Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Ernesto Çe Qevara

Bu şəxsə həm pərəstiş, həm də nifrət edənlər var, onun sayəsində onlarla dünya brendləri pullar qazanıb. Onu tarixin ən qəddar qatili kimi tanıyanlar isə körpə uşaqları onunla qorxudublar. Üzərində onun fotosunun olduğu köynəkləri geyənlərin, şəklini başının üstündən asanların sayı da az deyil. Qiyamçılar, inqilabçılar üzərində onun məşhur portreti həkk olunmuş köynəklər, papaqları geyməklə özlərini ona bənzədirdilər və dünyanı dəyişdirə biləcəklərinə inanırdılar. Söhbət Kubanın məşhur inqilabçısı Ernesto Çe Qevaradan gedir... Həkim, idealist, intellektual, şair, əlisilahlı mübariz əsgər, yoxsa ərköyün, qəddar, amansız qatil, quldur, bir vaxtlar çiçəklənən Kubanı "konslagerə" çevirmiş Fidel Kastro rejiminin baş cəlladımı? Əslində, kimdir bu adam?

 Bu günədək hər kəsin fikrində Kuba inqilabının ən ideal simvolu kimi qalmış Çe Qevara adı döyüşkən, romantik, həm də inqilabi səslənir, amma bu, sadəcə məşhur inqilabçının ləqəbidir. Onun əsl adı isə Ernesto Linçdir. Onun soyadının belə olması ailəsinin bir tərəfinin irland əsilli olması ilə bağlıdır.

 Hamı bilir ki, Çe Qevara özünün Kubadakı fəaliyyəti ilə məşhurluq qazanıb, amma bununla yanaşı, o, heç zaman kubalı olmayıb. Çe Argentinada, zəngin ailədə dünyaya göz açıb, o, dünyaya gəldikdən sonra atası söyləyib ki, "mənim oğlumun damarlarında irland qiyamçılarının qanı axır!".

 Uşaqlıqdan astmaya tutulan və ömrünün sonuna kimi bu xəstəlikdən əziyyət çəkən Ernestonun təhsili ilə doqquz yaşına qədər evdə anası məşğul olmuşdu. Olduqca özünəməxsus, fərqli bir uşaq olan Ernesto şahmatı sevir və yerli şahmat turnirlərində iştirak edirdi. O, poeziyanı xoşlayır və irihəcmli poetik əsərləri mütaliə edirdi. Məktəbdə onun sevimli fənləri riyaziyyat və texnika idi (o, belə fənn keçirdi). Bir çox tədqiqatçılar hesab edir ki, əgər Çe Qevara bizim günlərdə yaşasaydı, o, yəqin ki, emo hərəkatına qoşulardı. Astmadan əziyyət çəkməsinə baxmayaraq, uşaqlıqdan atletizmlə məşğul olan Ernesto həvəskar reqbi oyunçusu imiş.

 Yuyunmağı heç sevməyən inqilabçı hər zaman çirkli gəzərdi. Ernestonun ləqəbi "Chancho" (donuz) idi. Çe öz xatirələrində belə qeyd edirdi ki, onu kök olduğuna görə deyil, məhz pinti və çirkli olduğu üçün donuz adlandırırdılar. Eyni köynəkdə həftələrlə gəzən Çenin bu davranış tərzi onu ömrünün sonuna qədər tərk etmir. Amma sonralar çətin ki, kimsə onu qorxusundan donuz adlandıra bilərdi, Çe bir göz qırpımında onun həyatına son qoyardı...

Çeni nümunəvi ailə başçısı qismində təsəvvür etmək çətindir, amma buna rəğmən beş uşağı olmuşdur. Onun ilk həyat yoldaşı Hilda Qadeadan bir, Aleida March ilə olan ikinci nikahından isə dörd övladı dünyaya gəlib. Qadınların sevimlisinə çevrilən xarizmatik inqilabçının gizli eşq münasibətlərində də adı hallanıb.

Ernesto Çe Qevara Boliviyada baş verən La Hiquera toqquşması nəticəsində yaralı halda ələ keçirilib, bir gün sonra isə 39 yaşlı inqilabçı öldürülüb. Çe Qevara əlləri olmadan dəfn edilib - onun əlləri tələsik həyata keçirilmiş ölüm hökmündən sonra barmaq izlərinin götürülməsi məqsədilə amputasiya edilərək Buenos-Aires polisinə təhvil verilmişdi. Çe Qevaranın dəfn edildiyi yer son dövrlərə qədər naməlum saxlanılırdı, yalnız 1997-ci ildə onun qalıqları Vallegrande aerodromu yaxınlığında tapılmışdı...

 

Edvard Munk

"Rəsm mənim üçün xəstəlik və sərxoşluq kimidir. Bu elə xəstəlikdir ki, mən ondan qopmaq istəmir və elə sərxoşluqdur ki, ondan ayılmaq istəmirəm". İşinin dəlicəsinə vurğunu olan norveçli rəssam simvolist və ekspessionizmin görkəmli sələfi Edvard Munk özü haqda belə demişdi...

