GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

TÜRKAN URMULU

1985-ci ildə qədim mədəniyyət mərkəzlərimizdən biri olan Urmuda anadan olub. Hüquq üzrə bakalavr təhsilini Urmu Universitetində, beynəlxalq hüquq üzrə yüksək "master" təhsilini isə Ankara Universitetində tamamlayıb. Şeirə könül verəndən duyğularını poeziyanın əsrarəngiz dili ilə ifadə etməyə başlayıb.

"Gördüm" adlı ilk şeirlər kitabını 2005-ci ildə Urmuda "Yaz" nəşriyyatı çap edib. 2011-ci ildə Bakıda "Qanun" nəşriyyatında "Özgə toz" adlı ikinci şeirlər kitabı işıq üzü görüb.

Şeir yazmaqla yanaşı, həm Türkiyədə, bu günsə uzaq Amerikanın Los-Anceles şəhərində ədəbi əsərlərin tərcüməsi ilə məşğuldur. Həyat yoldaşı Ramin Cabbarlı ilə birlikdə tərcümə etdikləri əsərlər 2013- ildən etibarən Türkiyənin "Kayak" nəşriyyatı tərəfindən çap olunmağa başlayıb. Türkiyədə yayımlanan "Ban" dərgisinin yazı işləri müdiridir. Dərgi çağdaş Güney Azərbaycan ədəbiyyatını xaricdə tanıtmaq məqsədi ilə fəaliyyət göstərir.

Hələ ən sevdiyim

yağışdır baharlarda anımsayıram

sənlə hülü ağaclarının çiçəklərinə

qonaq gedəcəkdik Urmuda!

Hələ tapıram

o odlu, dumanlı,

başı bəlalı

yurduma adın deyim

Adına qurban Azərbaycana!

Hələ ölürəm mən Anama,

Anamın əllərinə, gözlərinə, qucağına

sevirəm, hələ

sənə "səni sevirəm!" deyən dilimə

Həyə ... həyə ...

Mən ölürəm öz dilimə, özümə, özlüyümə...

Həp, eyniyəm mən, özüməm, buraxdığın kimi!

Heç dəyişməmişəm,

dəliydim yalnız

zır dəliyə dönmüşəm!

 

ƏMİN HACILU

1992-ci ildə Xoy şəhərinin Aşarı kəndində dünyaya göz açıb. Xoy şəhərində ədəbiyyat dil üzrə ali təhsil alıb. İki il Xoy şəhərində "Şəms" ədəbi dərnəyinin müdiri kimi çalışıb. Şeirləri çeşidli dərgilərdə çap olunub. Üstəlik bir neçə roman şeir kitabının da redaktoru olub. 2015-ci ildə Behruz İsmayılzadə ilə birlikdə "Qaralama" manifestini hazırlayaraq ədəbi aləmə təqdim ediblər. "Qaralama şeirin ilkəsidir" adlı məqalə danışıqlar toplusunu çapa hazırlamaqdadır. Əmin Hacılunun "Hər qırmızı bir ad qandır" adlı ilk şeirlər toplusu çap mərhələsindədir. "Birinci sözcüyün keçmişi" adlı ikinci şeir toplusu isə çap izni almaq üçün müvafiq idarəyə təqdim olunub. Ə.Hacılu Təbrizdə yaşayır.

 

İçimdə boğulmuş şair

Pillələrdən çıxırdı dəniz.

Hər basdığında dabanlarını

mozaikə sərilirdi bir quş başı

arxasında yelpəklənirdi mavilər.

Önündə qasırğa burulurdu dalğalarda,

dəniz hecalarından yuxarı basdıqca şeirimin

mən aldanırdım,

balıqçının toruna

uzaqda içimdə boğulmuş bir şairin səsində

su ələnirdi.

Təqdim etdi:

Esmira FUAD,

filologiya elmləri doktoru.