Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılır
Region

Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılır

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası uğurla davam etdirilir, iqtisadiyyatın möhkəmləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir, yeni və müasir texnologiyalar tətbiq edilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Məhz buna görə də dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətində əsas diqqət insan amilinə, sosial problemlərin həllinə və sağlam vətəndaş cəmiyyətinin formalaşmasına yönəldilib. Demək olar ki, islahatlar həyatın bütün sahələrini əhatə edir. İdaretmədə aparılan islahatların əsas məqsədi vətəndaş haqlarının qorunması və şikayətlərin aradan qaldırılması, ədalətin pozulmamasıdır. Ölkəmizin sosial, iqtisadi, mədəni həyatında dərin iz buraxan, bir çox uğurlar qazanılan illər bir-birini əvəz edir. Qürurla deyə bilərik ki, Azərbaycanın inkişafı və tərəqqisi davamlı və dayanıqlı xarakter alıb, bu irəliləyiş bölgələrin timsalında özünü daha qabarıq büruzə verir. Füzuli rayonu da Ermənistan işğalının ağır nəticələrinə baxmayaraq, son illər inkişaf edir, qəsəbələrin və kəndlərin görkəmi dəyişir, yeni iş yerləri açılır, insanların güzəranı yaxşılaşır.

Füzuli rayonunda cari ilin birinci rübündə görülmüş işlər, vətəndaş müraciətlərinin təhlili və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri, digər aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, sahibkarlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək bildirib ki, Füzulidə sahibkarlığın və özəl sektorun inkişafına münbit şərait yaradılıb, əsassız müdaxilələrin qarşısı alınıb. Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə yaradılan rəqəmsal icra hakimiyyəti elektron sistemi öz üstünlüklərini göstərir. Belə ki, vətəndaşlar vaxt itirmədən qısa müddət ərzində rayon icra hakimiyyətinin və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin səlahiyyətlərinə aid olan sənədləri onlayn qaydada əldə edir və qəbula yazılırlar. Qeyd olunub ki, 2023-cü ilin birinci rübündə vətəndaşlara adıçəkilən dövlət qurumlarına getmədən ailə vəziyyətini təsdiq edən 1013 arayış verilib. Bununla yanaşı, artıq rayonda ASAN müraciət informasiya sisteminin aktiv olması da vətəndaş məmnunluğu yaradır.

Müşavirədə çıxış edən vətəndaşlar rayon ərazisində şəkərli diabet xəstələrinə dərmanların vaxtında çatdırılmaması, təcili tibbi yardım xidmətinin təşkili, yollarda hərəkətin sıxlığını nəzərə alaraq kamera və radarların quraşdırılması, içməli və suvarma suyu ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması, sahibsiz itlərin yaşayış məntəqələrindən uzaqlaşdırılması, Böyük Bəhmənli kəndində örüş sahəsinin qanunsuz zəbt olunması haqqında məlumat veriblər. Rayon rəhbəri vətəndaş müraciətlərində qaldırılan məsələlərə cavabdeh olan xidmət təşkilatlarının rəhbərlərinə ciddi irad bildirib və mövcud problemlərin qısa müddət ərzində həll olunması üçün tapşırıqlar verib. Diqqətə çatdırılıb ki, möhtərəm Prezidentimiz İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələri rəhbər tutan rayon icra hakimiyyətində yerlərdə qəbul və səyyar görüşlərin keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsinə həssaslıqla yanaşılır, doğma rayonun inkişafı və çiçəklənməsi üçün mütəşəkkillik nümayiş etdirilir. Qürur hissi ilə qeyd olunub ki, füzulili keçmiş məcburi köçkünlər dövlətimizin qayğısı sayəsində öz dədə-baba yurdlarına qayıtmağa hazırlaşırlar.

Salman ALIOĞLU,

"Respublika".