının təxminən 2,5 faizinə başa gəlib. “Bu xərclər növbəti illərdə artmağa davam edəcək”, - deyə Marsel Frasşer əlavə edib.

Eyni zamanda, iqtisadçı qeyd edib ki, Almaniya bu böhrandan xüsusilə təsirlənib, çünki ölkə Rusiya enerjisindən daha çox asılıdır. Onun sözlərinə görə, Almaniya enerji tutumlu sənayenin yüksək payına malikdir və ixracdan, qlobal təchizat zəncirlərindən hədsiz dərəcədə asılıdır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.