Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Gözyaşı ilə enerji yığan ağıllı linza

Bu yaxınlarda texnologiya sahəsində daha bir inqilabi yeniliyə imza atılıb. Belə ki, Sinqapurun Nanyang Texnologiya Universitetinin alimləri gözyaşı ilə şarj ola bilən ağıllı kontakt linzalar hazırlayıblar.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, ağıllı linzalar insanın göz bəbəyində yaranan maye yəni gözyaşı ilə enerji toplayır. Bu isə linzaların fasiləsiz şarj olmasına imkan verir. Ümumiyyətlə, linzalar tibb sahəsindəki inqilabi yeniliklərdən biridir. Bu linzalar vasitəsilə insanlar eynəklərə ehtiyac duymur.

Hələ ki, bu linzalar bir çox insanlara tövsiyə edilmir. Lakin vəziyyət yaxın gələcəkdə, yəni təxminən 20 il ərzində tamamilə dəyişə və hərkəs ağıllı kontakt linzalara üstünlük verə bilər. Hətta sinqapurlu elm adamları tərəfindən hazırlanan linzalar bu prosesi daha da sürətləndirəcək. Belə ki, tədqiqatçıların elektrik enerjisi yaratmaq üçün natrium və xlorid ionları ilə reaksiyaya daxil olan qlükoza örtüyündən istifadə edərək hazırladıqları yeni batareya məhz ağıllı kontakt linzaların fasiləsiz olaraq gözyaşı ilə şarj olmasına imkan yaradır.

Məlumat üçün qeyd edək ki, natrium və xlorid insanın gözyaşında mövcuddur. Yeni batareya da bu maddələrin birləşməsindən 201 mikrovatt gücündə 45 mikroamper enerji istehsal etmək qabiliyyətinə malikdir. Lakin hələ də bu texnologiyanın tətbiqi ilə bağlı məhdudiyyətlər var. Belə ki, elm adamları apardıqları sınaq nəticəsində batareyanı yalnız 200 dəfəyə qədər doldurub boşalda biliblər. Hazırda alimlər şarj dövrünü uzatmaq üçün yeni həll yolları axtarırlar.

 

Süni zəka əsaslı bel çantası patentləşdirilib

Son dövrlər bel çantaları bir çox insanın həyatının ayrılmaz hissəsinə çevrilib. Belə ki, bu bel çantaları sayəsində həm noutbuk, həm də digər ləvazimatları rahatlıqla daşımaq olur. "Microsoft" isə həmin bel çantalarını sizə daha yaxın edəcək. "Microsoft" artıq süni zəka əsaslı köməkçiyə sahib smart bel çantasını patentləşdirib.

Patent sənədinə əsasən bu cür bel çantası ətraf mühiti tanıması üçün kamera, mikrofon və digər sensorlarla təchiz olunmalıdır. Sözügedən komponentlər vasitəsilə əldə edilmiş məlumatlar əsasında süni zəka əsaslı rəqəmsal köməkçi istifadəçinin sorğularına düzgün şəkildə reaksiya verə biləcək.

Bel çantasında süni zəka əsaslı rəqəmsal köməkçinin istifadə ssenarisinə misal olaraq ondan lazımi təyinat nöqtəsinə naviqasiyanın təqdim edilməsini istəmək olar. "Microsoft"un fikrincə müasir rəqəmsal köməkçilər smart evlər üçün nəzərdə tutulub və onlar bu cür evlərin sərhədlərindən kənarda faydalı ola bilmir. Ona görə də şirkət süni zəka əsaslı rəqəmsal köməkçiyə sahib olan bu məhsulu nəzərdən keçirir. Patent sənədlərində smart bel çantasının texniki özəllikləri barəsində heç bir məlumat qeyd edilməyib. Həmçinin sözügedən məhsulun nə zaman təqdim olunacağı və satışa çıxacağı da məlum deyil.

 

Ayın səthi daha yüksək temperatura malik imiş

Xatırladaq ki, bu yaxınlarda Hindistan Ay səthində fəaliyyət üçün nəzərdə tutulmuş "Pragyan" adlı robotunu Chandrayaan-3 missiyası çərçivəsində uğurlu şəkildə Ayın cənub qütbünə endirmişdi. Robot artıq fəaliyyətə başlayıb və Ayın cənub qütbünün analizi ilə məşğuldur. Robotun ilk göndərmiş olduğu məlumatlara əsasən, demək olar ki, peykimizin cənub qütbünün səthi olduqca yüksək temperatura sahibdir. Bu fakt alimlər üçün gözlənilməz olub.

"Pragyan"ın tərkibində olan temperatur ölçmə mexanizmi Ay səthinin temperaturunun 10 santimetr dərinliyə kimi ölçülməsini mümkün edir.

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO), həmçinin Ay səthinin müxtəlif dərinliklərdəki temperatur dəyişikliyini əks etdirən qrafiki də sərgiləyib. Müsahibələrinin birində ISRO-nun əməkdaşı B.H.M.Darukesha qeyd edib ki, "Pragyan" tərəfindən əldə edilmiş bu məlumatlar gözlənilməzdir: "Biz hamımız düşünürdük ki, səthdə temperatur 20-30 dərəcə Selsi təşkil edə bilər. Lakin əslində temperatur 70 dərəcə Selsi təşkil edir. Bu, bizim gözlədiyimiz temperatur göstəricisindən yüksəkdir", - deyə ISRO əməkdaşı qeyd edib.

 

Artıq “WhatsApp"da bu da mümkün olacaq

Dünyanın ən populyar mesajlaşma platforması olan "WhatsApp" həmişəki kimi yeniliklər etməkdə davam edir. Bu dəfə isə proqram istifadəçilərinin təhlükəsizliyini qorumaq üçün yeni funksiyanın tətbiqi planlaşdırılır. Belə ki, artıq "WhatsApp" hesabınızı nömrənizdən əlavə olaraq e-poçt ünvanınızla da təsdiqləyə biləcəksiniz.

Yeni funksiya artıq inkişaf mərhələsindədir. Hətta "WhatsApp" proqramının 2.23.18.19 kodlu beta versiyasında yeni funksiyanı sınamaq mümkün olub.

Bundan əlavə, istifadəçilərə təhlükəsizlik üçün əlavə metodlar da təklif edilir. Belə ki, artıq "WhatsApp" istifadəçiləri hesablarını e-poçt ilə də təsdiqləyə biləcəklər. Hazırda platformaya daxil olarkən sadəcə mobil nömrə tələb olunur. Lakin bəzən mobil nömrələr hakerlər tərəfindən ələ keçirildiyindən istifadəçilərin hesabları təhlükə altında qalır. Məhz bunun qarşısını almaq üçün "Meta" platformaya yeni təhlükəsizlik metodu əlavə etmək qərara alınıb. Bu metod hazırda bir çox platforma tərəfindən istifadə edilsə də, "WhatsApp" üçün ilk olacaq. Hələlik e-poçt hesabı ilə yeni profil yaradılıb-yaradılmayacağı məlum deyil. Lakin artıq inkişaf mərhələsində olan bu funksiya ilə ehtiyat nüsxəsi prosesi də asanlaşacaq. Hələlik yeni funksiyanın nə zaman istifadəyə veriləcəyi isə məlum deyil.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".