Əməyimizin qiymətləndirilməsi bizi ruhlandırır
Region

Əməyimizin qiymətləndirilməsi bizi ruhlandırır

Xalqımızın tarixində əvəzsiz xidmətləri, əzmkarlığı, işgüzarlığı, ictimai-siyasi fəallığı, ailəyə və dövlətçiliyə bağlılığı ilə seçilən qadınlarımız həmişə olub. Ən çətin məqamlarda fərqlənməklə həm də vətənə və dövlətə ləyaqətli övlad tərbiyə ediblər. Tarixi  qələbəmizdə xüsusi rolu olan qadınlarla, şəhid və qazi anaları ilə qürur hissi keçirən xalqımız onlara əbədi ehtiramını ifadə edir. Beynəlxalq Qadınlar Günü ərəfəsində ürək sözlərini, arzu və istəklərini öyrənmək üçün Şamaxı rayonunda bir neçə qadınla həmsöhbət oldum.

YAP rayon təşkilatının kadr məsələləri üzrə məsləhətçisi Fidan Abdulrazaqova bildirdi ki, Azərbaycan qadını tarix boyu öz zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, millətinə, torpağına olan hədsiz məhəbbəti, mərdliyi, eləcə də gözəlliyi ilə tanınmışdır. Bununla bərabər, Azərbaycan qadınlarının üzərinə böyük vəzifələr düşmüş və onlar bunun öhdəsindən mərdliklə gəlmişlər.

Ulu Öndər Heydər Əliyev cəmiyyətin inkişafını qadınlarsız təsəvvür etmədiyini bildirir, idarəetmədə, ictimai-siyasi həyatda onların roluna geniş yer verirdi. Dövlətçiliyimiz qadınlar üçün çox əziz, qiymətlidir. Ailəlikcə üzvü olduğumuz Yeni Azərbaycan Partiyasında qadınların çoxluq təşkil etməsi və onların fəaliyyətinə dəyər verilməsi bizi sevindirir.

Biz həmişə möhtərəm  Prezidentimizin ətrafında olmaqdan qürur duyuruq. Bununla yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqı üçün əvəzsiz fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdə böyük rolunu durmadan artırır. Bununla da qadınlarımız  dünyada örnək hesab olunur.  Bu gün ölkəmizin regionda və dünyada qazandığı bütün uğurları hər bir qadın kimi mən də yüksək qiymətləndirirəm. Dövlət başçımız İlham Əliyevin xalqımızın yekdil səsi ilə növbəti dövr üçün Prezident seçilməsi daha böyük uğurlar qazanacağımızı təsdiqləyir. Çünki qadın üçün həyatda ən böyük istək əmin-amanlıq şəraitində xoşbəxt yaşamaqdır. Ölkəmizdə bu istiqamətdə görülən bütün işlər qadınların ürəyincədir.

Şamaxı şəhər 2 saylı tam orta məktəbinin fizika müəllimi, STEAM layihələri iştirakçısı Könül Məmmədova qeyd etdi ki, hər bir ölkənin dinamik inkişafı güclü kadr potensialı ilə bağlıdır. Bu səbəbdən də dövlət siyasətinə uyğun olaraq ölkəmizdə təhsil sistemi daima yenilənir. Məlumat üçün qeyd edim ki, 2019-cu ildə rayonda baş verən güclü zəlzələ nəticəsində məktəbimizin binası da qəzalı vəziyyətə düşmüşdü. Hadisədən dərhal sonra Prezident İlham Əliyev rayona səfər edərək vəziyyətlə yerində tanış oldu və müvafiq  qurumlara yeni məktəbin tikintisi barədə göstəriş verdi.  Qısa vaxt ərzində məktəbimiz müasir qaydada yenidən tikildi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond tərəfindən təhsil ocağına lazımi avadanlıqlar verildi. Kollektivimizin hər bir üzvü kimi, valideynlər də bunu dövlət başçısının və birinci xanımın xalqa qayğısı kimi yüksək dəyərləndirir. Məktəbimizdə təhsil üçün müasir şəraitin yaradılması müəllimlərlə bərabər, şagirdlərin də üzərinə düşən məsuliyyət hissini artırır. Əsasən qadınlardan formalaşan kollektivimiz dövlətin bu yüksək qayğısına əməli işi ilə cavab vermək üçün şagirdlərimizin vətənpərvər və savadlı olmasına çalışır.

Şagirdlərimiz respublika üzrə fənn olimpiadalarında dəfələrlə yüksək medallara layiq görülüb. Onlar istədikləri ali məktəblərdə təhsil almaqla ölkəmiz üçün dəyərli mütəxəssis kimi formalaşırlar. İstəyirik ki, yaradıcı uşaqlar üçün bir qrup açaq, şagirdlər informasiya texnologiyasından son dərəcə yüksək səviyyədə istifadə etsinlər. Dövlət başçısı tərəfindən qadınların cəmiyyətdə roluna yüksək dəyərin verilməsi bizi sevindirir və bunu hər birimiz rəğbətlə qarşılayırıq.

M.NƏRİMANOĞLU,

"Respublika".