Norveçin Löten vilayətinin Adalsbruk kəndində anadan olan bu rəssamın atası Kristian Munk həkim və din xadimi olub. Anasını çox kiçik yaşlardan vərəm xəstəliyi səbəbindən itirən Edvard və bacı-qardaşları bibisi Karenin himayəsi altında böyüyüblər. Uşaq ikən çox cılız, çəlimsiz olan Edvard qış aylarında tez-tez xəstələndiyi üçün aylarla məktəbə getmirdi. Bu səbəbdən də balaca Edvard boş zamanlarında rəsm çəkməklə məşğul olurdu. Dinin ifratına gedən mömin atası isə oğlunu əyləndirmək üçün tez-tez Edgar Alan Ponun qorxulu, qarabasma hekayələri və ölüm mələklərindən söhbət açırdı. Sonralar Munk yazırdı: "Mənim atam normal biri deyildi, psixi çatışmazlıqları var idi. Mən bəşəriyyətin ən qorxulu düşmənini irsən ondan almışam: dəliliyi. Uşaq ikən tez-tez qorxulu yuxular və qarabasmalar görən Edvarda elə gəlirdi ki, ölüm daim onu izləyir. Munkun bacılarının birinə də çox kiçik yaşlarda ruhi xəstəlik diaqnozu qoyulmuşdu. Demək olar ki, beş bacı-qardaşdan, ancaq Andreas normal idi, o da ailə qurduqdan 5 ay sonra vəfat etmişdi.

Munkun ən məşhur rəsmi "Qışqırıq" İkinci Dünya müharibəsi dövrü ekzistensialist düşüncəsində çarəsizlik və narahatlığın illüstrasiyası kimi qəbul edilmişdir. Amma o, qorxu və vahimə təcrübəsini elə güclü ötürür ki, əvvəllər olduğu kimi, bu gün də müasirdir - çünki Munk insan vəziyyətinin universal, nüanslı psixoloji təzahürlərini əhatə edə bilmək üçün öz şəxsi hekayəsi, travması və ruhi xəstəliyinin hüdudlarından kənarları da görmüşdü.

Rəssamın "Qışqırıq" əsəri "Mona Lizadan" sonra Qərbdə ikinci ən məşhur sənət əsəri hesab edilir. Hətta bu əsər 2012-ci ildə 119 milyon 922 min 500 dollara satılaraq hərraca çıxarılan ən bahalı tablo kimi tarixə düşüb.

Həyatı boyu heç vaxt evlənməyən Edvard Munk psixi problemləri səbəbindən qadınlarla dil tapa bilməyib. Maraqlıdır ki, rəssam iki dəfə aşiq olsa da, sevgililəri özündən də betər psixi xəstə olduqları üçün evlilik baş tutmayıb. Ömrü boyu səfalət içində yaşayan rəssam 80 yaşında ürək çatışmazlığından vəfat edib.

 

Conatan Svift

XVIII əsrin görkəmli ingilis yazıçısı və satira ustası Conatan Svift... Daha çox "Qulliverin səyahəti" əsərləri ilə məşhurlaşan bu yazıçı ağır, əzablarla dolu bir həyat yolu keçirmişdir. Yaşadığı cəmiyyətin haqsızlıqlarını, eybəcərliklərini öz əsərlərində əks etdirmiş, ömrü boyu onlara qarşı mübarizə aparmışdır...

İrlandiyanın Dublin şəhərində pastor ailəsində anadan olan yazıçı hələ dünyaya gəlməmiş atasını itirmiş, yaxın qohumu Qodvinin himayəsində böyüyüb boya-başa çatmışdır. Atasının yolunu davam etdirərək dini təhsil alan gələcəyin yazıçısı bir neçə il ruhani işləmiş, daha sonra isə Dublin kilsəsinə rahib təyin edilmişdir.

Sonralar Conatan siyasi fəaliyyətlə də məşğul olmuşdur. Ədəbi fəaliyyətə də məhz İngiltərədə cərəyan edən ictimai-siyasi hadisələrə dair pamfletlərlə başlamışdır. İngilis əsilli olmasına baxmayaraq, Svift sadə irlandiyalıların hüquqlarını cidd-cəhdlə qorumuş, onların dərin hörmətini qazanmışdır. Müqəddəs Patrik Kilsəsinin dekanı seçilən yazıçı təxminən həmin vaxtlarda özünün məşhur əsəri olan "Qulliverin səyahəti" romanını yazmağa başlayır. Svift bu romanı düz 10 ilə bitirə bilir.

Maraqlıdır ki, məhz Conatan Svift "liliput" və "yahoo" (yahuu) sözünü tapıb və "Qulliverin səyahəti" romanına daxil edib. Ən maraqlısı isə odur ki, müəllif bu romanda bir əsr sonra kəşf ediləcək Mars planetinin peykləri haqqında da məlumat verib.

Svift 32 yaşındaykən "Qoca Svift üçün nəsihətlər və qaydalar"dan ibarət siyahı tərtib edibmiş. Yazıçının ölümündən sonra ortaya çıxan bəzi sənədlər arasından tapılan həmin siyahı gənc Sviftin yaşlı Sviftə yazdığı nəsihətlərindən ibarət imiş.

Deyilənə görə, yazıçı Alzheymer xəstəliyindən əziyyət çəkib. Ətrafındakı insanları tanıya bilməyən Svift onların nitqini anlamaqda çətinliklə üzləşirmiş.

Sonralar xəstəliyi daha da kəskinləşən yazıçı iflic olur. Özünü idarə və özünə qulluq edə bilməyən Svifti yaxın qohumunun himayəsinə verirlər. Qısa müddət sonra isə yazıçı 77 yaşında vəfat edir. Sağlığında hədsiz dərəcədə populyar olan əsərlərindən, o cümlədən "Qulliverin səyahəti"ndən çoxlu pul qazanan yazıçı var-dövlətinin bir hissəsini ruhi xəstəxana tikilməsinə xərclənməsini vəsiyyət edir...

                                    Hazırladı:

Elenora HƏSƏNOVA,

                                                           "Respublika".