Görülən işlər miqyası və əhəmiyyəti ilə seçilir
İQTİSADİYYAT

Görülən işlər miqyası və əhəmiyyəti ilə seçilir

Son illər respublikamızın enerji sisteminin etibarlılığının təmin edilməsi bu sahədə mükəmməl infrastrukturun yaradılması istiqamətində təqdirəlayiq işlər görülür. Ölkəmizdə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə dünya standartları səviyyəsinə çatdırılmasına maksimum səy göstərilir. Hazırda Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisini ixrac da edir. Vurğulamaq lazımdır ki, Vətən müharibəsində tarixi qələbəmizdən sonra işğaldan azad olunmuş ərazilərdə energetiklər uğurlu layihələr həyata keçirirlər.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2015-ci ildə "Azərişıq" Səhmdar Cəmiyyəti yaradılmışdır. Hazırda bu kollektivdə təcrübəli energetiklər çalışır. Abonentlər fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təmin olunur, qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur.

"Azərişıq" ASC-nin məqsədyönlü fəaliyyəti sayəsində Abşeron rayonunda son illər müsbət dəyişikliklər müşahidə olunur, xidmət işi abonentləri razı salır.

Rayon Enerji Təchizatı Satışı İdarəsi bu gün müasir tipli binada fəaliyyət göstərir. İdarənin rəisi, təcrübəli energetik Zaur Şirəliyevlə ərazidə görüşdük. O, bizi maraqlandıran məsələlərə aydınlıq gətirdi:

- 2023- ildə kollektivimiz ikiqat səylə çalışır. İş prosesində mütərəqqi metodların tətbiqinə geniş yer verilir. Prezident İlham Əliyevin belə bir fikrini xatırlamaq yerinə düşərdi: "Biz çox müasir enerji sistemimizi yaratdıq bu gün dayanıqlı enerji təchizatı ölkə üzrə çoxdan təmin edilib. Bundan əlavə, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib. Yüksəkgərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi, bir çox yerlərdə yeni yarımstansiyalar tikildi, transformatorlar quraşdırıldı. Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanmışam vətəndaşlardan soruşuram ki, enerji ilə təminat necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu məni çox sevindirir. Bu onu göstərir ki, "Azərenerji" "Azərişıq" bu istiqamətdə çox böyük işlər görürlər...".

Hazırda rayonun əhali sektorunda 123800, qeyri-əhali sektorunda 3800 abonent qeydə alınmışdır. Cari ilin ötən 4 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə yığım 1,2 faiz artmışdır. Aprel ayında isə satış tapşırığı 104,4 faizlə yerinə yetirilmişdir. Həmçinin istismar müddəti bitmiş 13046 ədəd sayğac yenisi ilə əvəz olunmuş, Masazır Qobu kəndlərində 2 ədəd yeni güc mərkəzləri yaradılmış, Atyalı ərazisində 35 kilovoltluq yarımstansiya tikilmişdir.

Qeyd etmək lazımdır ki, gərginliyi aşağı olan ərazilərdə yeni fiderlər quraşdırılmış, 500 ədəd dayaq rənglənmişdir.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon kv/saat enerji itkisinin qarşısı alınmışdır. Zaur Şirəliyev sözünə davam edərək vurğuladı ki, Enerji Təchizatı Satışı İdarəsində gənc kadrların işə qəbul olunmasına önəm verilir. Əlbəttə, bu da işin ahəngdarlığının təmin olunmasında müstəsna rol oynayır. İlin ötən 4 ayında 20 nəfər gənc işə qəbul olunmuşdur.

Dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri müasir avadanlıqların alınıb quraşdırılması, yüksək texnologiyaların tətbiqi müasir tədris prosesinin yaradılmasını labüd edir. Bu istiqamətdə kadr kadr hazırlığı problemini uğurla həll etmək, cəmiyyətə tələb olunan təcrübəli kadr potensialını vermək üçün "Azərişıq" ASC tərəfindən bir neçə il əvvəl Tədris Mərkəzi yaradılmışdır.

Elektrik şəbəkələrində müasir texniki avadanlıqların quraşdırılması məqsədilə Abşeron rayonunda energetika sistemində yeni əmək fəaliyyətinə başlayan gənclər Tədris Mərkəzində fəaliyyət göstərən kurslara cəlb olunur burada xeyli təcrübə toplayırlar.

Energetiklər çalışırlar ki, ilin birinci yarısında uğurlu nəticələrə imza atsınlar.

Qədir ASLAN,

"Respublika".