Dünyada IQ səviyyəsi azalır?
Son dövrlər bir sıra ölkələrdə aparılan araşdırmaların nəticələri göstərir ki, insanların intellekt səviyyəsi get-gedə azalmaq üzrədir. ABŞ-da aparılan yeni bir araşdırma nəticəsində ölkə əhalisinin IQ (intelligence quotient - idrak kvotası) səviyyəsinin son 100 ildə ilk dəfədir ki, düşdüyü məlum olub.
Almaniyada da pandemiya dövründən bəri uşaqların IQ-də əhəmiyyətli dərəcədə azalma qeydə alınıb. Alimlər bunun səbəbini müasir texnologiyalar vasitəsilə informasiyaların daha asan əldə edilməsi ilə əlaqələndirirlər ki, bu da insanların az düşünməsinə və onların intellektinin aşağı düşməsinə səbəb olur.
ABŞ-ın Oreqon Universitetinin alimlərinin internet vasitəsilə təxminən 400 min nəfər üzərində apardığı araşdırmaya görə, ən çox azalma 18-22 yaşlı gənclər arasında qeydə alınıb. Finlandiyada isə 1997-2009-cu illər arasında ölkə əhalisinin IQ-də 2 pillə azalma müəyyən edilib ki, bu göstəricilər son illərlə müqayisədə 3,8 faiz daha çoxdur.
İngiltərə, Norveç, Danimarka və Avstraliya kimi ölkələrdə də vəziyyət ürəkaçan deyil.
Qeyd edək ki, daha əvvəl aparılan araşdırmalarla da texnologiyanın inkişafının insanların intellektinə mənfi təsir etdiyi məlum olmuşdu. Xüsusilə dil bacarıqlarının və rəqəmləri təhlil etmək qabiliyyətinin sürətlə aşağı düşdüyü bildirilir. Sosial media və internetin IQ səviyyəsinin aşağı düşməsində mühüm rol oynadığına dair fikirlər də səslənir.
Alimlər müasir dövrdə insanların qısa tvitlər və iki dəqiqəlik videolar vasitəsilə məlumatları asanlıqla əldə etməsinin onların zəkasına mənfi təsir etdiyini deyirlər. Onlar insan beyninin min il əvvəl olduğu kimi, eyni şəkildə çalışdığını qeyd etsələr də, get-gedə inkişaf etməkdə olan texnologiyanın zəka səviyyəsinin aşağı düşməsinə səbəb olduğunu söyləyirlər.
Sən demə, göz yaşlarımız...
Göz yaşlarımız, ruhun pəncərəsi olan və yalan söyləməyən gözlərimizin daxili aləmimizi xaricə əks etdirən bir dilidir sanki. Bəzən kədərdən, bəzən isə sevincdən axan bu yaşların tərkib hissəsinə görə də fərqli olduğunu bilirdinizmi?
Sən demə, göz yaşlarımızın tərkib hissəsi duyğularımıza görə dəyişir. Kimyəvi tərkibinə görə göz yaşları 3 növə bölünür: əsas, reflektor və emosional. Əsas göz yaşı daim az miqdarda ifraz olunaraq, buynuz təbəqəni isladır və gözü toz və bakteriyalardan qoruyur. İkinci növə aid edilən reflektor göz yaşı isə orqanizmin yad cism, soğan, buxar və gözyaşardıcı qazlara reaksiyası zamanı ifraz olunur.
Üçüncü isə emosional göz yaşı olub, insanın müsbət və ya mənfi emosiyalar keçirdikdə ifraz olunan yaşlardır. Məhz bu növün tərkibində spesifik prolaktin və AKTK hormonu digərləri ilə müqayisədə daha çoxdur. Bunu, hətta qoxudan da hiss etmək mümkündür.
Telefon şüası bu hormonu azaldırmış...
Texnologiyaların insanları əsir aldığı bir dövrdə cəmiyyətdə istər gənc, istərsə də yaşlı nəsli telefonsuz təsəvvür etmək olmur. Demək olar ki, hər kəsin istifadə etdiyi müxtəlif növ ağıllı telefonların insan orqanizminə ciddi zərər vurduğu məlumdur.
