Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "İlk mikrosxemin ixtirası"nı oxuculara təqdim edirik.

"Respublika".

İlk mikrosxemin ixtirası

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən biri də 1958-ci ildə Cek Kilbi və Robert Noys tərəfindən ilk mikrosxemin ixtira edilməsidir. XX əsrin ən böyük nailiyyətlərindən biri hesab edilən bu ixtira kompüter texnologiyasının inkişafına təkan vermişdir. Məhz bu ixtira sayəsində kompüter texnologiyası böyük sürətlə inkişaf etmiş, həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

Bu gün dünyamızı kompütersiz təsəvvür etmək demək olar ki, mümkün deyil. Əqli fəaliyyətin, iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada kompüter texnologiyası tətbiq edilməsin.  Kompüterlərin yaranmasından xeyli zaman keçməsinə baxmayaraq, bu müddət ərzində onlar çox böyük sürətlə inkişaf etmişdir. Bu inkişaf yolu kompüterlərin istehsalında, həcmində və funksionallığında  açıq şəkildə  özünü büruzə verir. Gəlin, dünyanın düzənini dəyişdirən və bugünkü həyatımızı asanlaşdıran kompüter texnologiyasının tarixinə qısa da olsa ekskurs edək...

İlk kompüterlər böyük həcmli və yüksək dəqiqlik tələb edən hesablamalar aparmaq, hesablama proseslərini avtomatlaşdırmaq zərurətindən yaradılmışdır. Kompüterlərin yaradılmasından xeyli zaman keçməsinə baxmayaraq, bu müddət ərzində onların istehsalı çox böyük kəmiyyət və keyfiyyət dəyişikliyinə məruz qalmışdır. Kompüterlər böyük həcmli, xidmət üçün çoxsaylı yüksəkixtisaslı işçi heyəti tələb edən və yalnız hesablama əməliyyatı aparmağa qadir olan, istehsalı və istismarı böyük xərc tələb edən lampalı nəhənglərdən kiçik ölçülü, kütləvi istehsal edilən, maya dəyəri az, insan fəaliyyətinin bütün sahələrinə nüfuz etmiş bir əmək alətinə çevrilmişdir.

Kompüterlərin əsas iş prinsipləri XX əsrin 1940-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-ın Pensilvaniya ştatında Con Mokli va Presper Ekkertin rəhbərliyi altında ENIAC adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir. Məhz həmin tarix kompüterlərin yaranma tarixi hesab olunur. Lakin qeyd etmək lazımdır ki, bəzi mənbələrdə ilk kompüterin 1943-cü ildə məşhur alim Allan Turingin rəhbərliyi altında Böyük Britaniyada yaradıldığı və İkinci Dünya müharibəsində alman məxfi məlumatlarının "oxunması" üçün istifadə edilən "Collos" kompüterinin olması iddia edilir. Lakin əksər alimlər "Collos" kompüterinin texniki imkanlarının zəif olması səbəbindən onu yalnız kompüter yaradılmasında atılan önəmli addımlardan biri hesab edərək "kompüter erası"nın məhz ENIAC kompüterilə başlandığını qəbul edirlər.

Kompüter texnologiyasının inkişafı sürətli təkamül yolu keçmiş və bu gün də təkmilləşməkdə davam edir. Kompüterlərin təkamülü beş mərhələ ilə xarakterizə olunur:

I nəsil kompüterlərin istehsal mərhələsi ENIAC kompüterinin yaradılması ilə başlayır və 1946-1958-ci illəri əhatə edir. Birinci nəsil kompüterlərin element bazası çoxsaylı elektron lampalar idi. Onlardan elmi-texniki məsələlərin həlli üçün istifadə olunurdu. Həddən artıq baha olduğundan əsasən hərbi-sənaye kompleksində və dövlət təşkilatlarında istifadə edilirdi. Bu kompüterlər böyük həcmə və kütləyə malik idi. Elektron lampalar böyük həcmli elektrik enerjisi sərf edir və tez qızırdı. Həmçinin elektron lampaların istismar müddəti qısa olduğundan kompüterlər texniki cəhətdən də etibarlı deyildi. Kompüterlərin operativ yaddaşı da zəif idi.  İlk vaxtlar operativ yaddaş qurğusu olaraq civə doldurulmuş kiçik diametrli borulardan, sonra isə ferromaqnitlərdən istifadə olunmuşdur.

Birinci nəsil kompüterlər üçün proqramlar konkret kompüter üçün unikal olan "maşın dilində" tərtib edilirdi. Bu proqramlar həddən artıq mürəkkəb olub, onları yazmaq üçün proqramlaşdırıcıdan kompüterin arxitekturasını dəqiq bilməyi tələb edirdi. Proqramın daxil olunması və yerinə yetirilməsi idarəetmə blokunun açarları vasitəsilə həyata keçirilirdi.

