HƏR DAŞIN ALTINDA BİR TARİX YATIR
Region

HƏR DAŞIN ALTINDA BİR TARİX YATIR

Masallı ulu keçmişə, qədim tarixə malik səfalı, əsrarəngiz bir diyardır. Azərbaycanın cənub-şərqində ilk dəfə olaraq rayonun Hişkədərə kəndində tunc, dəmir daş dövrlərinə aid abidələr, maddi-mədəniyyət nümunələri tapılmışdır. Bu tapıntılar forma hazırlanma texnikasına görə son Mustye dövrü üçün səciyyəvidir. Görkəmli arxeoloq-alim Əsədulla Cəfərovun fikrincə Üst-Paleolit dövrünə aid olan bu əmək alətləri olduqca nəcib işlənmiş çaxmaq daşından hazırlanmışdır.

Kəndin "Mirzəgül", "Xudabaxış yurdu" adlanan yaşayış ərazisində tapılmış qaşov, nizə ucluğu, daş alətlər (balta, toppuz, həvəngdəstə, toxa s.) 5 min il yaşı olan maddi-mədəniyyət nümunələridir.

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin ilk dəfə bu qədim yurd yerində - Hişkədərə kəndində yaradılması heç təsadüfi deyildir. Muzeyin təşəbbüskarı yaradıcısı əvvəllər partiya təsərrüfat işində rəhbər vəzifələrdə çalışmış, sonralar doğma kənd məktəbində müəllim işləmiş, İkinci Dünya müharibəsinin veteranı, respublikanın Əməkdar müəllimi Rəhim Tağıyev olmuşdur.

1963- ildə Rəhim müəllim muzeyi əvvəl işlədiyi məktəbdə yaradıb. Kiçik bir otaqda xış, boyunduruq, kotan, araba təkərləri, uzaq əsrlərdə insanların məişətdə işlətdikləri saxsı mis qablar, kəndin ərazisində tapılmış dəmir, gümüş pullar, digər maddi-mədəniyyət nümunələri qorunub nümayiş etdirilib.

Bu vətənpərvər müəllim, işıqlı ziyalı 15 il ictimai əsaslarla muzeyə rəhbərlik edib, heç bir dövlət vəsaiti almadan çoxlu eksponatlar toplayıb. O illərdə muzeyin şöhrəti respublikamızın bütün guşələrinə yayılıb. Buraya Azərbaycanın şəhər rayonlarından, hətta uzaq diyarlardan ekskursiyaya gəlirdilər.

Rəhim müəllimin təşəbbüsü ilə 1976- ildə Hişkədərə kəndində Masallı Tarix-Diyarşünaslıq Muzeyi üçün təzə bina tikilib. 1977-ci ilin sentyabr ayında muzeyə dövlət   müəssisəsi statusu verilib. Bir il sonra muzeyin təntənəli şəkildə açılış mərasimi keçirilib. Rəhim Tağıyev 2001-ci ilədək  yaratdığı muzeyin direktoru vəzifəsində işləyib. Mədəniyyət sahəsindəki xidmətləri mükafatlara layiq görülüb.

Ölkəmizdə muzey işinin yüksək səviyyədə təşkil olunması, bu sahədə daha modern layihələrin tətbiq edilməsi, ən əsası əhali, xüsusilə gənclər arasında tariximizə marağın artırılması ilə bağlı həyata keçirilən tədbirlərin geniş vüsət alması Masallı Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyətinin yenidən təşkili, muzeyin təyinatına uyğun yeni binada yerləşdirilməsi zərurətini yaradıb. Mədəniyyətimizin qayğıkeşi himayədarı Azərbaycan Prezidenti İlham Əliyevin 2013- il 11 sentyabr tarixli Sərəncamı ilə Masallı şəhərində muzeyin tikilməsi üçün  2 milyon manat vəsait ayrılıb. 2014- ildə tikinti işlərinə başlanılıb. Üçmərtəbəli muzey binasında inşaat işləri 2016- ilin iyulunda başa çatdırılıb.

Muzeyin Hişkədərə kəndində yerləşən eksponatları təzə binaya köçürülüb. Mədəniyyət Nazirliyinin xüsusi briqadası tərəfindən burada müasir standartlara uyğun tərtibat işləri aparılıb. Ümumi sahəsi 1400  kvadratmetr olan muzeyin ekspozisiya zalı 2 mərtəbəni əhatə edir. Muzeyin fondu kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltəraşlıq, tətbiqi-incəsənət, arxeologiya, numizmatika, etnoqrafiya, fotoşəkillər, sənədlər bölməsindən ibarətdir. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayon haqqında məlumatlar toplanıb.

Muzeyin fondunda   bölgənin tarixini əks etdirən 9 mindən çox dəyərli eksponat  vardır. Burada dövlətçilik tariximizə xüsusi yer verilib. Müstəqil Azərbaycan dövlətinin qurucusu banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin Prezident İlham Əliyevin həyat dövlətçilik fəaliyyətlərini əks etdirən fotoşəkillərdən digər qiymətli sənədlərdən ibarət guşələr yaradılıb. Muzeyin mansar hissəsində rəsm otağı, sərgi zalı, fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalı yerləşir.

2016- il sentyabr ayının 3- möhtərəm Prezidentimiz İlham Əliyev  Masallıya növbəti səfəri zamanı R.Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

2005-ci ildən muzey əsl mədəniyyət fədaisi, vətənpərvər ziyalı Rəhim Tağıyevin adını daşıyır. Hazırda muzeyə onun qızı, respublikanın Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva rəhbərlik edir. Əntiqə xanım ölkəmizdə mədəniyyətin inkişafına göstərilən dövlət qayğısından ürəkdolusu söhbət açaraq deyir:

- Müasir üslubda tikilmiş bu yaraşıqlı, üçmərtəbəli muzey binası möhtərəm Prezidentimizin masallılılara gözəl hədiyyəsidir. Muzeydə toplanan zəngin materiallar demək olar ki, bütün tarixi mərhələləri  dolğun əks etdirir. Tarixin müxtəlif dövrlərinə aid  arxeoloji tapıntılar, məişət əşyaları, əmək alətləri, zinət, bəzək əşyaları, silahlar, milli geyim nümunələri, tarixi sənədlər ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Muzey yarandığı vaxtdan 19 rəy kitabında qonaqların ürək sözləri toplanıb. Kollektivimiz yüksək dövlət qayğısından ruhlanaraq daha yaxşı işləməyə, mədəniyyətimizin inkişafına yeni töhfələr verməyə çalışır.

Əlisəfa HƏSƏNOV,

"Respublika".