Xərçəng xəstəliyinin də yaranma səbəblərindən biri olan güclü şüalarla zəngin telefonları gecə yatarkən baş ucumuza qoyuruq. Bütün günü əlimizdən düşməyən telefonlar yatarkən də bizi müxtəlif xəstəliklərə sürükləyir. Aparılan araşdırmalar zamanı bəlli olub ki, gecələr telefon şüası həm də yuxunu və oyaqlığı tənzimləyən melatonin hormonunun istehsalını azaldır.
Məlumat üçün qeyd edək ki, yuxu hormonu olan melatonin beyində yerləşən epifiz vəzi (onu həm də "üçüncü göz" adlandırırlar) tərəfindən ifraz olunur ki, onun qandakı səviyyəsi xüsusilə gecə saatlarında qalxır. Melatonin hormonunun ifrazı saat 00:00-dan 04:00-a kimi yüksəlir. Məhz buna görə də insanlar sağlam və cavan qalmaq üçün bu saatlarda mütləq dərin yuxu yatmalıdır. Gecə ərzində ifraz olunan hormon orqanizmi bərpa edir və onu cavanlaşdırır.
Aşağı melatonin hormonu isə əksinə, depressiya, xərçəng xəstəliyi, piylənmə, bir sıra ürək xəstəlikləri və immunitet sisteminin zəifləməsi ilə nəticələnə bilər. Bu səbəbdən də mümkün qədər yuxu rejiminə riayət etmək, gecə saatlarında telefon istifadəsindən qaçmaq tövsiyə olunur.
Tısbağalarla bağlı doğru bildiyimiz yanlışlar
Qeyri-adi görünüşü və maraqlı xüsusiyyətləri ilə fərqlənən heyvanlardan biri də tısbağalardır. Uzunömürlü olmaları ilə də seçilən tısbağalar Yer kürəsinin ən qədim heyvanlarındandır.
Çanağına görə tısbağanı heç bir heyvanla səhv salmaq mümkün deyil. Amma bütün tısbağalar da eyni deyil. Bəziləri yalnız quruda yaşayarkən, bəzilərinin həyatı su ilə bağlıdır. Quruda nə qədər ləng olsalar da, suda məharətli üzgüçü, çox cəld və qıvraqdırlar. Aparılan araşdırmalar zamanı məlum olub ki, su tısbağaları yuvalarından çıxaraq gecə saatlarını ay işığında keçirirlər. Alimlər güman edirlər ki, ay işığı heyvanlara qabıqlarını qurutmağa, zərərli parazitlərdən və virus infeksiyalarından qorunmağa kömək edə bilər. Bundan əlavə, tısbağalar ölçülərinə görə də fərqlənirlər. Dənizdə tısbağanın beş növü məlumdur. Bunlardan ən irisi dərili tısbağadır. Onun çanağının diametri 2 metrə, çəkisi isə 500 kiloqrama çatır. Dərili tısbağaların nəsli hər il daha da azalaraq məhvə doğru gedir. Əvvəllər belə hesab edirdilər ki, buna ətlərinin və yumurtalarının çox dadlı olması üzündən brakonyerlər tərəfindən ovlanması və balıqçı toruna təsadüfən düşərək ölmələri səbəb olur. Amma sonradan belə məlum oldu ki, tısbağalar dənizə atılmış polietilen torbaları meduzalara bənzədərək udduqları üçün boğulurlar.
Ömürləri çox uzun olan tısbağaların bəziləri 100 il və daha artıq yaşaya bilir. Hətta alimlər onların 200-300 il yaşadıqlarını güman edirlər. Ömürlərinin axırlarına qədər çanaqlarını dəyişmirlər. Çanaqları vasitəsilə düşmənlərdən qorunan tısbağaların çoxu hələ erkən yaşlarında - zirehləri bərkiməmiş yırtıcı heyvanlara yem olur. Tısbağanın əsas qənimlərindən biri də insanlardır. Belə ki, onun çanağından bəzək əşyalarının hazırlanmasında istifadə olunur, əti və yumurtası isə bəzi ölkələrdə ən ləziz yemək (delikates) hesab edilir.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".