II nəsil kompüterlərin istehsal mərhələsi isə 1955-1967-ci illəri əhatə edir. Bu nəslə aid olan kompüterlərin element bazası əsasən yarımkeçiricilərdən ibarət kompüterlərdir. Bu kompüterlərdə elektron lampaları Bell Laboratories (ABŞ) firmasında Nobel mükafatı laureatları Uilyam Şokli, Uolter Bratteyn və Con Bardin tərəfindən yaradılmış tranzistorlar əvəz etdi. Tranzistorlar kiçik ölçüyə malik olub, daha davamlı, elektrik enerjisinə az tələbkar idi və təqribən 40 ədəd elektron lampanı əvəz edə bilirdi. Bunun nəticəsində kompüterlərin həcmi və kütləsi dəfələrlə kiçildi, elektrik enerjisinə tələbat azaldı, maya və istismar dəyəri ucuzlaşdı. Eyni zamanda məhsuldarlığı, funksional imkanları, etibarlılığı dəfələrlə yüksəldi.  Daha sonralar isə ikinci nəsil kompüterlər üçün xüsusi sistem proqram təminatı, o cümlədən informasiyanın paket emalı sistemləri, sonralar əməliyyat sistemləri yaradıldı.

Kompüterlərin ucuzlaşması və proqram təminatının inkişafı onların tətbiq sahəsini xeyli genişləndirdi. Kompüterlər artıq elmi-texniki hesablamalar aparmaqla yanaşı, maliyyə-iqtisadi, istehsal-texnoloji proseslərin avtomatlaşdırılması üçün tətbiq edilməyə başlandı. Artıq onlardan daha çox biznes müəssisələrində, təhsil və layihələndirmə mərkəzlərində geniş istifadə olundu.

III nəsil kompüterlərin istehsalı isə 1975-ci illərə qədər olan dövrü əhatə edir. Üçüncü nəsil kompüterlərin element bazalarını inteqral sxemlər və ya mikrosxemlər təşkil edir. İlk mikrosxemlər 1958-ci ildə Cek Kilbi və Robert Noys tərəfindən yaradılmışdır. Mikrosxemlər təqribən 10 kvadratmillimetr ölçüyə malik olub, on min tranzistoru əvəz etməyə qadirdir. Bu isə kompüterlərin sürətlə miniatürləşməsini və ucuzlaşmasını təmin etdi. Bununla yanaşı, üçüncü nəsil kompüterlərin məhsuldarlığı kəskin şəkildə yüksəldi. Artıq kompüterlərdə 100 kilobaytlarla ölçülən operativ yaddaşlar tətbiq olunurdu, onlar saniyədə 10 milyon əməliyyat yerinə yetirə bilirdi. Miniatürləşmə ilə paralel olaraq kompüterlərin arxitekturasında köklü dəyişiklik baş verdi. Xarici yaddaş qurğusu olaraq maqnit disklərindən diski oxuyan qurğulardan- diskovodlardan istifadə edildi. Bir sıra xüsusi təyinatlı kompüterlər, məsələn, kosmik raketlərdə, aviasiyada və gəmilərdə istifadə edilən bortkompüterlər meydana gəldi. Bununla yanaşı, az təqribən 4 kilovat enerji sərf edən minikompüterlərin istehsalına başlandı.

IV nəsil kompüterlərin istehsal  mərhələsi böyük inteqral sxemlərin kompüter istehsalında tətbiqi ilə 1974-1976-cı ildən başlamışdır. Böyük inteqral sxemlər bir kristal üzərində minlərlə tranzistor və digər elektron komponentləri birləşdirməyi təmin etdi. Bunun nəticəsində əvvəllər ayrı-ayrı elementlərdən ibarət olan kompüterin funksional qurğularını böyük inteqral sxemlər əvəz etdi. Məsələn, böyük inteqral sxemlərdən ibarət olan mikroprosessorlar, xarici qurğu kontrollerləri, operativ yaddaş və digər qurğular yaradıldı. Bununla da kompüterlərin məhsuldarlığı və etibarlığı dəfələrlə yüksəldi.

Altair adlı ilk mikrokompüter 1974-1975-ci ildə Intel 8080 mikroprosessoru əsasında istehsal olundu ki, bununla da insanlar ucuz, az enerji sərf edən, istifadə üçün həddən artıq rahat və əlaverişli olan fərdi kompüterlər əldə etdilər. 1981-ci ildə İBM firması fərdi kompüterlərin kütləvi istehsalına başladı və mikroprosessorlar istehsal edən Intel firması ilə əməkdaşlıq edərək fərdi kompüterlərin əsas istehsalçısına çevrildi.

V nəsil kompüterlərin yaradılması isə müasir dövrü əhatə edir və məqsəd yeni və ən yeni elektron texnologiyalara əsaslanan müasir və gələcəyin kompüterlərinin istehsalını təşkil etməkdir. V nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə - süni intellekt sistemlərinin təşkilinə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verməlidir. Hazırda neyron, qeyri-səlis məntiq - Fuzzu nəzəriyyəsinə əsaslanan yeni texnologiyaları və nano texnologiyaları tətbiq etməklə bio və optik neyrokompüterlərin yaradılması nəzərdə tutulur.

Bu gün kompüter texnologiyasındakı son inkişaf tamamilə heyrətamiz görünür - bizə elektron kompüteri insan beyni ilə birləşdirməyi təklif edirlər! Kompüterin bu cür kiborqlaşdırılması insan beynindəki xüsusi neyron implantlarına elektrodlarla bir növ polimer tor yapışdırmağı nəzərdə tutur.

Beləliklə, kompüter güclü və yığcam formaya düşənədək uzun bir yol keçmişdir. Lakin onun inkişafı hələ də davam edir. Bir gün  bu cihazın tanınmaz dərəcədə yenilənərək hər birimizin həyatını kökündən dəyişə biləcəyi də istisna deyil.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".